Accessibility links

Bakıda dünya dini liderlərinin sammiti keçirilir


Bakıda dünya dini liderlərinin sammiti keçirilir

Bakıda dünya dini liderlərinin sammiti keçirilir

Bakıda dünya dini liderlərinin sammiti keçirilir. MDB Dinlərarası Şurasının təşkilatçılığı ilə keçirilən sammitdə dünyanın 35 ölkəsindən 250 nümayəndə, o cümlədən ümumrusiya patriarxı Kiril və ermənilərin katolikosu II Qaregin iştirak edir.

Bakıda dünya dini liderlərinin sammiti keçirilir. MDB Dinlərarası Şurasının təşkilatçılığı ilə keçirilən sammitdə dünyanın 35 ölkəsindən 250 nümayəndə, o cümlədən ümumrusiya patriarxı Kiril və ermənilərin katolikosu II Qaregin iştirak edir. Forumda sivilizasiyalararası dialoq, sülh, terror və ekstremizmə qarşı dinlərin mübarizəsi, dünyada iqtisadi böhranla bağlı məsələlər müzakirə edilir.

Azərbaycan prezidenti İlham Əliyev sammitin açılışında iştirak edib. O bildirib ki, Azərbaycanda müxtəlif millətlərin, dinlərin nümayəndələri əsrlər boyu qardaşlıq şəraitində yaşayıb. “Ölkədə bütün azadlıqlar olduğu kimi, dini azadlıqlar da təmin olunub. Azərbaycanda 1000-dən artıq məscid, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir”.

Dövlət başçısı inanır ki, dünya dini liderlərinin birgə fəaliyyəti və sammitdə qəbul olunacaq sənədlər sülhə, əmin-amanlığa töhfə verəcək. “Biz istəyirik ki, bölgədə sülh əldə edilsin, heç bir qarşıdurma olmasın”, -deyə o qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, Azərbaycan və Ermənistan dini liderləri münaqişəni aradan qaldırmaq üçün səylər göstərir. “Dəfələrlə ermənilərin katolikosu ilə görüşlərimiz olub. Mən ermənilərin katolikosunun dəvətimizi qəbul edib sammitdə iştirak etməsini mühüm amil kimi qiymətləndirirəm. Biz sülhün tərəfdarıyıq. Əminəm ki, Bakı sammiti bu işə böyük töhfələr verəcək”.
İİ Qaregin isə hesab edir ki, dinlərarası dialoq münaqişələrin həllinə kömək edə bilər. “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar gedir. Problem dinc yolla həll olunmalıdır. Dini liderlərin əsas vəzifələri prezidentlərə dəstək verərək danışıqların davam etdirilməsi və münaqişənin həllinə nail olmaqdır”.
Erməni katolikosunun qənaətincə, bölgədəki bütün bağlı sərhədlərin açılacağı gün uzaqda deyil. “Necə ki, indi şərait yaratdılar biz, Bakıya gəldik”. – deyə o, fikrini davam etdirib.
Sammit çərçivəsində ümumrusiya patriarxı Kiril, ermənilərin katolikosu II Qaregin və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə arasında üçtərəfli görüş də keçirilib. Görüşün nəticəsi olaraq qəbul edilmiş birgə bəyannamədə deyilir ki, sülhə, əzabkeşliyə və səbrə səsləyən dinin potensialı barışıq qüvvəsi olmalıdır. “Biz münaqişənin nizamlanmasına dair beynəlxalq səyləri dəstəkləyirik. Sülh və dinc yanaşı yaşamağa nail olmaq üçün qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə ünsiyyəti genişləndirmək lazımdır. Daimi sülh yalnız xoş məram və səmimi niyyət olarsa mümkündür. Ermənistan və Azərbaycan prezidentlərinin səylərini dəstəkləməklə biz onların təşəbbüslərinə yardım etmək istəyirik. Bu baxımdan münaqişənin nizamlanmasına öz töhfəmizi vermək üçün dini liderlər arasında birbaşa dialoqun davamını çox vacib sayırıq. Münaqişənin nizamlanması insanlara müharibə zamanı qovulduqları yurdlarına geri dönməyə imkan verəcək. Biz tərəflərin xoş məram nümayiş etdirərək əsirləri azadlığa buraxması aktını alqışlayır, siyasi və dini xadimləri bu xeyirxah və humanitar prosesə yönəlmiş səylərini aktivləşdirməyə çağırırıq. Biz barbarlıq hallarını pisləyir və dini abidələrin, xalqlarımızın müqəddəs məbədlərinin qorunub saxlanmasını vacib sayırıq”, - deyə sənəddə qeyd edilir.

XS
SM
MD
LG