Accessibility links

Azərbaycanın NATO-ya inteqrasiyası müzakirə edilib


Azərbaycanın NATO-ya inteqrasiyası müzakirə edilib

Azərbaycanın NATO-ya inteqrasiyası müzakirə edilib

NATO-ya daxil olmaq Azərbaycana lazımdır? Bu gün “NATO: XXI əsrin siyasi və hərbi alyansı” mövzusunda keçirilən dəyirmi masada bu məsələ ətrafında müzakirələr aparılıb. Tədbir Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi və Rumıniya səfirliyi (NATO-nun Azərbaycandakı koordinatoru) tərəfindən təşkil olunub.

NATO-ya daxil olmaq Azərbaycana lazımdır? Bu gün “NATO: XXI əsrin siyasi və hərbi alyansı” mövzusunda keçirilən dəyirmi masada bu məsələ ətrafında müzakirələr aparılıb. Tədbir Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi və Rumıniya səfirliyi (NATO-nun Azərbaycandakı koordinatoru) tərəfindən təşkil olunub.
Demokratik İslahatlar Partiyasının sədri, parlamentin deputatı Asim Mollazadə deyib ki, Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ölkənin əsas siyasi qüvvələri arasında Avroatlantik məkana inteqrasiya ilə bağlı konsensus mövcuddur. “Lakin, Azərbaycanın NATO ilə bir sistemdə olması üçün vaxt, yeni idarəçilər nəslinin hazırlanması və demokratik institutların inkişafı lazımdır”.

Misal kimi o, Ukraynada “narıncı inqilabın” acı təcrübəsini qeyd edib, bu inqilabdan sonra ölkə guya NATO-ya hazır idi, amma indi cəmiyyətdə başqa əhval-ruhiyyə üstünlük təşkil edir.
”Gürcüstanın vaxtından əvvəl NATO-ya can atması və Alyansın Buxarest Sammitində imtina cavabı alması Tbilisi üçün 2008-ci il avqust hadisələri ilə nəticələndi. Həmin vaxt ölkə müdafiəsiz qaldı. Bəlkə də, Azərbaycan da belə bir müraciətdən çəkinərək öz təhlükəsizliyini təmin etdi”, - deyə cənab Mollazadə bildirib.
Lakin “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, Gürcüstan 2008-ci ilin avqustunda NATO-nun imtinasına görə deyil, Mixail Saakaşvilinin məsuliyyətsiz hərbi əməliyyatı ilə əlaqədar təcavüzə məruz qalıb. “Azərbaycana gəlincə, onun rəhbərliyi məqsədyönlü şəkildə NATO-ya üzvlükdən qaçır”, - deyə politoloq qeyd edib.
“Respublikaçı Alternativ” Vətəndaş Hərəkatının həmsədri İlqar Məmmədovun fikrincə, Azərbaycan rəhbərliyinin və NATO-nun dəyərləri fərqlidir. “Azərbaycan hakimiyyəti NATO-nun fundamental dəyərlərini - söz, mətbuat azadlığı, iqtisadi azadlıqlar, vətəndaş cəmiyyətinin iştirakını dəstəkləmir. Elə bu səbəbdən Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvlükdən qaçır”, - deyə cənab Məmmədov bildirib.
Öz növbəsində, NATO-nun Lissabon Sammitindən sonra yeni əməkdaşlıq siyasəti mövzusunda məruzə ilə çıxış edən ABŞ-ın Bakıdakı səfiri Metyu Brayza bildirib ki, Alyansın qapıları təşkilatın meyarlarına uyğun olduğu halda bütün demokratik Avropa ölkələri, o cümlədən Azərbaycan üçün açıqdır.
Konkret olaraq Azərbaycana gəlincə, Brayza deyib: “Son vaxtlar Azərbaycanın NATO üzvü olmaq niyyətində olduğunu eşitməmişəm. Yalnız Azərbaycanın NATO ilə sıx inteqrasiya istədiyini eşitmişəm.”
Cənab Brayzanın fikrincə, İran və Rusiya kimi qonşuları və Ermənistanla münaqişəsi olduğu bir halda Azərbaycanın mövqeyini milli təhlükəsizlik maraqları şərtləndirir. “Bununla belə, Azərbaycan 1999-cu ildə Alyansın Əfqanıstanda əməliyyatları üçün öz hava məkanını açıb. Bu da çox mühüm geostrateji qərar idi”.
Səfir həmçinin ABŞ-ın Azərbaycanda demokratikləşmə proseslərini dəstəklədiyini və bəzi irəliləyişlər olduğunu qeyd edib. Jurnalist Eynulla Fətullayevin həbsdən azad edilməsini bunun göstəricisi kimi qeyd edib.
Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Rolan Kobiya qeyd edib ki, Azərbaycanın NATO və ÜTT-ə üzvlüyü ölkənin könüllü seçimidir. Bununla belə, islahatlar və ÜTT-ə üzvlük Azərbaycan üçün Aİ ilə azad ticarət haqqında razılaşmaq imkanı və Avropa bazarlarında üstünlüklər verərdi.
Deputat Rasim Musabəyovun fikrincə, Azərbaycan və NATO arasında əməkdaşlığı üzv olmadan da inkişaf etdirmək olar. “Azərbaycanın NATO-ya daxil olması ilə bağlı qeyri-müəyyənlik təkcə ölkə hakimiyyətinin mövqeyinin aydın olmaması ilə deyil, həm də Alyansın öz mövqeyində müəyyənlik olmaması ilə əlaqədardır”.
2008-ci il avqust hadisələrinə toxunan cənab Musabəyov qeyd edib ki, ABŞ və NATO nə rus tanklarının qarşısını kəsmək və nə də onların Tbilisiyə daxil olmasının qarşısını almaq iqtidarında oldu. Eyni zamanda bu hadisələr göstərdi ki, NATO Gürcüstanın ərazi bütövlüyünün bərpası məsələsini həll etmək istəmir.
Azərbaycanın “Qoşulmama hərəkatına” qoşulmasına münasibət bildirən deputat qeyd edib ki, bu addım təkcə NATO-dan uzaq olmaq istəyini deyil, həm də Kollektiv Təhlükəsizlik və Müdafiə Təşkilatına daxil olmamaq istəyini göstərir. “NATO Azərbaycandakı problemlərin başa düşülməsinə kifayət qədər diqqət göstərmir. Belə ki, Ermənistan Azərbaycanın neft insfrastrukturuna raket zərbələri endirəcəyi ilə hədələdiyi bir şəraitdə NATO nəinki Azərbaycana müvafiq silah sistemləri verməkdən imtina edir, həm də hərbi xərcləri azaltmağa çağırır. Bu vəziyyətdə Azərbaycana İsrail və ya elə həmin Rusiya ilə əməkdaşlıq axtarmaq qalır. Lakin, ümumilikdə NATO ilə əməkdaşlıq perspektivləri müsbətdir. Sosioloji sorğulara əsasən, əhalinin yarından çoxu ölkənin NATO-ya inteqrasiyasını dəstəkləyir və yalnız 10,2% Alnaysa üzv olmağın tərəfdarıdır. Bundan başqa, Azərbaycanın Türkiyə ilə hərbi-texniki əməkdaşlığı NATO ilə münasibətləri də möhkəmləndirir”.
Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Əliyeva hesab edir ki, 1990-cı illərdə Azərbaycan indikindən çox zəif idi, amma NATO ilə yaxınlaşmaya yönəlmiş ardıcıl və möhkəm siyasət yürüdürdü.

XS
SM
MD
LG