Accessibility links

Baş nazir Artur Rasizadə: Azərbaycanda yüksək iqtisadi inkişaf heyrətləndiricidir


Baş nazir Artur Rasizadə: Azərbaycanda yüksək iqtisadi inkişaf heyrətləndiricidir
Baş nazir Artur Rasizadə: Azərbaycanda yüksək iqtisadi inkişaf heyrətləndiricidir

Azərbaycan hökuməti parlamentə hesabat verib. Parlament hökumətin hesabatını qəbul edib. Müxalifət hesab edir ki, Azərbaycan inqilablar yaşanmış Misir və Tunisdən də korrupsioner ölkədir

Bu gün Azərbaycan hökuməti 2010-cu ilin yekunları ilə bağlı parlamentə hesabat verib. Hökumətin hesabatını baş nazir Artur Rasizadə təqdim edib. Baş nazir 2004 - 2010-cu illərdə Azərbaycanda yüksək iqtisadi inkişafı heyrətləndirici adlandırıb. Onun fikrincə, Azərbaycanda iqtisadi böhran hiss edilməyib. Baş nazir son illərdə ölkədəki iqtisadi və sosial inkişafı statistik rəqəmlərlə xarakterizə edib. ”2004 - 2010-cu illərdə ümumdaxili məhsulun həcmi 3 dəfə, o cümlədən, qeyri-neft sektorunda 2 dəfə, sənaye istehsalı məhsulları 2,8 dəfə, əsas kapitala qoyulan investisiyalar 2,9 dəfə artıb. Xarici ticarət dövriyyəsi 5,4 dəfə, banklardakı əmanətlər 12 dəfə, kredit qoyuluşları 13,7 dəfə, əhalinin gəlirləri 4,5 dəfə, orta aylıq əmək haqqı 4,2 dəfə, minimum əmək haqqı 7,1 dəfə, pensiyaların orta məbləği 4,7 dəfə artıb. Yoxsulluğun səviyyəsi 5 dəfə azaldılıb, 913 min yeni iş yeri yaradılıb”.

Milli Məclisin sədri Oqtay Əsədov Nazirlər Kabinetinin hesabatının yüksək səviyyədə hazırlandığını deyib. “2010-cu ildə ümumi daxili məhsul 5 faiz artıb, hazırda ölkənin valyuta ehtiyatları 30 milyard dollardan artıqdır. Azərbaycan iqtisadiyyatına 14 milyard dollar investisiya qoyulub və bu əvvəlki illərlə müqayisədə 32.4 faiz çoxdur. Həmin 14 milyard dolların 52.5 faizi Azərbaycanın öz vəsaitidir. Azərbaycanın 147 ölkə ilə 28 milyard dollarlıq ticarət dövriyyəsi var ki, bunun da 44 faizi Avropa İttifaqının payına düşür”.

Oqtay Əsədov qeyd edib ki, nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanı investisiya üçün əlverişli ölkə sayır. “2010-cu ildə əmək haqları 9.1 faiz artaraq orta aylıq əmək haqqı 325 manat təşkil edib”.

Deputat Vahid Əhmədov süni qiymət artımının monopoliyalarla bağlı olduğunu deyib. Onun sözlərinə görə, 2006-2011-ci illərdə Dövlət Neft Fondundan büdcəyə 20 milyard manat vəsait daxil olub və bu büdcənin 30 faizini təşkil edir: “Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün investisiyaların 10-12 faizi kənd təsərrüfatın ayrılmalıdır”, - deyə o qeyd edib.

Deputat Əli Məsimli sovet dönəmində banklarda batmış əmanətlərin qaytarılması məsələsini qaldırıb.

Deputat Fazil Mustafa isə hökumətin hesabatını tənqid edib. “Müəllimlərin, həkimlərin və polisin maaşı artırılmalıdır”

O həmçinin hökumətin istefa verməsini və hakimiyyətin gənc kadrlara ötürülməsini təklif edib.
Öz növbəsində, müxalifətdə olan siyasi partiyalar hökumətin hesabatının gülüş doğurduğunu bildirir. Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə işsizlərin sayı artdığı bir halda bunların sayğacı yenə də sayır deyə bildirib. “İşsizlərin sayı artır, iş yerləri bağlanır, insanlar ölkəni tərk edir. Amma hökumət sayğacını deyəsən açıq saxlayıb ki, iş yerlərinin sayı artsın. Əvvəl 700 min olan rəqəmi bunların sayğacı artıq artıraraq 900 min edib. Artur Rasizadənin belə bir çıxışı acı gülüş doğurur. Belə görünür ki, hökumət dünyada baş verənlərdən nəticə çıxarmayıb. Yenə də hesab edirlər ki, xalqı aldada bilərlər. Bütün dünya Azərbaycanda korrupsiyanın inkişafından danışır. Beynəlxalq reytinqlərə görə, Azərbaycan inqilablar yaşanmış Misir və Tunisdən də korrupsioner ölkədir. Azərbaycanda çox ciddi təbəqələşmə var. Ölkənin var-dövləti bir qrup oliqarxın əlində cəmləşib. Əhalinin böyük bir hissəsi gündəlik dolanışığı ilə məşğuldur. Bu, ünvanlı sosial yardımlar necə verilib? Bilmirəm, korrupsiya ilə bağlı deyilənlər onlara aid olacaq, ya yox. Son vaxtlaradək ən kasıb insanlara ayrılan həmin ünvanlı sosial yardımın altı aylığını belə, mənimsəyirdilər. Ən kasıb insanlara ayrılan sosial yardıma şərik olan, dövlət büdcəsindən hər il investisiya xərci adı altında ayrılan 4 milyard vəsaitin böyük bir hissəsini korrupsiya layihələri altında mənimsəyən insanların xalqa diqqətdən danışmağa nə haqqı var? Azərbaycanda klassik mənada nə parlament, nə də hökumət var. Ona görə də açığı hökumətin parlamentə hesabat verməsi bir ironiya yaradır. Onların heç birini xalq seçməyib və onların xalqa aidiyyatı yoxdur”, - deyə AXCP sədri qeyd edib.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını tənqid edib. Onun sözlərinə görə, tələbə qəbulunda rüşvətxorluq halları var. “Bakı Dövlət Universitetinin hüquq fakültəsi və Tibb Universitetinə tələbə qəbulu üçün alınan pulun miqdarı 100-150 min manatdır. İldə 700-800 əlavə tələbə qəbulundan alınan pulların miqdarı milyonlarla hesablanır. Tələbə qəbulunda rüşvətxorluğa son qoymaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ciddi islahatlar aparılmalıdır”, - deyə deputat bildirib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməti isə deputatın dediklərini təkzib edib. “Millət vəkili Fəzail Ağamalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ünvanına səsləndirdiyi fikirlər tamamilə cəfəngiyatdır və heç bir əsası yoxdur”, - deyə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib.

Yeni Azərbaycan Partiyası sədr müavini, deputat Əli Əhmədov ölkədə vətəndaşların mənzillə təmin olunması istiqamətində 10 illik dövlət proqramının hazırlanması ilə bağlı təklifi ilə çıxış edib. “Hökumət 1 milyard manat ayırmaqla on minlərlə vətəndaşın mənzil problemini həll edə bilər. Bu proqram həmçinin əhalinin işlə təmin olunmasına öz töhfəsini verər”.

XS
SM
MD
LG