Accessibility links

Azərbaycanlı-Amerikalılar Vaşinqtondan demokratiyaya dəstək istədilər


Elmar Şaxtaxtinski
AZAD-ın sədri
Elmar Şaxtaxtinski AZAD-ın sədri

“Sınmış Sütun: Azərbaycan-ABŞ Münasibətlərində Demokratiya” başlıqlı forumun iştirakçıları son illərdə ölkədə demokratiyanın geriləməsindən və insan haqlarının pozulmasından narahatlıqlarını izhar etdilər.

Cümə günü Cons Hopkins Universitetində Azərbaycanlı Amerikalılar Demokratiya Üçün (AZAD) təşkilatının sponsorluğu ilə Azərbaycanda demokratiyanın durumu mövzusunda forum keçirildi. “Sınmış Sütun: Azərbaycan-ABŞ Münasibətlərində Demokratiya” başlıqlı forumun iştirakçıları son illərdə ölkədə demokratiyanın geriləməsindən və insan haqlarının pozulmasından narahatlıqlarını izhar etdilər. Natiqlər sırasında ABŞ Dövlət Katibinin sabiq yardımçısı Deyvid Kreymer, Sərhədsiz Reportyorlar təşkilatının Vaşinqton bürosunun müdiri Klotild Le Koz, Riçmond Universitetinin beynəlxalq təhsil üzrə dekanı Ulyana Qabara, AZAD sədrinin müavini Qorxmaz Əsgərov və AZAD sədri Elmar Şaxtaxtinski var idi.

Giriş nitqi ilə çıxış edən Deyvid Kreymer Azərbaycan-ABŞ münasibətlərində enerji əməkdaşlığı və təhlükəsizliklə bərabər demokratiyanın da mühüm rol oynadığını bildirdi. Lakin o, təəssüflə Vaşinqtonun son illərdə demokratiyanı prioritet kimi nəzərdən qaçırmasından gileyləndi. Dövlət Departamentinin hesabatından sitat gətirən cənab Kreymer Azərbaycanda baş verən çoxsaylı hüquq pozuntularına, ələlxüsus müstəqil media mənsublarına qarşı basqılara diqqət çəkdi. Dövlət katibinin yardımçısı olduğu vaxtlar Azərbaycana bir neçə dəfə səfər etdiyini deyən cənab Kreymer Azərbaycan prezidenti İlham Əliyevlə iki dəfə görüşdüyünü və narahatlıqlarını ona çatdırdığını söylədi. Lakin bu danışıqların ciddi nəticə vermədiyini deyən Kreymer vəziyyətin əksinə, daha da pisləşdiyini vurğuladı. Hazırda Alman Marşal Fondunda çalışan sabiq ABŞ rəsmisi ölkəsinin demokratiya məsələsində səsini ucaltmasının vacibliyini qeyd edərək, bunun bütün səviyyələrdə rəsmi Bakıya çatdırılmasının əhəmiyyətini önə çəkdi. Deyvdi Kreymerin sözlərinə görə əgər Azərbaycanda demokratiya və azad söz boğulmaqda davam edərsə, onda hadisələr nəzarətdən çıxa və arzu olunmayan istiqamətlərdə inkişaf edə bilər. O, ümid etdiyini bildirdi ki, Azərbaycanda demokratiya ilə bağlı ABŞ-ın gözləntiləri enerji və təhlükəsizlik sahəsində əldə olunan nailiyyətlərlə uzlaşacaq və eyni çəkidə müvəffəq olacaq.

Sərhədsiz Reportyorlar təşkilatının Vaşinqton bürosunun rəhbəri Klotild Le Koz təmsil etdiyi təşkilatın hazırladığı siyahıda Azərbaycanın media azadlıqlarına görə 155 ölkə sırasında 146-cı yeri tutduğunu bildirdi. Bunun kifayət qədər pis göstərici olduğunu önə çəkən Le Koz 2007-ci ildən bəri Azərbaycan rəsmiləri ilə təmasların qırıldığını və rəsmi Bakının onlarla dialoqdan imtina etdiyini bildirdi. Bu dövrdə Azərbaycan hökumətinin müstəqil mətbuata qarşı basqılarını dayandırmadığını qeyd edən Le Koz diqqəti həbs edilmiş blogerlər Adnan Hacızadə və Emin Millinin taleyinə çəkdi. Daha sonra jurnalist Aqil Xəlilin və Gündəlik Azərbaycan qəzetinin sabiq baş redaktoru Eynulla Fətullayevin başına gələnlərə toxunan Klotild Le Koz Azərbaycan hökumətini beynəlxalq normalara riayət etməyə və mediaya qarşı basqıları dayandırmağa çağırdı. Onun sözlərinə görə Azərbaycanda müstəqil medianın inkişafı cəmiyyət üçün olduqca yararlı bir amildir və Azərbaycan hökumətinin bunu dərk etməsi bütün tərəflərin mənafeyinə xidmət edərdi.

