Accessibility links

Müəllimin evindən 40.000 manat pulla yanaşı, 79.300 ABŞ dolları, 61.260 manat, 13.020 avro götürülüb.

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "Cinayət hüququ və kriminologiya" kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi Məhəmməd İmanlı rüşvət başında yaxalanıb.

Respublika Prokurorluğunun mətbuat xidmətinin məlumatına görə, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 manat pul tələb edərək, mayın 5-də yaşadığı evdə bu pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

Yaşadığı evə baxış keçirilərkən M.İmanlı Bakı şəhər sakinindən rüşvət kimi aldığı 40.000 manat pulu təqdim edib, həmçinin yaşadığı evdən müxtəlif əskinaslarla ümumilikdə 79.300 ABŞ dolları, 61.260 manat, 13.020 avro və vətəndaşın adına olan əvvəlki təhsil müəssisəsini bitirməsinə dair diplomun surəti, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.

Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. O təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

M.İmanlı 1993-cü ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin "Cinayət hüququ və kriminologiya" kafedrasında müəllim, baş müəllim, dosent, həmçinin 2004-2011-ci illərdə Hüquq fakültəsində dekanın 1-ci müavini vəzifələrində işləyib.

XS
SM
MD
LG