Accessibility links

Paytaxt Bakının küçələri və ölkənin magistral avtomobil yolları buz bağlayıb. Beynəlxalq Avtovağzalı yaxınlığında 30-dək avtomobil eyni vaxtda toqquşub

Güclü küləklə müşayiət olunan qar yağması Bakıda və ölkənin bir çox regionlarında
çətinliklər yaradıb. Təhsil nazirinin əmri ilə orta ümumtəhsil məktəblərində dərslər həftənin sonunadək dayandırılıb.
Paytaxt Bakının yolları və ölkənin magistral avtomobil yolları buz bağlayıb. Güclü çovğun olduğundan yollara səpilən duzun üzərini dərhal qar örtür və bu səbəbdən də buzlaşmanı aradan qaldırmaq mümkünsüz olub. Son gündə avtoqəzalarda 3 nəfər ölüb. Bakının Beynəlxalq Avtovağzalı yaxınlığında 30-dək avtomobil eyni vaxtda toqquşub.
Şəhərlərdə ictimai nəqliyyat fasilələrlə işləsə də, şəhərlərarası avtobusların reysləri təxirə salınıb.
Güclü çovğun bir sıra hallarda elektrikin verilməsində fasilələrə səbəb olub.
Hazırda ölkənin bütün rayonlarında qar yağıntısı davam edir. Ən çox şimal və şimal-qərb bölgələrinə yağıntı düşüb. Belə ki, Qəbələ-Şəki-Balakən zonasında qar örtüyünün qalınlığı 50-60 sm təşkil edir. Dağların yamacında qar daha çoxdur.
Cənub və qərb bölgələrində, habelə aran rayonlarında və Naxçıvanda qar örtüyünün qalınlığı 15-25 sm təşkil edir.
Sinoptiklərin məlumatına görə, şaxtalı hava fevralın 5-dək davam edəcək, yollar buz bağlayacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeronda fevralın 3-də də qısa fasilələrlə qar yağıntısı davam edəcək. Güclü şimal-qərb küləyi əsəcək. Lakin cümə günü günün ikinci yarısında külək zəifləyəcək. Gecə havanın temperaturu -4 -7 dərəcə, gündüz -1 -3 dərəcə təşkil edəcək.
Fevralın 3-də rayonlarda da qar yağışı davam edəcək. Bir sıra yerlərdə yağıntılar intensiv xarakterli olacaq. Gündüz qərb rayonlarında yağıntı kəsiləcək.
Dağlıq ərazilərdə havanın temperaturu -20 -25 dərəcəyə qədər düşəcək.

XS
SM
MD
LG