Accessibility links

Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda insan itkiləri artıb


Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda insan itkiləri artıb

Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda insan itkiləri artıb

1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından sonra Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3500 nəfərdən artıqdır

2011-ci ilin yanvar-fevral aylarında təhlükəsizlik və müdafiə sektorunda itkilərin ümumi sayında kəskin artım var. 2011-ci ildə təhlükəsizlik və müdafiə sektorunun itkiləri 22 nəfər təşkil edib. Ötən müddətdə 14 nəfər yaralanıb və ya xəsarət alıb, 3 nəfər erməni gülləsindən həlak olub, 19 nəfər isə qeyri-döyüş itkiləridir. Qeyri - döyüş itkiləri belədir: 1 nəfər naməlum səbəbdən, 2 nəfər qar uçqunundan, 2 nəfər bədbəxt hadisədən (dəm qazından boğulma), 1 nəfər avtomobil qəzasından, 3 nəfər xəstəlikdən, 9 nəfər qeyri -nizamnamə hadisələrindən dünyasını dəyişib, 1 nəfər intihar edib. Dünyasını dəyişənlərin 20 nəfəri Müdafiə Nazirliyinin, 1 nəfəri Dövlət Sərhəd Xidmətinin, 1 nəfər isə Daxili Qoşunların hərbi qulluqçusudur. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli mətbuat konfransında bildirib.
O həmçinin 2010-cu ildə təhlükəsizlik sektorunda itkilərlə bağlı məlumat verib. “2010-cu ildə Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda itkilər ən azı 71 nəfər təşkil edib (71 nəfər isə yaralanıb və ya xəsarət alıb). Müvafiq dövrdə döyüş itkiləri 17 (16 erməni gülləsi, 1-i mina partlayışı), qeyri - döyüş itkiləri isə 54 nəfər təşkil edir. Ötən il 7 nəfər xəstəlikdən, 9 nəfər intihardan, 16 nəfər qeyri - nizamnamə hərəkətlərindən, 15 nəfər təyyarə və avtomobil qəzalarından, 6 nəfər müəmmalı hal nəticəsində, 1 nəfər donvurmadan həyatlarını itirib”, - deyə Sümərinli qeyd edib.
Ekspert 2003 - 2006-cı illərdəki itkilərlə, 2007 - 2010-cu illərdəki itkilərin təhlilini də aparıb .Onun sözlərinə görə, 2003 - 2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 465 hərbi qulluqçusunu itirib və 2007 - 2010-cu illərdə qeyri - nizamnamə hadisələri nəticəsində ölənlərin sayı erməni gülləsindən ölənlərin sayından çox olub. “Əgər 2003 -2007-ci illərdə 187 hərbi qulluqçu dünyasını dəyişibsə, 2007 - 2010-cu illərdə 268 nəfər hərbçi dünyasını dəyişib. 2007 - 2010-cu illərdə əvvəlki dövrlə müqayisədə qeyri -nizamnamə hadisələri nəticəsində ölənlərin sayı 33-dən 68-ə yüksəlib. 2007 - 2010-cu illərdə erməni gülləsindən dünyasını dəyişənlərin sayı 61 nəfər təşkil edibsə, 2003 - 2006-cı illərdə bu göstərici 70-dən artıq olub”, - deyə o vurğulayıb.
Ekspertin araşdırmalarına görə, 2007 - 2010-cu illərdə orduda intiharların sayı 35 nəfər təşkil edib, 2003 - 2006 illərdə isə bu göstərici 23 olub. “Əgər 2007 - 2010-cu illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda avtomobil və təyyarə qəzalarından dünyasını dəyişənlərin sayı 43 nəfər təşkil edibsə, 2003 - 2006-cı illərdə bu göstərici cəmi 17 nəfər idi. Beləliklə, təhlükəsizlik və müdafiə sektorunun itkiləri 2007-ci ildən etibarən qeyri - nizamnamə, “dedovşina” (qoçu əsgər), intihar və avtomobil (təyyarə) qəzaları hesabına kəskin artıb.

Müdafiə Nazirliyinin mayoru İbrahim Rüstəmov son illərdə Azərbaycanda orduda aparılan islahatlardan danışıb, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırıldığını, hərbi büdcənin dəfələrlə artdığını deyib: “Orduda son illər dinamikliyin artması itkilərin sayının da çoxalmasına səbəb olub”.
Cənab Rüstəmov eyni zamanda, orduda problem kimi xarakterlərin tez-tez dəyişməsini göstərib. “Silahlı Qüvvələrdə hər üç aydan bir kontingent dəyişir və yeni xarakterli gənclər mülki həyatdan hərbi həyata qədəm qoyur”, - deyə o bildirib.
Xatırladaq ki, “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından sonra Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3500 nəfərdən artıqdır.
Mərkəz itkilərin azaldılması üçün Azərbaycan Silahlı Qüvvələrinin bütövlükdə NATO standartlarına keçməsini, hərbi qulluqçuların əmək haqlarının 1500 manatdan başlamasını və sosial müdafiəsinin gücləndirilməsini lazım bilir.

XS
SM
MD
LG