Accessibility links

Bakıda Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi müzakirə edilib


Bakıda Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi müzakirə edilib

Bakıda Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsi müzakirə edilib

Avropa Məhkəməsi indiyədək 10-cu maddə üzrə Azərbaycanla bağlı iki qərar qəbul edib, 40 şikayətə isə baxılacaq.

Bakıda azərbaycanlı hakimlər üçün keçirilən seminarın mövzusu əsas insan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin tətbiqi üzrə Strasburq məhkəməsinin təcrübəsi olub.
Seminarı Avropa Şurası və Avropa İttifaqının “Cənubi Qafqazda və Moldovada KİV azadlığına, peşəkarlığına və plüralizminə dəstək” layihəsi çərçivəsində Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti (rəhbəri hüquqşünas Xalid Ağəliyev) təşkil edib. Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov qeyd edib ki, ölkə hakimiyyəti hüquqi müdafiə mövzusuna mühüm əhəmiyyət verir. Bu, 2011-ci ilin sonlarında təsdiq edilmiş insan hüquq və azadlıqlarının müdafiəsinin effektivliyinin artırılması üzrə milli proqramda da əksini tapıb.

Cənab Əsgərovun sözlərinə görə, AİHM indiyədək Avropa Konvensiyasının 10-cu maddəsi üzrə Azərbaycanla bağlı iki qərar qəbul edib (jurnalistlər Yaşar Ağazadə və Eynulla Fətullayevin işi üzrə) . O qeyd edib ki, son 2-3 ildə Azərbaycanda 10-cu maddəyə aid edilən məsələlər üzrə heç kim mühakimə olunmayıb.

Aİ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Cerom Pons bildirib ki, Aİ Avropa Şurasının demokratik dəyərlərini bölüşür və istəyir ki, Azərbaycanda “media daha şəffaf, hakimlər daha müstəqil olsun”. “Biz bu məsələləri Azərbaycanla çox müzakirə edirik. Biz əməkdaşlıq üzrə alt komitə çərçivəsində çətinliklər və irəliləyişlər barədə dialoq aparırıq”, - deyə Pons vurğulayıb.

Bundan əlavə, Aİ institusional dəstək göstərir və Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsinə 16 mln. avro ayırıb, həmçinin Penitensiar Xidmətin və Ədliyyə Akademiyasının inkişafına yardım göstərir.

İfadə azadlığına toxunan Pons iki məqamı qeyd edib: diffamasiyanın dekriminallaşdırılmasının vacibliyini, baxmayaraq ki, bu o qədər də geniş tətbiq edilmir, lakin jurnalistlərin özünü senzurasına xidmət edir. O, ikinci mühüm məqam kimi mənbələrin qorunması vasitəsilə informasiya azadlığının gücləndirilməsinin vacibliyini göstərib. İnformasiya mənbələrinin müdafiəsinin olmaması jurnalist təhqiqatlarının aparılması üçün imkanları məhdudlaşdırır.

AŞ-nin Bakı ofisinin rəhbəri səfir Konstantin Yerokostopolos Azərbaycanda 10-cu maddənin təminatının aktuallığını qeyd edib. Onun sözlərinə görə, AİHM Azərbaycanda bu azadlığın pozulması ilə bağlı bir neçə qərar qəbul edib. Bundan əlavə, azərbaycanlı jurnalistlərin 40 şikayəti baxılmaq üçün Strasburq məhkəməsindədir, digər 15 məsələyə isə milli məhkəmələr tərəfindən baxılır. Bununla yanaşı o, Aİ-nin ölkədə keçirilən məhkəmə islahatlarına dəstək göstərməyə hazır olduğunu bildirib. AŞ-nin media divizionundakı nümayəndəsi Leyla Dervisaçiç qeyd edib ki, seminarda 10-cu maddənin tətbiqi üzrə AİHM-nin təcrübəsi, şəxsi həyatın müdafiəsi və jurnalistlərin ictimai fiqurları tənqid etmək azadlığı arasında balansın təminatına dair tövsiyələr təqdim olunacaq.

Seminarda avropalı ekspertlər - AİHM-in keçmiş hakimi Mindia Uqrexelidze və fransalı hüquqşünas Frederik Qras, həmçinin media sahəsində azərbaycanlı mütəxəssislər Rəşid Hacılı və Ələsgər Məmmədli məruzə ilə çıxış edəcəklər.

* Avropa Şurası və Avropa İttifaqının “Cənubi Qafqazda və Moldovada KİV azadlığına, peşəkarlığına və plüralizminə dəstək” birgə layihəsi iki il (2010-2012-ci illər) üçün nəzərdə tutulub və Azərbaycan, Gürcüstan, Ermənistan və Moldovanı əhatə edir. Layihənin Azərbaycan üzrə meneceri jurnalist və media üzrə ekspert Şahin Abbasovdur.

XS
SM
MD
LG