Accessibility links

AzadlıqRadiosunun Bakı Bürosunun keçmiş rəhbəri ölkədən buraxılmayıb


Babək Bəkir

Babək Bəkir

Fevralın 23-də səhər saatlarında AzadlıqRadiosunun Bakı Bürosunun keçmiş koordinatoru Babək Bəkirin Bakı aeroportunda ölkəni tərk etməsinə icazə verilməyib. Bu barədə Babək Bəkirin özü Amerikanın Səsinə bildirib.

“Müalicə üçün Tbilisiyə gedirdim. Sərhəd keçid məntəqəsindən məni buraxmadılar. Dedilər ki, Baş Prokurorluq tərəfindən xaricə çıxışıma “stop” qoyulub”, o bildirib.

Babək Bəkir şahid qismində Bakı Şəhər Prokurorluğunda Xədicə İsmayıla qarşı olan (özünü öldürmə həddinə çatdırma) itrtiham üzrə və Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində (QHT-lərə qarşı olan cinayət işi) şahid qismində dindirilib.

“Hər iki halda mənə ölkəni tərk edib-etməməklə bağlı bir söz deməyiblər”, o qeyd edib.

Babək Bəkir 2010-2014-cü illərdə AzadlıqRadiosunun Bakı Bürosunun koordinatoru olub.

Xatırladaq ki, 2014-cü il dekabrın 26-da AzadlıqRadiosunun Bakı Bürosu möhürlənəndən sonra radionun 26 jurnalisti və ştatdankənar əməkdaşı dindirilib. Bu il fevralın 23-də isə radionun daha bir ştatdankənar əməkdaşı istintaqda dindirilib.

Həmçinin fevralın 23-də Binəqədi Rayon Məhkəməsi Elman Türkoğlunun böhtan iddiası üzrə AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılı 2500 manat cərimə edib. Məhkəmə Bakı İstintaq Təcridxanasında qapalı keçirilib.

XS
SM
MD
LG