Accessibility links

Azərbaycanda parlament seçkilərinin nəticələrini tanımayan ictimai-siyasi qüvvələr İctimai Palata yaradıb


Azərbaycanda parlament seçkilərinin nəticələrini tanımayan ictimai-siyasi qüvvələr İctimai Palata yaradıb

Azərbaycanda parlament seçkilərinin nəticələrini tanımayan ictimai-siyasi qüvvələr İctimai Palata yaradıb

Demokratiya Uğrunda Vətəndaş Hərəkatı - İctimai Palatanın yaradılması ilə bağlı Forum keçirilib

Müxalifətdə olan Müsavat Partiyasının qərargahında ictimai-siyasi qüvvələrin iştirakı ilə Demokratiya Uğrunda Vətəndaş Hərəkatı -İctimai Palatanın yaradılması ilə bağlı Forum keçirilib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər bu məqsədlə noyabrın 23-də və dekabrın 14-də iki Forum keçirildiyini və yalnız bu günki Forumda İctimai Palatanın yaradılması barədə razılıq əldə edildiyini söyləyib.
İctimai Palatanın yaradılması haqqında Bəyannamədə hakimiyyətin son parlament seçkilərində ziyalıları, real müxalifəti parlamentə buraxmaması bütünlükdə xalqın hakimiyyətin idarə edilməsindən kənarda saxlanması kimi dəyərləndirilir. İctimai Palatanın qeyri-zorakı, dinc üsullarla, qanun çərçivəsində mübarizə apardığı nəzərə çatdırılır.

Sənəddə həmçinin son zamanlar hakimiyyətin beynəlxalq səviyyədə ciddi tənqid və ittihamlara məruz qalması iqtidarın beynəlxalq dayaqlarının laxlaması və zəifləməsi kimi qiymətləndirilir.

Müsavat lideri İsa Qəmbər İctimai Palatanın, Koordinasiya Şurasının yaradılmasının ölkədə əsaslı və ciddi dəyişikliklərə səbəb olacağını deyib, 28 dekabrı tarixə düşəcək şərəfli gün adlandırıb.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirib ki, İctimai Palata ictimai maraqların təmin edilməsi əsasında yaradılıb.

Cənab Kərimli 28 dekabrı ciddi təşkilatlanma günü kimi dəyərləndirib. “Palatanın Koordinasiya Şurası yaradılıb, burada komitə və komissiyalar, işçi qruplar fəaliyyət göstərəcək. Əsasnaməyə əsasən, Koordinasiya Şurası hər ayda bir dəfə toplanacaq, günün tələblərindən doğan layihələr hazırlayacaq”.
AXCP sədri ilk münasibət bildiriləcək məsələnin seçkilərdən sonrakı bahalaşma olacağını deyib. Bununla yanaşı, Qarabağ problemi, seçkilər məsələsinə münasibət ifadə ediləcəyini qeyd edib. “İctimai Palatanın əsas missiyası cəmiyyətdə köklü dəyişikliklərə nail olmaq üçün strategiyanın hazırlanması, cəmiyyətdə konsensusa nail olunmasıdır”, -deyə o qeyd edib.
Hakimiyyətin xalqın demokratiyaya hazır olmaması tezisini əsassız sayan cənab Kərimli Azərbaycanda demokratiyaya iqtidar adlı kiçik bir qrupun hazır olmadığını deyib. “İctimai Palata dünyaya Azərbaycan cəmiyyətinin demokratiyaya hazır olmasını nümayiş etdirən alət olacaq”.

Daha sonra Koordinasiya Şurasının tərkibi açıqlanıb. Müsavat partiyasının başqanı İsa Qəmbər, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, keçmiş baş nazir Pənah Hüseyn, ictimai qüvvələrdən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı, hüquqşünas Ənnağı Hacıbəyli, DEVAMM sədri İlqar İbrahimoğlu, Bütöv Azərbaycan Birliyinin təmsilçisi Aqil Səmədbəyli, vəkil Vidadi Mirkamal şuranın üzvü seçilib.

XS
SM
MD
LG