Accessibility links

Bakıda Cənubi Qafqazda təhlükəsizlik forumu keçirilir


Bakıda Cənubi Qafqazda təhlükəsizlik forumu keçirilir

Bakıda Cənubi Qafqazda təhlükəsizlik forumu keçirilir

Forumda “Cənubi Qafqaz və Şərq Tərəfdaşlığında Təhlükəsizlik Dilemması”, “Cənubi Qafqaz və Avropa Birliyi: qonşuluq siyasətindən strateji tərəfdaşlığa”, “Cənubi Qafqazda regional qüvvələrin xarici siyasət strategiyaları: eyni və fərqli maraqlar” adlı məruzələr dinlənilir

Bakıda Cənubi Qafqaz Təhlükəsizlik Forumu, Robert Bosch Fondu və Konrad Adenauer Fondu, Azərbaycanın Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “III Cənubi Qafqazda Təhlükəsizlik Forumu. Azərbaycan və Şərq tərəfdaşlığı: Regional çətinliklərin və yeni imkanların müəyyənləşdirilməsi" mövzusunda ikigünlük konfrans açılıb. Konfransda Cənubi Qafqaz ölkələrindən, o cümlədən dünyanın 15 müxtəlif ölkəsindən ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri, Milli Məclisin deputatları, iqtidar və müxalifət partiyalarının təmsilçiləri, vətəndaş cəmiyyətlərinin təmsilçiləri iştirak edir.
Avropa İttifaqı Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı fonunda Azərbaycan, Ermənistan və Gürcüstan arasında regional təhlükəsizlik məsələlərinin müəyyənləşdirilməsi üçün silsilə konfransların keçirilməsində “Cənubi Qafqaz Təhlükəsizlik Forumu”nu dəstəkləyir. Birinci Forum 2008-ci ildə Ermənistanda, ikinci forum 2009-cu ildə Gürcüstanda olub, üçüncü forum isə dekabrın 2-3-də Bakıda keçirilir.
“Biz Şərq Tərəfdaşlığı çərçivəsində Cənubi Qafqazda demokratiya, insan haqlarının qorunması, bazar iqtisadiyyatı, sosial bərabərlik və sabitliyin təmin olunması istiqamətində proqramlar reallaşdırırıq. Əsas məqsədlərimizdən biri də regiondakı münaqişələrin həllinə kömək etməkdir. Biz bu istiqamətdə layihələrimizi bundan sonra da davam etdirəcəyik”, - Konrad Adenauer Fondunun Avropa və Şimali Amerika ölkələri üzrə rəhbəri Yens Pauls qeyd edib.
Natiqlər regiondakı münaqişələrin həllinin regionda siyasi və iqtisadi əməkdaşlığın inkişafına təkan verəcəyini deyib. “ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar 18 ildir ki, nəticə vermir. Ermənistan danışıqları uzadır. Azərbaycanın məqsədi isə danışıqlarda nəticə əldə edilməsidir. Biz danışıqların uzadılması yanaşması ilə razı deyilik. Sülhün uzadılması daha radikal frazaya gətirib çıxara bilər. Çünki həm Azərbaycanda, həm də Ermənistanda daha radikal nəsil yetişir”, - Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya şöbəsinin müdiri Elnur Aslanlı bildirib.
Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle ikinci dünya müharibəsindən sonra Polşa və onun ölkəsi arasındakı yaxınlaşmadan danışıb. Onun fikrincə, hər iki dövlət dialoq yolu ilə problemlərin həlli istiqamətində addımlar atıb. “Almaniya Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin inkişafı üçün demokratiya dövlətçiliyin inkişafını dəstəkləyir. Biz Cənubi Qafqaz dövlətlərinin ərazi bütövlüyünü qəbul edirik”.

Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı qonşuları daha yaxşı başa düşmək və Avropaya inteqrasiyanı sürətləndirmək üçün dialoqlar təşkil edir. “Avropa İttifaqı xidmət, məhsulların təqdimatı, Avropaya inteqrasiya, enerji təhlükəsizliyi sahəsində inteqrasiyanın inkişafına aparan elementləri dəstəkləyir. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik cəhdlərində iştirak etmirik, ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Amma Avropa İttifaqı qarşılıqlı etimadın təmin olunmasına çalışır”, - Azərbaycanda Avropa İttifaqı Heyətinin Siyasət, İqtisadiyyat, Mətbuat və İnformasiya şöbəsinin rəhbəri Jerome Pons qeyd edib.
Onun sözlərinə görə, bu ilin iyunundan Avropa İttifaqına Azərbaycanın assosiativ üzvlüyü ilə bağlı danışıqlar başlayıb. “Danışıqlar hazırda davam edir”.
Cənab Ponsun sözlərinə görə, Avropa İttifaqı sərhədlərin təhlükəsizliyi ilə bağlı 40 milyon avro dəyərində yeni layihə hazırlayıb. “Azərbaycan bu il layihəyə qoşulacaq”, - o bildirib.
Forum çərçivəsində “Cənubi Qafqaz və Şərq Tərəfdaşlığında Təhlükəsizlik Dilemması”, “Cənubi Qafqaz və Avropa Birliyi: qonşuluq siyasətindən strateji tərəfdaşlığa”, “Cənubi Qafqazda regional qüvvələrin xarici siyasət strategiyaları: eyni və fərqli maraqlar” adlı məruzələr dinləniləcək.

Azərbaycanlı politoloqlar, ekspertlər və partiya təmsilçiləri Cənubi Qafqazda münaqişələrin tezliklər başa çatmasını, regionda sülh və sabitliyin bərqərar olmasını istəyir. Amma, münaqişələrin həlli prosesinin sonu da qeyri-müəyyən olaraq qalır.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu hesab edir ki, ATƏT-in Astana Sammiti də münaqişələrin həllində imkanların tükəndiyini sübut edib. “Belə ki, münaqişələrin həllində ərazi bütövlüyü və millətlərin müqəddəratını təyin etmə prinsipindən çıxış etmə, faktiki həll variantını mümkünsüz edir”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədov münaqişənin həllində hərb variantını istisna edir. “Azərbaycan özünün erməni əsilli vətəndaşlarına qarşı silah gücü ilə danışmağa tələsməməlidir”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov da sülh danışıqlarının davam etdirilməsinə tərəfdardır. “Cənubi Qafqazda münaqişələr sülh yolu ilə həllini tapmalıdır. Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə birgə yaşamağa hazırdır. Azərbaycanda yaşayan bütün icmalar, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və erməni Azərbaycan qanunlarına tabedir”.

Azərbaycan müxalifəti də regionda qarşıdurma mühitinin dəyişməsinə tərəfdardır. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı hesab edir ki, regionda münaqişələrin həlli üçün super güclərin mövqeyi aydınlaşmalıdır. “Region dövlətləri isə Avrointeqrasiya yolunu tutmalıdır”.

Politoloq Rasim Ağayevin fikrincə, münaqişələrin həlli üçün yeni, daha təsirli beynəlxalq mexanizmlər yaradılmalıdır. “Bu mexanizmlər təcavüzü cilovlamalıdır”.

XS
SM
MD
LG