Accessibility links

İdrak Abbasov kəllə-beyin travması, beyin silkələnməsi, bədənin küt əzikləri, döş qəfəsinin əzikləri diaqnozu ilə xəstəxanaya daxil olub. Jurnalist göz nahiyəsindən də ciddi xəsarət alıb.

Bakının Sulutəpə qəsəbəsində döyülmüş jurnalist İdrak Abbasov 1 saylı Bakı Klinik Mərkəzə yerləşdirilib. Həkimlər jurnalistin vəziyyətinin ağır olduğunu deyir.

Klinik Mərkəzdən Amerikanın Səsi radiosuna bildiriblər ki, İdrak Abbasov kəllə-beyin travması, beyin silkələnməsi, bədənin küt əzikləri, döş qəfəsinin əzikləri diaqnozu ilə xəstəxanaya daxil olub. Jurnalist göz nahiyəsindən də ciddi xəsarət alıb. O hazırda huşsuzdur.

“Zerkalo” qəzetinin, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı İdrak Abbasov Sulutəpə qəsəbəsindəki evinin yaxınlığında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Təhlükəsizlik İdarəsinin əməkdaşları ərazidəki qanunsuz tikililəri sökərkən əhali ilə yaranan insidenti videokameraya çəkərkən hücuma məruz qalıb. Bu zaman hadisə yerində olan “Yeni Müsavat” qəzetinin müxbiri Günay Musayeva da xəsarət alıb.

Sakinlərin dediyinə görə, jurnalistlərə ARDNŞ-in təhlükəsizlik əməkdaşları hücum edib. “Qonşular dedilər ki, İdrakı döyürlər. Mən və qardaşım hadisə yerinə çatanda onu təpik və yumruqla vururdular. İdrak üzərində PRESS yazılmış gödəkcə geyinmişdi, yaxasında kimliyini təsdiq edən vəsiqə asılmışdı. Mən və qardaşın, o cümlədən sakinlər jurnalist olduğunu təhlükəsizlik əməkdaşlarının diqqətinə çatdıranda bizə də hücum çəkdilər. Məni və qardaşımı təpik və yumruqladılar. Bədənimdə əziklər var. Qardaşım Ədalətin isə qabırğasını sındırıblar. O hazırda Bakı Klinik Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib”, - deyə jurnalistin qardaşı Roman Abbasov Amerikanın Səsi radiosuna bildirib.

Qeyd edək ki, iki həftə əvvəl İdrak Abbasov Beynəlxalq Senzura İndeksi mükafatına layiq görülüb. Mükafat Sulutəpə qəsəbəsində sakinlərin mülkiyyət hüquqlarının pozulması ilə bağlı hadisələrin işıqlandırılmasında göstərdiyi fədakarlığa görə verilib.
Son illər cənab Abbasov və ailəsi bir neçə dəfə ARDNŞ işçilərinin zorakılığına məruz qalıb. Hətta, Abbasovlar ailəsinin evinin bir hissəsi sökülüb.

XS
SM
MD
LG