Accessibility links

Azərbaycanda terror qurbanlarının xatirəsi yad edilib


Azərbaycanda terror qurbanlarının xatirəsi yad edilib

Azərbaycanda terror qurbanlarının xatirəsi yad edilib

2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov akademiyanın 12 tələbə və müəllimini qətlə yetirib, 13 nəfəri isə yaralayıb. Sonda Fərda Qədirov özünü də güllələyərək öldürüb.

Azərbaycanın çoxsaylı gənclər təşkilatları Dövlət Neft Akademiyasının qarşısına gül dəstələri qoyaraq 2009-cu ildə aprelin 30-da akademiyada baş vermiş faciə qurbanlarının xatirəsini yad edib. Faciə qurbanlarını iqtidaryönümlü və müxalifətyönümlü gənclər ayrılıqda yad edib. Belə ki, öncə iqtidaryönümlü gənclər deputat Fuad Muradovla birgə akademiyanın qarşısına qərənfillər düzüb, günortadan sonra isə Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi və Müsavat partiyalarının, “Nida”, “Azad gənclik” təşkilatlarının çoxsaylı üzvləri qurbanların xatirəsini anıb.

2009-cu il aprelin 30-da Gürcüstan vətəndaşı Fərda Qədirov tapança ilə akademiyanın 12 tələbə və müəllimini qətlə yetirib, 13 nəfəri isə yaralayıb. Sonda Fərda Qədirov özünü də güllələyərək öldürüb. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə cinayət işi qaldırılıb. Cinayətin hazırlanmasında 3 nəfər ömürlük, 1 nəfər isə 11 il həbs cəzasına məhkum edilib.

İttiham aktına görə, Gürcüstan vətəndaşı olan və Marneuli rayonunun Şulaveri kəndində yaşayan Qumaşyan Mardun Qriqoryeviç həmin rayonun Daştəpə kənd sakini Qədirov Fərda Əsəd oğlu, onun bibisi oğlu Şulaveri kənd sakini Amirov Cavidan Fərman oğlu, Daştəpə kənd sakinləri Süleymanov Nəcəf Novruz oğlu, Əliyev Nadir Şirxan oğlu və kimliyi hələ ki, istintaqa məlum olmayan digər şəxslərlə 2009-cu ilin yanvar-mart aylarında cinayət əlaqəsinə girərək, azərbaycanlılara qarşı saxladığı milli ədavət zəminində Bakı şəhərində terror aktının törədilməsi barədə onlarla sövdələşib.

“Bundan sonra, Gürcüstan paytaxtındakı odlu silah satışı mağazasından alınmış “Makarov” tipli tapança və 200-dən artıq patronun qanunsuz olaraq Azərbaycana keçirilməsi təşkil olunub. Planlaşdırdıqları cinayəti həyata keçirmək üçün Cavidan Amirov 2009-cu ilin 12 mart, Fərda Qədirov 13 mart, Nadir Əliyev 15 mart, Nəcəf Süleymanov isə 17 mart tarixlərində Bakı şəhərinə gəliblər.

Bölgüyə görə, 30 aprel 2009-cu il tarixində Fərda Qədirov və Cavidan Amirov Akademiyanın binasına daxil olmalı, hadisə yerindən qaçan zaman Cavidan Fərdaya kömək etməli, həmin vaxt Nadir Əliyev isə pusquda dayanaraq polisin gəlməsi barədə mobil telefon vasitəsilə onlara məlumat verməli idi.

Fərda, Cavidan, Nadir planlaşdırdıqları terror hadisəsini həyata keçirmək məqsədilə ilk olaraq 30 aprel 2009-cu il tarixində saat 9 radələrində Bakı Metropoliteninin “28 may” stansiyasının çıxışı qarşısında görüşməyi qərara alıblar. Lakin gözü qanla dolmuş Fərda Qədirov Nadirlə Cavidanı gözləmədən cinayəti başa çatdırmaq üçün “Makarov” tipli tapançasını hazır vəziyyətə gətirərək Neft Akademiyasına tərəf hərəkət etməyə başlayıb. Nəticədə Fərda Qədirov 12 nəfərin ölümü, 13 nəfərin isə yaralanmasına səbəb olan terror hadisəsinə imza atıb”, - deyə ittiham aktında qeyd edilib.

Bununla yanaşı, sonradan mətbuat nümayəndələri Gürcüstanda yaşayan Qumaşyan Mardunu tapıb onunla müsahibə götürüb. Məlum olub ki, o kasıbçılıqla dolanan Gürcüstan vətəndaşıdır və Gürcüstan istintaq orqanları həmin şəxsi dindirməyib.

Bu gün tələbələr arasında terror aktına verilmiş hüquqi qiymətin necə qarşılandığı və faciədən sonra təhsil müəssisələrində təhlükəsizliyin necə təmin edilməsi ilə bağlı qısa müsahibələr keçirmişəm. Gənclərin əksəriyyəti terror aktının həqiqi hüquqi qiymətini almadığını və təhsil müəssisələrində təhlükəsizliyin yaxşı təmin edilmədiyi fikrindədir.

XS
SM
MD
LG