Accessibility links

Bakıda Avropa idman nazirlərinin sammiti keçirilib


Bakıda Avropa idman nazirlərinin sammiti keçirilib
Bakıda Avropa idman nazirlərinin sammiti keçirilib

Oyunların nəticələrinə təsir edən amillərin aradan qaldırılması, ümumavropa idman əməkdaşlığı, idmançılar üçün vizaların verilməsi, dopinqdən istifadə etmənin qarşısının alınması müzakirə edilib

Bakıda Avropa ölkələrinin idman nazirlərinin 18-ci qeyri-formal sammiti keçirilir. Sammitdə 47 ölkədən idman nazirləri, nazir müavinləri, o cümlədən beynəlxalq idman təşkilatlarının təmsilçiləri iştirak edir.

Forumda oyunların nəticələrinə təsir edən amillərin aradan qaldırılması, idmanın təmizliyinin və bütövlüyünün qorunub saxlanılması, ümumavropa idman əməkdaşlığı, idmançılar üçün vizaların verilməsi, dopinqdən istifadə etmənin qarşısının alınması, Avropa İttifaqı ilə Avropa Şurası arasında əməkdaşlıq məsələləri müzakirə edilir. Bununla yanaşı, Antidopinq Konvensiyası, İdman Yarışları və Futbol Oyunları Zamanı Tamaşaçılar Tərəfindən Nalayiq Hərəkətlər və Zorakılığa Qarşı Mübarizə Konvensiyasının monitorinqi diqqət mərkəzində olub.

AŞ-nin İdman və Gənclər Baş Direktorluğunun rəhbəri Qabriella Battaini-Draqoni bildirib ki, sammitdə hüquqi müəyyənlik adlandırdılan konsepsiya müzakirə edilib. “Biz əvvəlcədən nəticəsi razılaşdırılmış oyunlar, qeyri-qanuni mərc oyunları, antidopinq siyasəti və idmanda zorakılığa qarşı mübarizə aparılması kimi məsələlərdə qətiyyət nümayiş etdiririk. Bundan əlavə, idmançılara asanlıqla viza verilməlidir. Bütün bunlar, idmanın ədalətli və şəffaf həyata keçirilməsinin təmin edilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. İdmanda korrupsiyaya yol verilməməlidir. Heç bir şəkildə korrupsiya idman fəaliyyətinə daxil ola bilməz”.
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov müzakirə edilən problemlərin Azərbaycan üçün də vacib əhəmiyyət daşıdığını deyib. “Bu günlərdə Azərbaycanda futbol totalizatoru fəaliyyətə başlayır. Həmin sahədə dünyada və Avropada olan təcrübə bizim üçün çox vacibdir. Bundan əlavə, dopinq məsələsi də Azərbaycan üçün önəmlidir. Ağır Atletika Federasiyasında bununla bağlı məsələlər bizi çox narahat edir. Çox istərdik ki, idmançılarımız dopinqdən istifadə etməsin. Bu istiqamətdə təbliğatın gücləndirilməsini, nəzarətin artmasını istərdik”.
Cənab Rəhimov idmançıların viza problemi ilə üzləşməsi ilə bağlı da narahatlığını bildirib. “İdmançılarımız viza almaqda çox əziyyət çəkir. Bunun nəticəsində beynəlxalq yarışlara vaxtında, qabaqcadan gedə bilmirlər. Bu da vizanın müddətinin çox qısa olması ilə bağlıdır”.

XS
SM
MD
LG