Accessibility links

Azərbaycanda suyun, poçt və sərnişindaşıma xidmətlərinin qiymətləri artırılıb


Azərbaycanda suyun, poçt və sərnişindaşıma xidmətlərinin qiymətləri artırılıb
Azərbaycanda suyun, poçt və sərnişindaşıma xidmətlərinin qiymətləri artırılıb

Tarif Şurası qiymətləri dövlət qurumlarının təklifləri əsasında qaldırıb

Azərbaycan Tarif (qiymət) Şurası su, poçt və sərnişindaşıma xidmətlərinin qiymətlərini qaldırıb.

Tarif Şurasının rəsmi internet saytının məlumatına görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC (milli operator) tərəfindən göstərilən universal poçt xidmətlərinin tariflərinə baxılıb, daxili və beynəlxalq məktub korrespondensiyaları və bağlamalar üzrə xidmətin növündən asılı olaraq yeni tariflər müəyyənləşdirilib. Yeni tariflər daxili universal poçt xidmətləri üçün 20 qəpiklə 2 manat arasında dəyişir. Beynəlxalq poçt göndərişlərində isə hər bir ölkə üzrə baza tarifləri və çəkiyə görə tariflər müəyyən edilib.

“Azərsu” Səhmdar Cəmiyyətinin müraciətinin Tarif (qiymət) Şurasında aparılmış müzakirəsindən sonra 1 m3 suyun maya dəyərinin tariflərdən xeyli aşağı olması nəzərə alınaraq tariflərə yenidən baxılıb, sudan istifadə xidmətlərinin tarifləri ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 m3 üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edilib. Sudan xammal kimi istifadə edən istehlakçılar üçün isə tariflər dəyişdirilməyib. Bununla yanaşı, əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 m3-dən 5 m3-ə endirilib.

Tarif (qiymət) Şurasının iclasında “Azərbaycan Dəmir Yolları” QSC-nin müraciəti əsasında ölkədaxili sərnişindaşıma xidmətlərinə də baxılıb, marşrutlar üzrə biletlərin qiymətləri vaqonun tipindən asılı olaraq müəyyənləşdirilib. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin dəyəri də daxil edilib. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub.

Yeni tariflər 1 fevral 2011-ci il tarixindən qüvvəyə minəcəkdir.

XS
SM
MD
LG