Accessibility links

Baş məqalə: İranda siyasi məhbuslara azadlıq


Bu məqalə ABŞ hökumətinin mövqeyini əks etdirir

İran hökuməti beynəlxalq miqyasda tanınan İranın məşhur kino rejissoru Cəfər Pənahini həbsdən azad edib. Onu keçən il iyun ayında mübahisəli prezident seçkilərdən sonra ölkədə baş verən zorakılıqlar haqda film çəkmək planına görə ittiham edərək mart ayının əvvəllərində həbs etmişdilər. Dünyanın tanınmış insan hüquqları fəalları, jurnalistlər, rəssamlar və kino rejissorlar onu dəstəkləmiş, onun həbsini pisləmiş və onunla həmrəyliklərini bildirmişlər. Cənab Pənahini may ayının 25-də 200 min dollar müqabilində zəmanətlə həbsdən azad etmişlər.

Cənab Pənahinin həbsdən azad edilməsi razılıqla qarşılanıb. Lakin bu on illərdə məhkəməsiz çox sayda adamın həbsdə olması və onların məhkəmələrinin ədalətli keçməməsi barədə dərin narahatlıqlar qalmaqdadır. Beynəlxalq ictimaiyyət həmçinin məhbusları uzun müddət təkadamlıq kameralarda saxlamaq, qanunsuz təzyiq göstərmək, xəstələri tibbi müalicədən məhrum etmək də daxil olmaqla, həbsxanalardakı vəziyyətdən narahatdır.

Tələbə və insan hüquqları fəali Məcid Təvəkkülünü tələbə günü münasibətilə etdiyi çıxışa görə ittiham edərək, 2009-ci il dekabr ayının 7-də həbs ediblər. Onu 8 il həbs cəzasına məhkum ediblər. Onun vəkilinə məhkəmədə iştirak etməyə icazə verməyiblər və məhkəmə iclasçıların iştirakı olmadan təşkil edilib. Cənab Təvəkküli mayın 22-də Evin həbsxanasında aclıq elan edib, ailəsi onun səhətindən olduqca nigaran olduğunu və aclıq aksiyasının onun vəziyyətini daha da pisləşdirəcəyini düşünür.

Birləşmiş Ştatlar İran hökumətini ədalətsiz olaraq dinc yolla öz hüququnu tələb etdiyinə görə həbs etdiyi bütün məhbusları azad etməyə səsləyib. Birləşmiş Ştatlar həmçinin İran hökumətini ədalətsiz məhkəmələrdə milli təhlükəsizliyə təhlükə törədməkdə itiham etdiyi vətəndaşlarını edama məhkum etməyə son qoymağa çağırıb.

Prezident Barak Obama bu il Novruz bayramı münasibətilə İran xalqına ünvanladığı təbrik müraciətində deyib ki, Birləşmiş Ştatlar bütün insanların fundamental insan hüquqlarını dəstəklənməsi üçün öhdəliklər və məsuliyyətlər götürüb: “Bu hüquqlara söz azadlığı, qorxusuz toplaşma azadlığı , insana və onun ailəsinə cəza qorxusu olmadan öz fikrini bəyan etmək və qanun qarşısında bərabərlik hüququ da daxildir”.

Prezident Obama deyir: “Amerika iranlıların öz hüquqlarından istifadə edəcəyinə ümid edir və o, İran hökumətini öz xalqının ləyaqətinə, şərəfinə və fundamental insan hüquqlarına hörmət etməyə və beynəlxalq miqyasda öz üzərinə götürdüyü öhdəlikləri və məsuliyyətləri yerinə yetirməyə səsləyir”.

XS
SM
MD
LG