Accessibility links

Bakı Eurovision mahnı müsabiqəsinə hazırlaşır (Audio)


İşçi qrupun rəsmisi Tahir Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, hazırda zalda səhnənin, işıqlandırma sisteminin, audio-vizual avadanlıqların quraşdırılması davam etdirilir.

Eurovision mahnı müsabiqəsinə hazırlıq işləri başa çatmaqdadır. Eurovision mahnı müsabiqəsi “Bakı-2012”-nin işçi qrupunun piar və kommunikasiya rəhbəri Tahir Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, müsabiqənin keçiriləcəyi “Bakı Kristal Zalı”nda səhnənin işıqlandırma, audio-vizual avadanlıqların quraşdırılması davam etdirilir. “İlkin məşqlərə qədər işlər tam başa çatdırılacaq. May ayının birinci yarısında zalda sınaq tədbirləri keçiriləcək”.
Onun sözlərinə görə, müsabiqənin ümumi qaydalarına uyğun olaraq, hər bir nümayəndə heyəti üçün bir böyük tutumlu avtobus və bir minik avtomobili ayrılıb. Nümayəndə heyətləri mayın 10-dan başlayaraq Bakıya gələcəklər.
Mahnı müsabiqəsi dövründə “Bakı Kristal Zalı”ndan mahnı müsabiqəsində iştirak edən və akreditə olunmuş şəxslər üçün paytaxtın müxtəlif istiqamətlərinə 5-6 marşrut üzrə avtobuslar işləyəcək. “Bu avtobuslarda gediş pulsuz olacaq. Avtobus marşrutları, hava limanı da daxil olmaqla, əksər otelləri əhatə edəcək”, - deyə o qeyd edib.
Cənab Məmmədovun sözlərinə görə, yerli təhlükəsizlik qurumları Avropa Yayım Birliyi və onun ekspertləri ilə birgə təhlükəsizlik planı hazırlayıb. “Artıq beynəlxalq müsabiqənin qaydalarına uyğun olaraq, ölkədə təhlükəsizlik tədbirləri həyata keçirilir. Avropa Yayım Birliyinin və onun məşvərət qrupunun ölkədə həyata keçirilən təhlükəsizlik tədbiri barədə müsbət rəyi var. Bu günlərdə müsabiqənin rəhbəri Yan Ola Sand bildirib ki, Bakı çox təhlükəsiz şəhərdir və hətta mərkəzi Avropanın bəzi şəhərlərindən daha təhlükəsizdir”.
Onun sözlərinə görə, kommunikasiya məsələsini Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir. “Kommunikasiya məsələləri çox ciddi standartlar tələb edir. Artıq bütün sahələr üzrə işlər tamamlanmaqdadır”.
Piar və kommunikasiya rəhbəri müasir standartlara cavab verən yeni mətbuat mərkəzinin hazır olduğunu deyib. “Mətbuat Mərkəzində 1600 jurnalistin eyni vaxtda keyfiyyətli fəaliyyəti üçün şərait və texniki imkanlar var”, - deyə o qeyd edib.

XS
SM
MD
LG