Riçmond Universitetinin beynəlxalq təhsil üzrə dekanı Ulyana Qabara nitqinin başlanğıcında özünün Soyuq Müharibə dönəmində kommunist məkanında üzləşdiyi təcrübəsini bölüşdü və sovetsayağı repressiya üsullarından agah olduğunu qeyd etdi. Xanım Qabara Azərbaycan hökumətinin öz opponentlərinə qarşı sovet dönəmindən qalma “xuliqanlıq” ittihamından istifadə etməsinə təəccübünü bildirdi. O, hökuməti gələcəkdə siyasi dissidentlərə qarşı mübarizəsində bu növ aşkar repressiya metodlarından istifadə etməməyə çağırdı. Daha sonra Riçmond Universitetinin dekanı diqqəti universitetin məzunu Adnan Hacızadənin həbsinə və məhkum edilməsinə yönəltdi. Adnanın fiziki zorakılığa məruz qaldıqdan sonra həbs edilməsinə hiddətini izhar edən Ulyana Qabara bu olayın Adnanın sabiq sinif yoldaşlarını və eləcə də universitet heyətini qəzəbləndirdiyini bildirdi. Adnanın Riçmond Universitetində təhsil aldığı zaman fəallıq nümayiş etdirdyini bildirən Qabara onun Azərbaycana qayıtdıqdan sonra bloggerliyə başlamasına təəccüb etmədiyini söylədi. Onun sözlərinə görə Adnan Hacızadə Amerikada təhsil aldığı müddətdə demokratiya dəyərlərini əqidəsinə hopdurmuş bir şəxs kimi vətənində vəziyyəti yaxşılığa doğru dəyişməyə səy göstərirdi. Məhz Adnanın bu səyləri onu hökumətin hədəfinə çevirdi.

AZAD təşkilatının sədr müavini Qorxmaz Əsgərov Azərbaycan-ABŞ münasibətlərində demokratiyaya kifayət qədər diqqət yetirilmədiyini vurğuladıqdan sonra bunun bir sıra aspektlərini təhlil etdi. Onun sözlərinə görə başqa müsəlman dövlətlərindən fərqli olaraq Azərbaycan demokratik ənənəyə malik olan bir cəmiyyətdir. Azərbaycanda demokratik hökumətin 1918-1920 və 1992-93-cü illərdə mövcud olduğunu qeyd edən Qorxmaz Əsgərov Azərbaycanda diktatura rejiminin labüd olmadığını bildirdi. Cənab Əsgərov əlavə etdi ki, 2003 və 2005-ci illərdə Azərbaycanda demokratiyanın bərqərar olunması üçün şanslar meydana çıxmışdı. Lakin başda ABŞ olmaqla Qərb ictimaiyyəti bu şanslardan yararlanmaq üçün Azərbaycanda demokratik qüvvələrə yardım göstərmədilər. 2003-cü ildən bəri ölkədə vəziyyətin xeyli pisləşdiyini bildirən Qorxmaz Əsgərov İlham Əliyev administrasiyasının nəinki ölkə vətəndaşları ilə, hətta beynəlxalq ictimaiyyətin rəyi ilə hesablaşmaq istəmədiyini söylədi. Onun sözlərinə görə ABŞ-ın Azərbaycanda hüquq pozuntularına göz yumması yeni hökumətdə belə bir təsəvvür yaradıb ki, Azərbaycanın nefti naminə Vaşinqton rəsmi Bakıya demokratiya məsələsində güzəştə getməyə hazırdır. ABŞ hökumətinin son zamanlar Azərbaycanda demokratik duruma biganə münasibət göstərməməsindən razı qaldığını ifadə edən Əsgərov bu növ səylərin gələcəkdə gücləndiriləcəyinə ümid bəslədiyini söylədi.

Tədbirin sonunda söz alan AZAD sədri Elmar Şaxtaxtinski İlham Əliyev hökumətinin siyasi azadlıqlara qarşı hücum kampaniyasını tənqid etdi. Onun sözlərinə görə Azərbaycan hökuməti ABŞ liderliyində belə bir təsəvvür yaratmağa çalışır ki, enerji və təhlükəsizlik baxımdan Azərbaycan ABŞ-ın maraqları üçün mühüm əhəmiyyət kəsb edir və ona görə Vaşinqton demokratiya prioritetini arxa plana keçirməlidir. Halbuki Rusiya və İran kimi dövlətlərin arasında qalan Azərbaycanın geo-strateji seçimi kifayət qədər məhduddur. Bundan əlavə, Qərb şirkətləri ilə əməkdaşlıqdan qazanan ilk növbədə Azərbaycan hökumətinin nümayəndələridir ki, onlar korrupsiya hesabına topladıqları var-dövləti Azərbaycandan fərqli olaraq qanunun işlədiyi Qərb dövlətlərində saxlayırlar. Bu baxımdan ABŞ-ın əlində Azərbaycana qarşı kifayət qədər təzyiq imkanlarının olduğunu önə çəkən cənab Şaxtaxtisnki Vaşinqtonu rəsmi Bakı ilə münasibətlərdə qətiyyətli mövqe tutmağa çağırdı. O, demokratik standardlara riayət etməyən və vətəndaşlarının konstitutsional hüquqlarını pozan Azərbaycan hökumətinin nümayəndələrinə qarşı səyahət və bank hesablarının dondurulması kimi müəyyən məhdudiyyətlərin tətbiq edilməsi mümkünlüyünü ifadə etdi. Elmar Şaxtaxtinski vurğuladı ki, ABŞ uzun müddət Yaxın Şərqin diktatorial dövlətləri ilə dayanıqlı ittifaq qurmağa çalışıb, lakin sonda xalqın iradəsinə əsaslanmayan hökumətlərlə əməkdaşlıq cəhdləri iflasa uğrayıb. Bu baxımdan Azərbaycan-ABŞ münasibətlərinin Azərbaycan xalqının iradəsinin ön plana çəkilməsinin vacibliyini qeyd edən AZAD sədri bu məqsədlərə nail olunması üçün təmsil etdiyi təşkilatın ABŞ dövlət qurumları ilə təmaslarını davam etdirəcəyini söylədi.

XS
SM
MD
LG