Accessibility links

Azərbaycanda yüzdən çox deputatlığa namizəd parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib


Azərbaycanda yüzdən çox deputatlığa namizəd parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib

Azərbaycanda yüzdən çox deputatlığa namizəd parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib

Deputatlığa namizədlər Konstitusiya Məhkəməsinə seçki şikayətlərini araşdırması üçün müraciət edib. İqtidar partiyası seçkilərin demokratik keçdiyini bildirir

Çoxsaylı deputatlığa namizəd parlament seçkilərinin nəticələrini tanımadığı barədə bəyanla çıxış edib. Deputatlığa namizədlər seçkilərin nəticələrinin ləğv edilməsini və yeni seçkilərin təyin edilməsini tələb edir. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı sənədi forum iştirakçılarına təqdim edib və yüzdən çox namizəd bəyanatı dəstəkləyib. “Ölkədə seçkiöncəsi demokratik mühit yox idi, sərbəst toplaşmaq, söz, mətbuat və ifadə azadlığı təmin edilməmişdi.
Yerli ictimai-siyasi təşkilatların tələblərinə və bir sıra beynəlxalq qurumların israrlı çağırışlarına baxmayaraq, bütün maraqlı tərəflərin etimadını qazanan seçki komissiyaları formalaşdırılmamışdı. Nəticədə bütün seçki komissiyaları hakim siyasi qüvvənin nəzarəti altında qaldı.
Seçki günü kütləvi pozuntular və saxtakarlıqlar davam edib. Səslərin hesablanması zamanı müşahidəçilər üçün normal iş şəraiti yaradılmayıb. Polis bir çox məntəqələrdən müşahidəçiləri çıxarıb.
Bir çox dairələrdən Mərkəzi Seçki Komissiyasına saxtakarlıqlarla bağlı şikayətlər verilməsinə baxmayaraq, onların heç biri təmin edilməyib.
Bütün yuxarıda qeyd edilənlər 7 noyabr parlament seçkilərinin son 20 ildə Azərbaycan tarixində ən antidemokratik seçkilər olduğunu hesab etməyə əsas verir.
7 noyabr parlament seçkiləri Azərbaycan cəmiyyətinin tədricən demokratiyaya keçid həyata keçirdiyi haqda xülyalara son qoyub. Müxalifətsiz və müstəqil namizədlərsiz parlament yaratmaqla İlham Əliyev və onun komandası demokratik islahatlara hazır olmadıqlarını göstərdilər, əksinə, onlar bir daha ölkədə qapalı, avtoritar rejim yaratmaq niyyətlərini nümayiş etdirdilər.
Qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, 7 noyabr seçkilərinin rəsmi elan edilmiş nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmir və buna görə parlament seçkiləri əsasında formalaşmış parlament legitim hesab oluna bilməz”, - deyə sənəddə qeyd edilir.

Namizədlərin bu gün keçirilən forumunda Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib ki, seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasının elan etdiyi rəsmi nəticələri legitim saymaq olmaz. “Seçkilər total şəkildə saxtalaşdırılıb”.

AXCP sədri Əli Kərimli seçkilərin nəticələrinin ləğvi uğrunda mübarizəni davam etdirməyin vacibliyini bildirib. “Siyasi qüvvələr azad seçkiyə nail olmaq üçün böyük hərəkat yaratmalıdır”.

Deputatlığa namizəd Pənah Hüseyn rəmzi Xalq parlamentinin yaradılmasını təklif edib. Lakin cənab Hüseynin təklifi birbaşa qəbul edilməyib. Bu təklif siyasi partiya rəhbərliklərində müzakirə edildikdən sonra münasibət bildiriləcək.

Forum iştirakçıları Azərbaycan Konstitusiya Məhkəməsinə seçkilərin yekunlarını təsdiq etməmək və qanun pozuntularına qiymət verilməsi barədə müraciət də qəbul edib. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, kütləvi qanun pozuntuları xalqın seçimini müəyyən etməyə imkan vermir.
AMİP sədri Yusif Bağırzadə hesab edir ki, parlamentə müxalifətin deyil, bəzi üzdəniraq şərhçilərin düşməsi Azərbaycanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha ağır şərtlərin gözlədiyindən xəbər verir. “Müxalifət buna hazır olmalıdır”.

Müstəqil namizəd Vidadi İsgəndərov siyasi liderləri ölkədə azad seçkilərin keçirilməsi üçün ciddi fəaliyyətə çağırıb. “Siyasi liderlər xalq qarşısında məsuliyyət daşıyır”.

Öz növbəsində, iqtidarda olan Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deputatlığa namizədlərin toplantısını siyasi şou adlandırıb. “Parlament seçkiləri azad, demokratik və şəffaf keçib. Azərbaycan xalqı iradəsini seçkilərdə ifadə edib. Səs toplaya bilməyən namizədlər yaxşı olar ki, məğlubiyyətlərinin səbəbini araşdısınlar”, - deyə o qeyd edib.

Xatırladaq ki, parlament seçkilərində 690 deputatlığa namizəd iştirak edib.

XS
SM
MD
LG