Accessibility links

Azərbaycanda xeyriyyə aksiyasında Somaliyə 72 min dollar vəsait toplanıb


Azərbaycanda xeyriyyə aksiyasında Somaliyə 72 min dollar vəsait toplanıb

Azərbaycanda xeyriyyə aksiyasında Somaliyə 72 min dollar vəsait toplanıb

Ramazan bayramından sonra yığılan vəsaitlər hesabına alınacaq ərzaqlar, İKGF-nin Somaliyə yola düşəcək nümayəndələri vasitəsilə həmin ölkədə humanitar fəlakətlə üzləşən adamlara çatdırılacaq.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun (GF) “Somali uşaqlarına xilas əlini uzat” beynəlxalq xeyriyyə kampaniyası Azərbaycanda fəaliyyətini tamamlayıb.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF) Avrasiya Regional Mərkəzindən APA agentliyinə verilən xəbərə görə xeyriyyə kampaniyası nəticəsində Azərbaycanda 72 min ABŞ dolları həcmində maliyyə vəsaiti toplanıb.
Ramazan bayramından sonra yığılan vəsaitlər hesabına alınacaq ərzaqlar, İKGF-nin Somaliyə yola düşəcək nümayəndələri vasitəsilə həmin ölkədə humanitar fəlakətlə üzləşən adamlara çatdırılacaq.
İKGF baş katibi, səfir Elşad İsgəndərov bu kampaniyaya göstərdiyi dəstəyə görə Azərbaycan vətəndaşlarına, aksiyanın işıqlandırılması işində fəal iştirakına görə KİV-lərə öz dərin təşəkkürünü bildirib, kampaniyanın baş tutmasını milli xeyriyyəçilik ənənələrimizin yaşamasının simvolu olduğunu qeyd edib.
“Kampaniya elan edilən gündən etibarən yüzlərlə vətəndaş İKGF ofisinə gələrək nağd şəklində, yaxud də bank köçürmələri vasitəsilə bu kampaniyaya qoşulub. Belə xeyirxah aksiyalar Azərbaycanın qısa müddət ərzində vaxtilə başqalarından yardım qəbul edən ölkədən, hazırda dünyanın ucqar nöqtələrinə belə donorluq edən ölkəyə çevrildiyini nümayiş etdirir. Ölkəmizin, vətəndaşımızın zənginləşməsi ilə yanaşı, bu nəticələr Hacı Zeynalabdin ruhu, başqasına əl tutmaq şövqü, sadəcə öz dar maraqlarını deyil, bütün insaniyyəti düşünmək zehniyyətinin insanlarımızda yaşadığını sübut edir”, - deyə E. İsgəndərov əlavə edib.
10 iş günü müddətində davam edən kampaniyanın bütün təşkilati və cari işləri, alınacaq ərzaqların Somaliyə çatdırılması, nümayəndələrin getməsi zamanı baş verən bütün xərclər İKGF-nin öz hesabına ödənilir. Bu baxımdan kampaniya zamanı toplanmış bütün vəsait tam həcmdə Somalidə aclıq çəkənlərin ərzaqları üçün xərclənəcək. Eyni zamanda Somaliyə yardım üzrə kampaniya çərçivəsində İKGF tərəfindən xeyriyyə iftarları təşkil olunub. Kampaniya çərçivəsində kampaniyaya dəstək olmaq məqsədilə İKGF İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Bakıda akkreditə olunmuş səfirlik nümayəndələrinə, daha sonra İslam Konfransı Gənc İş Adamları Şəbəkəsi (İKGİAŞ) Azərbaycan Milli Komitəsi qzvlərinə və yardım göstərmək istəyən vətəndaşlar üçün açıq şəkildə xeyriyyə iftarı təşkil edib.
Bir neçə ictimai təşkilat kampaniyaya qoşularaq müstəqil surətdə maliyyə vəsaiti toplayıb, sonda kampaniyanın bank hesabına köçürüb.
Qeyd edək ki, İKGF Somalidə aclıq çəkən hər ailənin bir aylıq ərzaq ehtiyaclarını ödəyə biləcək ərzaq paketlərini, biri 60 ABŞ dolları olmaqla hazırlamağı və Azərbaycanda toplanmış vəsaitin 1200-dən artıq ailənin (beş min nəfərdən artıq şəxsin) bir aylıq qidasını təmin etməsi planlaşdırır. İKGF yardımın ünvana çatdırılması ilə əlaqədar olaraq mətbuatda geniş açıqlama verməyi də nəzərdə tutur.

XS
SM
MD
LG