Accessibility links

Aksiyada İran Azərbaycana terrorçu, narkotik və ekstremist göndərir!, İranda 35 milyon azərbaycanlının hüquqları pozulur! şüarları qaldırılıb.

Azərbaycanın gənclər təşkilatları İranda Azərbaycan əleyhinə olan aksiyalara cavab olaraq İranın Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib.

Səfirliyin önünə toplaşan 100-dən çox gənc “İrana ar olsun!”, “İslam belə olmur!”, “İran Azərbaycana terrorçu, narkotik və ekstremist göndərir!”, “İranda 35 milyon azərbaycanlının hüquqları pozulur!” və başqa şüarlar səsləndirib.

Gənclər, bununla yanaşı, “Şuşanı İran hakimiyyəti satıb”, “Homoseksual İran mollalarına Azərbaycanda yer yoxdur” kimi şüarlar qaldırılıb. Əli Xamneyi, Mahmud Əhmədinejat və Serj Sarkisyanın birgə şəkli olan plakatlar nümayiş etdirilib.

Gənclər İranda azərbaycanlıların hüquqlarının pozulmasına, İranın Azərbaycana qarşı təbliğat aparmasına etiraz edib. Polis aksiyaya müdaxilə etməyib.

Mayın 8-də İranda Təbriz şəhərindəki Azərbaycan konsulluğunun qarşısında “Eurovision” müsabiqəsi əleyhinə mitinq keçirib. Aksiya iştirakçıları Bakıda guya keçirilməsi gözlənilən gey paradın və müsabiqənin ləğv olunmasını tələb edib.

İranda Azərbaycan əleyhinə səslənən bəyanatlar və etiraz aksiyası Bakıda kəskin etiraz bəyanatları ilə qarşılanıb.

Dünya Azərbaycanlıları Konqresinin bəyanatında deyilir ki,

fars şovinizmi islama, dinə, müsəlmanlığa, ədalətə və haqqa qarşı çevrilən əməllərinin iflasa uğradığını, İran adlı həbsxanadan xalqların azad olacağı anın saatbasaat yaxınlaşdığını bilsə belə antitürk siyasətindən əl çəkmir. “DAK dünyanın ən son imperiyası olan “İran İslam Respublikası” adlı şovinist qurumdan tarixin arxivinə gömülən ərəfədə nifaqdan çəkinməyi, qardaşı qardaşa qarşı qoymaq kimi məkrli əməldən imtina etməyi tələb edir.

Azərbaycanlıların döyünən ürəyi Təbrizdə belə aksiyalar keçirilməsi 35 milyonluq Azərbaycan türkünün heysiyyətinə təhqirdir. Dünya azərbaycanlıları fars şovinistlərinə bir millətin heysiyyəti ilə oynamağın aqibətinin çox ağır olacağını yada salır və belə əməlləri qətiyyətlə pisləyir”, - deyə sənəddə qeyd edilir.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı da rəsmi Tehranın Təbrizdə Azərbaycan əleyhinə keçirdiyi aksiyaya etiraz bəyanatı yayıb.

Mayın 8-də keçirilən aksiya Azərbaycan dövlətçiliyinə və müstəqilliyinə qarşı çirkin və düşmən qəsdi kimi dəyərləndirilir. Bu aksiyaya adamların cəlb edilə bilməsi üçün rəsmi Tehran dini öz çirkin əməllərinə alət etməkdə ittiham edilir. “İranın müsəlman təəssübkeşliyinin yalan olmasını bu ölkədə insanların elementar hüquqlarının təmin edilməməsi faktı tərs sillə kimi onun üzünə çırpır. İrandakı totalitar, diktator və irticaçı rejim İran xalqları və xüsusilə 35 milyon Güney Azərbaycan türkləri tərəfindən devrilərək tarixin zibilliyinə atılacaq. Güney Azərbaycan heç zaman qan və can qardaşı Azərbaycan Respublikası xalqını yalqız qoymayacaq. Hər millət öz bayrağı altında gəzər. Bütöv Azərbaycan xalqının bayrağı paytaxt Bakıda dalğalanır”, - deyə o qeyd edib.

Xatırladaq ki, aksiya mayın 9-da Tehranda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun İran xarici işlər naziri Əli Əkbər Salehi ikitərəfli münasibətlərlə bağlı danışıqlarından sonraya təsadüf edir. Danışıqlar barədə rəsmi Bakı və Tehran hər hansı məlumat yaymayıb. İran mediasının məlumatına görə, 3 saat davam edən danışıqlar gərgin keçib və danışılar keçirilən gün həm də, Təbrizdə Azərbaycan konsulluğu qarşısında keçirilən etiraz aksiyasında rəsmi Bakının ünvanına təhdid dolu şüarlar səsləndirilib.

Show comments

XS
SM
MD
LG