Accessibility links

Bakıda Xəzəryanı dövlət başçılarının zirvə görüşü olub


Bakıda Xəzəryanı dövlət başçılarının zirvə görüşü olub

Bakıda Xəzəryanı dövlət başçılarının zirvə görüşü olub

Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşündə sahilyanı dövlətlərin prezidentləri iştirak edib

Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü olub. Görüşə Azərbaycan prezident İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, İran prezidenti Mahmud Əhmədinejad və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov qatılıb.
Prezidenti İlham Əliyev bildirib ki, Xəzər dostluq və əməkdaşlıq dənizidir. “Əminəm ki, bu zirvə görüşü Xəzərdə təhlükəsizliyin təmin olunması üçün mühüm addım olacaq. Xəzərin hüquqi statusunun müəyyən edilməsi üçün mühüm işlər görülüb və ümidvaram ki, gələcəkdə bu istiqamətdə praktiki nəticələr əldə olunacaq”.
O Xəzərin indiyədək hüquqi statusunun müəyyən edilməməsinin Xəzəryanı ölkələrin dostluq münasibətlərinə təsir etmədiyini deyib. “Bununla yanaşı, Azərbaycan, Rusiya və Qazaxıstan arasında Xəzərin sektorlara bölünməsi ilə bağlı önəmli addımlar atılıb. Ümid edirəm ki, gələcəkdə bu gözəl təcrübə əsas kimi götürülə bilər”.
İran prezidenti Mahmud Əhmədnejad Xəzərin hüquqi statusu ilə bağlı konvensiya üzərində işin 2011-ci ildə başa çatdırılmasını təklif edib. O, gəmiçilik, gömrük, enerji resurslarının daşınması sisteminin formalaşdırılması, ticarət, turizm sahəsində əməkdaşlıq imkanlarının olduğunu deyib.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov hesab edir ki, Xəzərdə delimitasiya beynəlxalq hüquq çərçivəsində həyata keçirilməlidir. Onun fikrincə, dənizin delimitasiyası siyasi deyil, hüquqi məsələdir.

“Türkmənistan əmindir ki, Xəzərdə enerji ehtiyatlarının nəql olunacağı yeni boru kəmərləri yalnız sektorların aid olduğu tərəflərin razılığı ilə çəkilə bilər”.

Zirvə görüşünün yekunu olaraq Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb. Sənəd terrorizmə və mütəşəkkil cinayətkarlığa, qaçaqmalçılığa, silah, narkotika, kütləvi qırğın silahlarının komponentlərinə, brakonerliyə qarşı mübarizəni, xilasetmə əməliyyatlarda qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri birgə bəyanatla da çıxış edib.

Sənəddə sahilyanı dövlətlərin Xəzərin hüquqi statusu üzrə Konvensiyanın layihəsi üzərində işin davam etdirilməsi və sürətləndirilməsi üçün iradəsinin olduğu bildirilir.

XS
SM
MD
LG