Accessibility links

İŞİD İraqda bir neçə fərqli hücum həyata keçirib


İŞİD-ın bazar günü İraq boyu həyata keçirdiyi hücumlar azı 29 nəfərin ölümünə, 70-dən çoxunun yaralanmasına səbəb olub.

İraq rəsmiləri deyib ki, Bağdad yaxınlığında dövlətə məxsus təbii qaz obyektində törədilən qanlı hücumda təxminən 14 nəfər həlak olub, 27 nəfər isə yaralanıb. Hücumun məsuliyyətini İŞİD öz üzərinə götürüb.

Tajidə qaz hasilatı zavodunun darvazası önündə təhlükəsizlik kameraları intiharçının maşını partlatmasını qeydə alıb. Hadisə Bağdaddan 20 kilometr aralıda, yerli vaxtla səhər saat 6 radələrində törədilib.

Partlayışdan sonra partlayıcı jiletlər geyinmiş altı terrorçu digər bir maşında obyektə daxil olub.

Bağdadın Əməliyyat komandirinin sözçüsü deyib ki, təhlükəsizlik qüvvələri bir saat davam edən atışmadan sonra hücumçuları geri çəkilməyə məcbur edə bilib.

Amma silahlı şəxslər zavodun qaz ambarından üçünü yandırmağa müvəffəq olub.

İŞİD-ə bağlı Aamaq xəbər agentliyi bildirib ki, hücuma görə “xilafət əsgərləri” adlı qrup məsuliyyət daşıyır.

Polisin bildirdiyinə görə Bağdadın digər yerlərində üç fərqli hücum törədilib. Bu hücumlar əsasən ticarət ərazilərində törədilib və azı səkkiz mülkü vətəndaşın ölümünə, 28-nin isə yaralanmasına səbəb olub.

XS
SM
MD
LG