Accessibility links

Azərbaycanın 4500 kəndindən heç birində qəzet kiosku yoxdur


Azərbaycanın 4500 kəndindən heç birində qəzet kiosku yoxdur
Azərbaycanın 4500 kəndindən heç birində qəzet kiosku yoxdur

Nəcəf Nəcəfov Fondu tərəfindən aparılmış araşdırmalara əsasən, ölkədə 14 min nəfərə bir kiosk düşür, baxmayaraq ki, beynəlxalq normalara görə hər 2 min nəfərə bir kiosk düşməlidir.

Azərbaycanda mətbuat yayımı sahəsində vəziyyət böhran xəttini keçib və tamamilə məhv olmaq ərəfəsindədir. Redaktorlar Birliyinin təşəbbüsü ilə keçirilən “Azərbaycanda mətbuat yayımı problemləri” adlı dəyirmi masada gəlinən nəticə bundan ibarət olub.

Turan Agentliyinin məlumatında deyilir ki, Nəcəf Nəcəfov Fondu tərəfindən aparılmış araşdırmalara əsasən, ölkədə 14 min nəfərə bir kiosk düşür, baxmayaraq ki, beynəlxalq normalara görə hər 2 min nəfərə bir kiosk düşməlidir.
“2010-cu ilin əvvəllərinə olan məlumata görə, bütün ölkə ərazisində 637 kiosk, 100 marketlərdə satış nöqtəsi və 60 küçə ticarəti subyekti var idi”, deyə tədqiqatçı Şahvələd Çobanoğlu bildirib. Lakin Almaniyada bir kiosk 1000 nəfərə, Çexiyada 1200 nəfərə, ABŞ-da 1500, Rusiyada 3000 nəfərə xidmət edir.
Son vaxtlar Bakının mərkəzində abadlıq işləri adı altında 20 kiosk yığışdırılıb, cəmi 5 kiosk qurulub. Gəncədə 22, Sumqayıtda isə 12 kiosk yığışdırılıb. Onların hamısı dövlətin nəzarəti altında olan iki səhmdar şirkətə - “QASİD” və “Mətbuat yayımı”na məxsus idi.
“Araşdırmamız göstərdi ki, yeni kiosklar “Xəzər” şirkətinə məxsusdur. Onun arxasında isə yüksək vəzifəli şəxs durur”, - deyə “Gündəm Xəbər” qəzetinin redaktoru Şirin Cəfərli bildirib.
Bundan başqa, Azərbaycanın 4500 kəndindən heç birində qəzet kiosku yoxdur.
Küçədə qəzet satanlar da polisin təqiblərinə məruz qalır. Marketlərdə də vəziyyət yaxşı deyil, hakimiyyət müstəqil və müxalifət qəzetlərinin satışını qadağan edir. Mətbuat yayımı sistemi 1998-ci ildən - siyasi senzura iqtisadi senzura ilə əvəzləndiyi andan çökməyə başlayıb. Bu, çap KİV-lərinin reklam bazarının ləğvini, nəşriyyatların xərclərinin artırılmasını, yayım şəbəkəsinin məhvini nəzərdə tuturdu. Poçt xidmətləri abunə yazılmaqla qəzet göndərilməsini dayandırdı, dövlət kiosklarının sayı kəskin şəkildə azaldı, özəl firmaların kioskları bazardan çıxarıldı.
Araşdırmada iştirak edən İREX təşkilatının hüquqşünası Ələsgər Məmmədli qeyd edib ki, ən böyük problem dövlətin prosesə qeyri-konstruktiv müdaxiləsidir. Onun fikrincə, dövri mətbuatın yayımı ilə özəl şirkətlər məşğul olmalıdır, dövlət isə vətəndaşların informasiya əldə etmək hüququnu təmin etməlidir.
Həmçinin, dövlətin yaratdığı ədalətsiz rəqabət yada salınıb. Misal kimi “Azərbaycan Müəllimi” qəzetinin adı çəkilib. Qəzet 15 900 nüsxə tirajla nəşr olunur, lakin pərakəndə olaraq hər tirajda 124 nömrə satılır. Bu və digər dövlət qəzetlərinə abunə yazılışı hakimiyyətin göstərişi ilə həyata keçirilir.
Cənab Məmmədli yalnız rəsmi informasiya və sənədlərin yerləşdirilməsi üçün bir qəzet saxlamaqla, dövlət qəzetlərindən imtina edilməsini təklif edib.
Dəyirmi masa iştirakçıları beynəlxalq təşkilatların dəstəyi ilə mətbuat yayımı sisteminin inkişafı üzrə layihə üzərində işə başlamaq barədə razılığa gəliblər.
İlk addım olaraq ölkə prezidentinə kioskların və küçə ticarəti subyektlərinin sayı üzrə beynəlxalq standartların tətbiqi zərurəti haqqında müraciət hazırlamaq qərara alınıb.

XS
SM
MD
LG