Accessibility links

Azərbaycanda Respublika Günü qeyd edilir


Azərbaycanda Respublika Günü qeyd edilir

Azərbaycanda Respublika Günü qeyd edilir

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman şərqində ilk dünyəvi demokratik dövlət elan edilib. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət türk və müsəlman dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Azərbaycanda 28 May - Respublika Günü qeyd edilir. Respublika günü ümumxalq bayramıdır.

Prezidenti İlham Əliyev bayram münasibəti ilə rəsmi qəbul təşkil edib. Müxalifət isə respublikanın banisi Məmməd Əmin Rəsulzadənin anadan olduğu Novxanı kəndindəki abidəsi önündə bayram mitinqi keçirib.

1917-ci ildə Rusiyada baş vermiş fevral inqilabı nəticəsində çar imperiyası devrilib. Bundan sonra, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti - müsəlman şərqində ilk dünyəvi demokratik dövlət elan edilib. Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Demokratik Cümhuriyyət türk və müsəlman dünyasında ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər əldə edib. İlk dəfə qadınların seçilmək hüququnu tanıyan, qadın - kişi bərabərliyini təmin edən cümhuriyyət, o cümlədən milli ordu, milli pul, demokratikləşmə, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr, Azərbaycan istiqlalının rəsmən tanınması istiqamətində uğurlar əldə edib, iqtisadi islahatları təmin edib.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı qəbul edilib.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib. 1920-ci il aprelin 28-də Azərbaycan Rusiya tərəfindən işğal edilib. Bolşeviklər tərifindən devrilməsinə baxmayaraq istiqlal ideyası yenilməyib və nəhayət, 1991-ci ildə Sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib .

Azərbaycan prezidenti rəsmi qəbulda deyib ki, bugünkü müstəqil Azərbaycan Demokratik Respublikasının varisidir. “1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən müstəqilliyə qovuşmuşdur. Müstəqilliyimizin ilk illəri çox ağır keçmişdir. Bu barədə biz hamımız dəfələrlə öz fikirlərimizi bildirmişik. Xalqımız yaxşı xatırlayır ki, 1990-cı illərin əvvəllərində Azərbaycanda gedən proseslər müstəqilliyimizə böyük təhlükə idi. Müstəqilliyimiz təhlükə altında idi və müstəqil həyatımız haqqında müxtəlif fikirlər, şayiələr dolaşırdı. Müstəqilliyimizin ilk illərində Azərbaycanda hökm sürən anarxiya, özbaşınalıq, hakimiyyətsizlik, xaos praktiki olaraq, ölkəmizi iflic vəziyyətinə salmışdı. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımızın işğal altına düşməsi, bununla bərabər ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizə, vətəndaş müharibəsinin başlanması – bütün bu xoşagəlməz hadisələr müstəqil həyatımıza çox böyük zərbələr vurmuşdur”, - deyə dövlət başçısı qeyd edib.

Cənab Əliyev çıxışın Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanma prosesinə geniş yer verib. O ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin prezidentlərinin birgə bəyanatına da toxunub. “İlk dəfə olaraq son aylar ərzində Minsk qrupunun həmsədr ölkələri tərəfindən status-kvonun dəyişdirilməsi ilə bağlı bəyanatlar verilməyə başlanıb. Bu günə qədər,- baxmayaraq ki, Minsk qrupu 1992-ci ildə yaranıb və atəşkəs rejimi 1994-cü ildən qüvvədədir, - biz bu barədə belə dəqiq və ciddi bəyanatlar eşitməmişdik. Yəni, status-kvonun dəyişdirilməsi o deməkdir ki, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir.
Dünən Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçılarının birgə bəyanatı verildi. Bu bəyanatda da təxminən oxşar fikirlər səslənir ki, məsələ tezliklə öz həllini tapmalıdır. Biz də bunun tərəfdarıyıq və məsələnin tezliklə həll olunmasında ən çox maraqlı olan tərəf Azərbaycandır”.

Dövlət başçısı bir daha bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. “Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar. Ondan sonra bölgədə sülh və əməkdaşlıq yarana bilər və bütün tərəflər hadisələrin bu cür inkişafından ancaq fayda götürə bilərlər. Bizim qəti mövqeyimiz bundan ibarətdir. Bir də demək istəyirəm ki, heç vaxt Azərbaycan dövləti Dağlıq Qarabağa müstəqillik verilməsi ilə barışmayacaq, heç vaxt buna razılıq verməyəcəkdir. Bir də demək istəyirəm ki, bu məsələ bizim üçün prioritet məsələdir, ən vacib məsələdir”.

Müxalifətdə olan İctimai Palatanın bayram mitinqində isə Respublika bayramının hökumət tərəfindən geniş miqyasda qeyd edilməməsi, respublikanın banilərinin xatirələrinin əbədiləşdirilməməsi, onlara paytaxtın mərkəzi meydanlarında abidə ucaldılmaması, demokratik azadlıqların məhdudlaşdırılması, konstitusiyada bir nəfərin iki dəfədən çox prezident seçilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılması, demokratiya uğrunda mübarizə aparan insanların həbs edilməsi kəskin tənqid edilib.

AXCP sədri Əli Kərimli Məmməd Əmin Rəsulzadəyə ögey münasibətin davam etdiyini deyib. O cümhuriyyətin qurucusuna heykəl qoyulmasını tələb edir.

Cənab Kərimli Azərbaycan Demokratik Cümhuriyyəti dövründə demokratiyanın, fundamental azadlıqların indikindən daha çox olduğunu bildirib. “Cümhuriyyət qurucuları milləti düşünüblər, məhz ona görə də xalqın qəlbində daim yaşayacaqlar.”

Məmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Azərbaycan hakimiyyətini son mitinqlər zamanı həbs edilən insanları həbsdən azad etməyə səsləyib. “Çünki onlar respublika uğrunda mübarizlərdir, Arif Hacılı isə Azərbaycan parlamentində müstəqilliyə səs verən deputat olub”.

Müsavat başqanı İsa Qəmbər ərəb inqilablarına işarə edərək dünyanın dəyişdiyini deyib. “Azərbaycan da dəyişəcək və bunu İctimai Palata edəcək”.

XS
SM
MD
LG