Accessibility links

Azərbaycanın NATO ilə münasibətləri müzakirə edilib


Azərbaycanın NATO ilə münasibətləri müzakirə edilib
Azərbaycanın NATO ilə münasibətləri müzakirə edilib

NATO-nun Lissabon Sammitinin yekunları, NATO-nun yeni strateji konsepsiyası, NATO - Azərbaycan əlaqələri, NATO - Rusiya münasibətləri, regional təhlükəsizlik, Əfqanıstanda vəziyyət, Gürcüstan, Ukrayna və Azərbaycanın NATO ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

Rumıniyanın Azərbaycandakı səfirliyi və Azərbaycan -NATO Əməkdaşlıq İnstitutunun birgə təşkilatçılığı ilə “NATO-nun Lissabon Sammiti: Yeni strategiya konsepsiyası” mövzusunda konfrans keçirilib.
Konfransda NATO-ya üzv dövlətlərin Bakıdakı səfirliklərinin diplomatları, ekspertlər, müxalifət partiyalarının liderləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.
Forumda NATO-nun Lissabon Sammitinin yekunları, NATO-nun yeni strateji konsepsiyası, NATO - Azərbaycan əlaqələri, NATO - Rusiya münasibətləri, regional təhlükəsizlik, Əfqanıstanda vəziyyət, Gürcüstan, Ukrayna və Azərbaycanın NATO ilə əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
“NATO-nun yeni 10 illik strategiyasında yenə də kollektiv müdafiə sarsılmaz sənəd kimi qəbul edilib. NATO - Rusiya əməkdaşlığı da çox vacib şəkildə balanslaşdırılıb. Müştərək təşəbbüslər nəticəsində raketlərə qarşı mübarizə və Əfqanıstanla bağlı müzakirələr aparılacaq. Gürcüstan və Ukraynanın üzvlüyü gündəlikdə qalır və Gürcüstanın ərazi bütövlüyü gündəlikdən çıxarılmayıb”, - deyə Polşanın Azərbaycandakı səfiri Mixail Labenda bildirib.
Səfir strateji konsepsiyanın əsasən aşağıdakı istiqamətlər üzrə praktik əməkdaşlığı nəzərdə tutduğunu bildirib. “Əfqanıstanda sülhün bərpası, piratçılıqla mübarizə, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, beynəlxalq terrorizmə qarşı mübarizə, təbii fəlakətlərdə bərpa işləri zamanı əməkdaşlıq strategiyası və NATO strukturlarında islahatlar yeni sənəddə əksini tapıb”.
O hesab edir ki, hazırda kütləvi qırğın silahlarından istifadə ehtimalı yüksəkdir və bunun qarşısının alınması hazırlığı yetərincə deyil: “Bu ABŞ-ın Avropada iştirakını zəruri edir”.
NATO - Rusiya münasibətləri konfransda əsas diqqət mərkəzində olub. “Gürcüstan NATO-nun Rusiyaya davamlı çağırışlarına mühüm əhəmiyyət verir. Bu, Abxaziya və Cənubi Osetiyanın Gürcüstana qaytarılması çağırışlarıdır”, - deyə Gürcüstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Nikoloz Qoqitidze qeyd edib.
Bəzi ekspertlər və Azərbaycanın müxalif siyasi partiya rəhbərləri gürcüstanlı diplomatdan fərqli düşünür. Onlar NATO - Rusiya münasibətlərinin Azərbaycan - NATO, Gürcüstan - NATO əlaqələrinə xələl gətirməyəcəyinə ümid edir. “NATO - Rusiya münasibətlərində NATO - Cənubi Qafqaz münasibətləri diqqət mərkəzində olmalıdır. Bu münasibətlər Azərbaycan və Gürcüstanın NATO-ya üzvlüyünə zəmin yaratmalıdır”, - deyə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu qeyd edib.
Ekspertlər Azərbaycan və Gürcüstanın NATO-ya üzvlüyünü hazırki dönəmdə qeyri-mümkün sayır. Azərbaycan və Gürcüstanın əraziləri işğal altındadır. “NATO kollektiv müdafiə təşkilatıdır. Gürcüstan və Azərbaycan bu təşkilata qəbul edilərsə, bu ölkələrin ərazi bütövlüyünün təmin edilməsi məsələsi ortaya çıxar. Bu səbəbdən də Azərbaycan və Gürcüstanın üzvlüyü qeyri-realdır. Rusiyanın siyasəti də buna yönəlib. Ona görə, NATO - Rusiya münasibətləri ilk öncə ölkələrin ərazi bütövlüyünün təmin edilməsinə yönəlməlidir”, - deyə Bakı Dövlət Universitetinin doktoru Bəxtiyar Aslanbəyli xatırladıb.
Çıxışlarda Rusiyanın regionda avtoritar rejimləri və münaqişələri dəstəkləməkdə maraqlı olduğu qeyd edilib. Belə ki, münaqişələr və avtoritar rejimlər qloballaşmaya və Avroatlantik inteqrasiyaya mane olur. “Rusiya regionda sərt gücdən istifadə edirsə, siyasi vasitələrlə avtoritar rejimləri müdafiə edirsə, NATO-da demokratiya istəyi nümayiş etdirən xalqlarla işləməyə üstünlük verməlidir,”- deyə ekspert Sülhəddin Əkbər qeyd edib.
Müsavat və Xalq Cəbhəsi Partiyalarının liderləri Avroatlantik inteqrasiyanı dəstəklədiyini deyib. Amma, onlar hesab edir ki, Azərbaycan hazırda əks istiqamətdə hərəkət edir, Rusiya ilə münasibətləri inkişafdadır. “NATO yalnız hərbi deyil, siyasi və iqtisadi islahatları da tələb edir. Azərbaycan kimi avtoritar rejimlərdə isə bu mümkün deyil. İqtisadi islahatlar korrupsiyanın itirilməsi, siyasi islahatlar hakimiyyətin itirilməsi deməkdir. Hakimiyyət bunu yaxşı dərk edir”, - deyə Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.
Müxalifət liderləri ölkədə artıq bir sıra Avropa təşkilatlarına, o cümlədən Avropa Şurasına inamın sarsıldığını deyib. “Amma NATO-nun son sammitində Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünün dəstəklənməsi, bu təşkilata ümidləri artırıb. NATO hökumətlərlə yanaşı, Avropaya inteqrasiyanı dəstəkləyən xalqlarla da dialoq aparmalıdır. Necə ki, İrana qarşı çağırışlar olur, avtoritar rejimlərə də açıq çağırışlar edilməlidir. Azərbaycan demokratları Rusiyada da islahatları dəstəkləyir”, - deyə AXCP sədri Əli Kərimli vurğulayıb.
Ekspertlər də NATO-nun vətəndaş cəmiyyəti ilə münasibətlərinin inkişafına tərəfdardır. “NATO artıq 16 ildir Azərbaycanda hərbi islahatları dəstəkləyir. Amma nəticə görünmür”, - hərbi ekspert Üzeyir Cəfərov qeyd edib.

XS
SM
MD
LG