Accessibility links

Azərbaycanın yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb


Azərbaycanın yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

Azərbaycanın yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb

Əfqanıstanın aviasiya administrasiyasının məlumatına görə, Bəhram hava limanının yaxınlığında təyyarə ilə əlaqə kəsilib və radarlardan itib. Uçuşu idarə edən dispetçer Kabil aeroportunun 25 kilometrliyində yerdən 4000 metr yüksəklikdə alovun göründüyünü bildirib.

Iyulun 6-da gecə saatlarında Azərbaycanın BK-76 yük təyyarəsi Əfqanıstanın Bəhram hava limanı yaxınlığında qeyri-müəyyən şəraitdə qəzaya uğrayıb. Təyyarənin bortunda 9 nəfər olub.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası (ADMAA) məlumatına görə, təyyarə Azərbaycanın özəl Silk Way aviaşirkətinə məxsusdur.

Əfqanıstanın aviasiya administrasiyasının məlumatına görə, iyulun 6-da yerli vaxtla saat 00:10-da (Bakı vaxtı ilə 02.10-da) Bəhram hava limanının yaxınlığında təyyarə ilə əlaqə kəsilib və radarlardan itib. Uçuşu idarə edən dispetçer Kabil aeroportunun 25 kilometrliyində yerdən 4000 metr yüksəklikdə alovun göründüyünü bildirib. “Əlaqə kəsilməzdən öncə ekipajdan nasazlıq və ya qəza vəziyyəti barədə heç bir məlumat daxil olmadığından, ehtimal olunur ki, təyyarə naməlum obyektlə toqquşub”, - deyə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatında deyilir.

“Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan mediasına açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Bəhram marşrutu ilə uçan hava gəmisinin bortunda 18 ton yük olub. Bu, Bakı beynəlxalq hava limanında yüklənib və təyyarə Bakı vaxtı ilə saat 21.26-da yola düşüb. Yükgötürmə qabiliyyəti 40 ton olan təyyarə 2005-ci ildə inşa edilib və sonuncu dəfə 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda isə növbəti planlı texniki baxışdan keçib. Ekipaja təcrübəli pilot Kuzmin Sergey Viktoroviç (1969-cu ildə anadan olub, 4576 saat uçub) rəhbərlik edib. Qəzanın səbəblərinin araşdırılması üçün ADMAA komissiya yaradıb. Əfqanıstan aviasiya administrasiyasının razılığı ilə komissiya hadisə yerinə gedəcək.

Qəzanın araşdırılması üzrə komissiyanın üzvü, Silk Way aviaşirkətinin direktorunun müşaviri Adil Qasımov jurnalistlərə bildirib ki, təyyarənin ekipajı komandir Sergey Kuzmin (1969-cu ildə anadan olub), ikinci pilot Oleq Marşixin (1979-cu il), şturman İqor Çjen (1966-cı il), bort mühəndisi Vladimir Şatobin (1969-cu il), bort radisti Əhmədcan Xacayev (1955-ci il), bort operatoru Elnur Mahmudov (1981-ci il), bort operatoru Tapdıq Qəhrəmanov (1964-cu il), aviatexnik Əfqan Rəhimov (1980-cı il), aviatexnik Mehman Hüseynov (1962-ci il). Onun sözlərinə görə, hələlik ekipajın taleyi barədə məlumat yoxdur.

Azərbaycanın Pakistandakı səfirliyinin 3-cü katibi Çingiz Qəribli APA agentliyinə bildirib ki, Əfqanıstan hökumətinin nümayəndələri xilasedicilər təyyarənin düşdüyü yerə çatdığını deyib. “Hələlik təyyarənin “qara qutu”su və ekipaj üzvlərinin cəsədləri tapılmayıb. Hazırda ərazidə intensiv axtarış işləri davam etdirilir”.

XS
SM
MD
LG