Accessibility links

Bakıda insan alverinə qarşı mübarizə ilə bağlı beynəlxalq müşavirə keçirilir


Bakıda insan alverinə qarşı mübarizə ilə bağlı beynəlxalq müşavirə keçirilir

Bakıda insan alverinə qarşı mübarizə ilə bağlı beynəlxalq müşavirə keçirilir

Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib.

Bakıda Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Amerika Dövlət Departamentinin maliyyə dəstəyi ilə “Potensialların artırılması və texniki dəstək vasitəsi ilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi” layihəsinin ikinci fazası çərçivəsində İnsan alveri qurbanlarına yardım və sosial inteqrasiya modelinin inkişafına aid dördüncü regional müşavirə keçirir.

İki gün davam edəcək forumda beynəlxalq ekspertlərin öz ölkələri kontekstində əməyin istismarı, orqan transplantasiyası, cinsi istismarla bağlı vəziyyət və müvafiq tendensiyalara dair məlumatları bölüşəcək.

“Bu müşavirə region hökumətlərinin insan alverinə qarşı mübarizədə bir-biri ilə əməkdaşlığını gücləndirməyə xidmət edir”, - deyə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin layihə rəhbəri Sərhan Aktopraq qeyd edib.

Forumda beynəlxalq miqyasda insan alveri cinayəti ilə təqibin zəif aparıldığı diqqətə çatdırılıb. “BMT-nin hesablamalarına görə, dünyada insan alveri və narkotik qaçaqmalçılığından 36 milyard dollar vəsait əldə edilir. Amma, bunun müqabilində cinayətin qarşısının alınması və cinayətkarların təqibi zəif təşkil edilib”, - deyə beynəlxalq Miqrasiya Təşkilatının Şərqi, Cənubi-Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru Renate Held qeyd edib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində 500 layihə həyata keçirib. “BMqT Azərbaycanda hökumətlə və qeyri hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. İndiyədək 400 nəfərə kömək edib. Bu il 13 Türkiyə vətəndaşına yaxından kömək etmişik”.

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Dövlət Departamentinin qiymətləndirməsinə görə, insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanın reytinqi ikinci səviyyədədir. “Bəzi ölkələrin, o cümlədən Azərbaycanın uzun müddət ikinci səviyyədə qalması cinayət təqibinin zəif olması ilə bağlıdır. Vaşinqtonda mənə dedilər ki, Azərbaycan ikinci səviyyədən çıxmaq üçün ciddi cəhd etmir. İkinci səviyyədə çox qaldıqda isə ölkə üçüncü səviyyəyə düşür. Ölkə üçüncü səviyyəyə düşərsə təhsil və mübadilə proqramlarından imtina edilə bilər”, - deyə səfir qeyd edib.

Səfir həmçinin Azərbaycanda küçə uşaqları ilə bağlı proqramın reallaşdırılacağını diqqətə çatdırıb. O, eyni zamanda Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində görülən işlərdən də danışıb. “Xüsusilə əməyin istismarı və cinsi istismarın qarşısının alınması istiqamətində ciddi cəhdlər edilir”,- deyə M.Brayza vurğulayıb.

Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi Cavad Şıxəliyev Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində hökumətin siyasətini diqqətə çatdırıb. “Bu il Azərbaycanda insan alveri ilə bağlı 70 cinayət faktı qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib, 18 cinayətkar ifşa edilib. Bundan başqa, bu il 27 nəfər insan alveri qurbanı müəyyən edilib. Beynəlxalq axtarışda olan 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil verilib. Hazırda 17 nəfər beynəlxalq axtarışdadır. Bir insan alverçisi isə bu yaxınlarda Pakistanda vəfat edib. Bu il həmçinin məcburi əməklə bağlı 2 cinayət faktı qeydə alınıb”.

O, eyni zamanda maarifləndirmə işləri və monitorinqlərlə bağlı çoxsaylı tədbirlərin keçirildiyini bildirib. “Bu il tikinti sahəsində 4037 reyd keçirilib, nəticədə əmək istismarı qaydalarının pozulması faktı aşkar edilməyib. Bəzən Azərbaycanda insan alveri qurbanlarının sayının artması ilə bağlı ABŞ Dövlət Departamentinə səhv məlumatlar ötürülür. Mən bu barədə səfir Metyu Brayza ilə müzakirə aparmışam”, - deyə o qeyd edib.

XS
SM
MD
LG