Accessibility links

Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli: İran məsələsi artıq dünya siyasətinin episentrindədir


Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli: İran məsələsi artıq dünya siyasətinin episentrindədir
Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli: İran məsələsi artıq dünya siyasətinin episentrindədir

İran prezidenti Azərbaycanla BMT-nin sanksiyalarından doğan məsələləri müzakirə edib

Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli İran prezidentinin Azərbaycana rəsmi səfəri, müzakirə edilən məsələlər, İrana qarşı sanksiyalar, İranda yaşayan azərbaycanlıların problemləri ilə bağlı “Amerikanın səsi” radiosuna eksküliziv müsahibə verib.

Sual: İran prezidentinin Azərbaycana səfərinin ictimai-siyasi əhəmiyyəti nədir?

Cavab: Yaşadığımız dövr üçün bu adi hadisə sayılmamalıdır. Çünki, BMT-nin Təhlükəsizlik Şurasının İranla bağlı bir neçə qərarı var. Azərbaycan rəhbərliyi də BMT-nin sanksiyaları ilə bağlı mövqeyini açıqlamayıb.

Bir sıra ölkələr artıq İrana qarşı sanksiyalar tətbiq edir. Belə bir anda İran prezidentinin Azərbaycana səfər edir və üzdə sıradan bir sənəd imzalanır. Əlbəttə, İran prezidenti tək bir memorandum imzalamaq üçün Azərbaycana rəsmi səfər etməzdi. Burada görünür ki, mediaya adları açıqlanmayan sənədlərdə imzalanıb və ya razılaşdırılıb. Birincisi, çox yəqin ki, İran Azərbaycandan və ya Azərbaycan vasitəsi ilə digər ölkələrdən öz ehtiyacını ödəmək istəyir. Yəni, sanksiyalardan doğan məsələlərin həllini istəyir. İranın çox böyük hərbi ehtiyacları var. Onun hansısa komponentlərini Azərbaycandan və ya Azərbaycan vasitəsi ilə digər ölkələrdən ödənilməsini istəyə bilər. Eyni zamanda, İranın benzinə və neft məhsullarına ehtiyacları var və bunun Azərbaycan tərəfdən ödənilməsini istəyə bilər. Mənə elə gəlir ki, Azərbaycanla danışıqlarda ümumi məsələlərlə yanaşı sanksiyalardan irəli gələn məsələlər də müzakirə edilib.

Sual: Məhz, İran prezidentinin səfəri Amerikanın maliyyə kəşfiyyatı üzrə maliyyə nazirinin müavininin Azərbaycana səfərindən bir qədər sonraya təsadüf edir.

Cavab: İran illərlə Azərbaycanın qərb müttəfiqləri ilə əlaqələrini məhdudlaşdırmasına çalışıb və Azərbaycana bu məqsədlə təzyiqlər edib. Azərbaycanın İsrail ilə münasibətlərinin isə ümumiyyətlə kəsilməsini tələb edib. Çox ehtimal ki, bu məsələlər də gündəlikdə olsun. Amma, mən buna o qədər də inanmıram. Çünki, indiki anda məsələlər bir-birini inandırmaq və ya təsir göstərmək səviyyəsində deyil. İranın məsələsi artıq dünya siyasətinin episentrindədir. Bundan doğan məsələlər İran prezidentini maraqlandıra bilər, nəinki ümumi təlqinlər. Belə ki, Azərbaycanın coğrafi mövqeyi İran məsələsində çox önəmlidir. Amerika rəsmisinin səfəri zamanı da Azərbaycanın coğrafi mövqeyi və sanksiyalara qoşulması məsələsi müzakirə mövzusu olub. Təəssüf ki, Amerika rəsmisinin apardığı danışıqlarla bağlı müfəssəl məlumat verilmədi və çox güman ki, İran prezidentinin apardığı danışıqların nəticələri də uzun müddət mediaya qapalı qalacaq.

Sual: Azərbaycan BMT-nin sanksiyalarına qoşulmazsa, hansı təhlükələrlə üzləşə bilər?

Cavab: İlk öncə, Azərbaycan İranın nüvə dövlətinə çevrilməsində maraqlı olmamalıdır. Azərbaycan üçün ən böyük təhlükə İranın nüvə dövlətinə çevrilməsidir. Azərbaycanla İranın münasibətləri üzdə, ritorikada normal olsa da, İran tərəfi bir qayda olaraq Azərbaycana təzyiqlər göstərib. Müxtəlif məsələlərdə Azərbaycanı xarici siyasətində məhdudiyyətlər yaratmağa çağırıb. Xəzərin hüquqi statusu və neft məsələlərində iki dövlətin mövqeyi üst-üstə düşmür. Qarabağ problemində də İran özünü təcavüzkar Ermənistanın hamisi, strateji müttəfiqi kimi aparır.

Əgər Bakı sanksiyalara qoşularsa İranın təzyiqləri bir qədər də artacaq. Əslində rəsmi Bakı da dilemma qarşısında qalıb. Bir qayda olaraq Bakı İrandan, Rusiyadan və digər başqa dövlətlərdən daim qorxu hiss edib. Bu halda Azərbaycan sanksiyalara qoşularsa bu qorxu, bir qədər də artacaq.

Eyni zamanda, qərbin və beynəlxalq təşkilatların da Azərbaycana təzyiqləri var.

Xüsusilə, parlament seçkilərindən sonra Amerika Dövlət Departamentinin bəyanatının beynəlxalq təşkilatların mövqeyindən daha sərt olması buna bir işarədir. Mənə elə gəlir ki, rəsmi Bakı sanksiyalara münasibət məsələsində mövqeyini hələ müəyyən edə bilməyib.

Sual: Bir qayda olaraq Azərbaycan-İran danışıqlarında bütün məsələlərə toxunulur, amma İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələlər gündəlikdə olmur. Bunu necə qiymətləndirirsiniz?

Cavab: Rəsmi Bakı heç zaman İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı məsələni gündəliyə gətirməyib, heç vaxt bu məsələni müzakirə predmeti etməyib. Çünki, Azərbaycan hakimiyyəti milli hökumət deyil və milli maraqlardan çıxış etmir. Azərbaycan İranla danışıqlarda daim müdafiə mövqeyindən çıxış edib. Bu dəfə də İranda yaşayan azərbaycanlıların problemi gündəlikdə olmayacaq.

XS
SM
MD
LG