Accessibility links

Bakıda insan hüquqları mövzusunda beynəlxalq konfrans keçirilib


Hökumət rəsmisi Eurovision mahnı müsabiqəsinin siyasiləşdirilməsindən narahatdır. Beynəlxalq media daha çox ifadə və söz azadlığını tənqid edir.

Bakıda “Demokratiya naminə musiqi” (Sing For Democrasy) kampaniyası çərçivəsində “Azərbaycanda insan haqları: mövcud problemlər və gələcək perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirib. Beynəlxalq ekspertlərin, Azərbaycan Prezident Administrasiyasının rəsmilərinin, Milli Məclisin deputatlarının, media təşkilatlarının rəhbərlərinin, hüquq müdafiəçilərinin, müstəqil, iqtidar və müxalifətyönlü media təmsilçilərinin, diplomatların iştirak etdiyi forum gərgin və bəzən də qarşılıqlı mübahisə şəraitində keçib.
Çıxışlarda əsasən ifadə azadlığı, jurnalistlərin təhlükəsizliyi, yayım şəffaflığı, iqtisadi və siyasi azadlıqlar, ictimai-siyasi fəaliyyətlərdə hüquqi-siyasi məhdudiyyətlər, insan hüquqlarının müdafiəsi üzrə yerli və beynəlxalq mexanizmlər diqqət mərkəzində olub.
Tədbir Eurovision mahnı müsabiqəsi çərçivəsində Azərbaycanda akkreditə olunmuş çoxsaylı media nümayəndələrinin də diqqət mərkəzində olub.
“Konfransın əsas məqsədi Azərbaycanın Avropaya real inteqrasiyasını gücləndirmək və ölkədə insan hüquqlarının yaxşılaşdırılması istiqamətində addımlar atılmasına nail olmaqdır”, - deyə “Demokratiya naminə musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov qeyd edib.
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov hesab edir ki, kampaniya çərçivəsində beynəlxalq ictimaiyyətin diqqətini ölkədə insan hüquqlarının durumuna yönəldə biliblər. “Apardığımız kampaniya nəticəsində beynəlxalq və yerli diqqəti ölkədə fundamental insan hüquqlarının problemlərinə yönəltmişik. Durumla bağlı beynəlxalq mediada çoxsaylı məqalələr dərc olunub, çoxsaylı beynəlxalq müzakirələr təşkil edilib”.
Ekspertlər müstəqil medianın dairəsinin məhdud və maliyyə durumunun acınacaqlı, qəzet yayımı sahəsində ciddi çətinliklərin olduğunu deyib. Rəsmi qurumların təmsilçiləri söz və ifadə azadlığının təmin edildiyini desələr də, medianın iqtisadi durumunun zəif olmasını, yayım sahəsindəki problemləri etiraf edib.
“Azərbaycan mediasının əsas problemləri informasiya əldə etməyin çətinliyi, peşəkarlıq, əxlaq normalarına əməl edilməməsi və diffamasiyanın dekriminallaşdırılmaması ilə bağlıdır”, - Turan Agentliyinin direktoru Mehman Əliyev deyib.
Onun sözlərinə görə, medianın problemləri ilə bağlı çoxsaylı sənədlər hazırlanmasına baxmayaraq, qəbul edilmir.
Ekspertlər ölkədə diffamasiya ilə bağlı problemlərin ciddi olduğunu diqqətə çatdırıb. Jurnalistlər diffamasiya ittihamı ilə həbs edilməsə də, narkotik saxlamaq və digər cinayətlərdə təqsirli bilinir. Hazırda 8 jurnalist həbsdədir.
“2007-2011-ci illərdə media ilə bağlı məhkəmələrdə 400 iddia olub. Bu işlərin 167-i diffamasiya ilə bağlı olub və mediadan 10 milyon manat kompensasiya istənilib. Avropa Məhkəməsi Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə bağlı 2 qərar qəbul edib. 50 iş isə məhkəmədədir”, - deyə İREX-in eksperti Ələsgər Məmmədli diffamasiya haqıında qanunun qəbulunun vacibliyini diqqətə çatdırıb.
Qəzet yayımına gəlincə, Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Şahvələd Çobanoğlu deyib ki, hətta 138 il bundan öncə çap olunan “Əkinçi” qəzetinin yayımı hazırki qəzet yayımından yaxşı olub. “Hazırda ölkədəki 4700 kənddən 4000-də qəzet köşkü yoxdur”, - deyə o qeyd edib.
Konfransda rəsmi nümayəndələrin və iqtidar mediasının nümayəndələrinin iştirakı müsbət qarşılanıb. Bundan istifadə edən bir sıra çıxışçılar onlara suallar da ünvanlayıb. ““Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov “hakim ailənin pulları haradandır?” sualını verdi və 2005-ci ilin martında qətlə yetirildi. “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev birinci ledi və Heydər Əliyev Fondunun gəlir mənbələri ilə maraqlandı, onu oğurladılar, şikəst etdilər və təsadüf nəticəsində sağ qaldı. “Azadlıq” qəzeti prezidenti korrupsiyada ittiham etdi, baş redaktoru Qənimət Zahid həbs edildi, kommersiya direktoru Azər Əhmədovun gizli kamera ilə şəxsi həyatını çəkdilər. Bütün bunlar prezidentin əmisi oğlunun təsisçisi olduğu televiziyada baş xəbər kimi yayıldı. Qəzetin digər tənqidçi jurnalistlərinin də beynəlxalq tədbir zamanı otel otağında gizli kamera ilə çəkilmiş görüntülərini yaydılar”, - deyə “Azadlıq” radiosunun jurnalisti Xədicə İsmayılova araşdırma jurnalistikasının üzləşdiyi problemləri xatırladıb.
Xanım İsmayılova özünün də yaşadığı evə dövlət telefon qovşağının xəlvəti telefon xətti çəkdiyini deyib. Bu xətlə mənim yaşadığım evin bütün otaqlarında, o cümlədən yataq və hamam otağında gizli kamera quraşdırıblar. “Bu “Azərfon” şirkətinin prezidentin qızlarının Panamada qeydiyyatdan keçən şirkəti vasitəsi ilə gəlirlərini öz xeyirlərinə gizlətdiyi barədə araşdırma yazısını dərc etdikdən sonra baş verib. Prezidentin qızları Leyla və Arzu Əliyevaların Panamada qeydiyyatdan keçmiş 9 şirkəti var. Prezidentin xanımı, Milli Məclisin deputatı, qanunla kommersiya fəaliyyəti ilə məşğul olması qadağan edilən Mehriban Əliyevanın isə Panamada qeydiyyatdan keçmiş 5 şirkəti var”, - deyə jurnalist bildirib .
Buna cavabda bir sıra hökuməyönlü KİV-lərin nümayəndələri jurnalisti təhqir etməyə başlayıblar. Belə ki, “Səs” qəzetinin redaktoru Bəhruz Quliyev VVAQ-da nikah aktı olmadan yaşadığı intim həyata görə “utandırıb”. Onun cavabında İsmayılova heç kimin onun şəxsi həyatına qarışmaq haqqı olmadığını deyib.
Prezident Administrasiyasının insan hüquqları sektorunun müdiri Çingiz Əsgərov isə jurnalisti öz şəxsi həyatını müdafiə edərək, prezidentin şəxsi həyatına qarışmaqda ittiham edib.
Xədicə İsmayılova prezidentin dövlət xadimi olduğunu və onun bütün fəaliyyətinin şəffaf olmalı olduğunu qeyd edib. O, həmçinin bildirib ki, onun araşdırması prezidentin qızlarının şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə bilməz, belə ki, onların biznesi dövlət vəsaiti hesabına həyata keçirilir.
Bununla belə, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Vüqar Əliyev ilk öncə “Euorvision” müsabiqəsinin siyasiləşdirilməsindən narazılığını ifadə edib. “Azərbaycan xüsusi bir mövzuya çevrilib. Xüsusilə bu, Almaniya və Böyük Britaniya mediasında özünü daha çox büruzə verir. “Eurovision” tarixində müsabiqə bu qədər siyasiləşdirilməyib. Hətta, Bakının küçələrində itlərin güllələnməsi ilə bağlı da Azərbaycana qarşı məqalələr dərc edilir. Guya, Bakı küçələrindən geyləri yığırlar. Hətta, bunla bağlı da məlumatlar dərc edilib. Daxili İşlər Nazirliyi məlumatı rəsmi şəkildə təkzib etməyə məcbur olub. Mülkiyyət hüquqları barədə çoxsaylı yazılar yazılır. Bakının kənar hissəsində belə ev söküləndə “Eurovision”la əlaqələndirilir”, - deyə o qeyd edib.
V.Əliyevin fikrincə, bütün məqalələrdə ölkədə söz və mətbuat azadlığının olmamasına toxunulur. “Azərbaycanda söz və mətbuata azadlığı tam təmin edilib. Senzura ləğv edilib, jurnalistlər istənilən mövzuda yazılar yazır. Hökumət azad medianı dəstəkləyir”.
Digər rəsmilərin və hökumətyönümlü qurumların rəhbərləri də Vüqar Əliyevi dəstəkləyib. Onlar mediaya hökumətin ayırdığı yardımları, qrantları, jurnalistlər üçün dövlət vəsaiti hesabına ev tikintisini və sair misallar çəkib.
Bununla belə, hökumət rəsmiləri Xədicə İsmayılovanın şəxsi həyatının gizli kamera ilə çəkilməsini pisləyib. “Baş Prokurorluğun Xədicə İsmayılovanın şəxsi həyatı ilə bağlı baş verənləri pisləyib. Bununla bağlı cinayət işi qaldırılıb və intensiv olaraq istintaq davam etdirilir”, - deyə Baş Prokurorluğun rəsmisi Orxan İsayev qeyd edib.
Konfransın yekunlarına görə, “Demokratiya naminə musiqi” kampaniyası hökumətə problemin həlli üzrə tövsiyələr təqdim edəcək.

XS
SM
MD
LG