Accessibility links

Bəxtiyar Hacıyev: Xanım Klintonla görüş mənim üçün gözlənilməz oldu [Audio-müsahibə]


Bu gün Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibi Hillari Klinton gənc fəal Bəxtiyar Hacıyevlə görüşüb. Bəxtiyar Hacıyev iyun ayının 4-də xanım Klintonun səfəri ərəfəsi şərti olaraq azadlığa buraxılıb. Görüşdən bir qədər sonra Bəxtiyar Hacıyev Amerikanın səsinə müsahibə verib.

Dilşad Əliyarlı: Bəxtiyar bəy, sizi azadlığa buraxılmanız münasibətilə təbrik edirəm. Bu iki gün belə görünür, çox intensiv bir ritmdə keçir. Bu gün siz Azərbaycanda səfərdə olan ABŞ Dövlət katibi Hillari Klintonla görüşmüsünüz. Görüşünüz necə keçdi? Hansı məsələlərdən danışdınız?

Bəxtiyar Hacıyev: Sözün düzü bu görüş mənim üçün gözlənilməz oldu. Bildiyiniz kimi mən həbsdən bir neçə gün sonra çıxmışam. Dövlət katibi ilə çox səmimi, maraqlı söhbətimiz oldu. Problemlərdən daha çox, problemlərə yanaşma yolları ilə bağlı fikir mübadiləmiz oldu. Bir neçə sual oldu yanaşmalarla bağlı . “Hansı yanaşmanı doğru sayırsan. Biz Amerika Birləşmiş Ştatları olaraq hansı yanaşmanı seçsək daha effektiv olar” kimi məsələlər ətrafında fikir mübadiləsi oldu. Mən öz fikirlərimi bildirdim və o da razılaşdı və dedi ki, o da elə düşünür ki, elə bir yanaşma seçmək lazımdır ki, onun nəticəsi olsun, nəinki səs-küy yaratsın.

Dilşad Əliyarlı: Bəxtiyar bəy, siz Dövlət katibi Klintonun Azərbaycana səfərindən iki gün öncə azad edilmisiniz? Azadlığa buraxılmanızın xanım Klintonun səfəri ilə əlaqədar olduğunu düşünürsünüzmü?

Bəxtiyar Hacıyev: Bilirsiniz ki, mən prezident İlham Əliyevə məktub ünvanlamışdım və o məktuba müsbət reaksiya olmuşdu. Azadlığa çıxmaqla bağlı qərar çox güman ki, o məktubla bağlı idi. Amma azadlığa çıxmağın vaxtı çox güman ki, elə bu səfərlə əlaqədar idi. Mən bir az əvvəl mətbuatda oxudum ki, Dövlət katibi mətbuat konfrasında da bildirib ki, mənimlə bağlı prezident İlham Əliyevə təşəkkürünü çatdırıb.

Dilşad Əliyarlı: Mən sizinlə 4 il bundan əvvəl ABŞ-da prezident seçkisi zamanı müsahibə aparmışdım. O zaman siz prezident seçkisinə qatılmış xanım Klintonun kampaniyasında könüllü kimi iştirak edirdiniz. Sizin xanım Klintonla qısa görüşləriniz olmuşdu. O sizin kampaniyada iştirakınızı xatırlayırdımı?

Bəxtiyar Hacıyev: Görüş zamanı bunu mən ona xatırlatdım. Məni təqdim etdilər xanım Klintona. Bir neçə məsələni qeyd etdilər, mən də əlavə etdim ki, mən hətta sizin kampaniyanızda könüllü olmuşam və onun üçün çox xoş oldu. Mənə də onu yenidən görmək xoş idi, çünki birinci dəfə bir çox könüllü arasında qısa bir görüş olmuşdu. Amma bu dəfə təkbətək, daha səmimi mühitdə və belə deyək, daha ətraflı müzakirə apara biləcəyimiz bir mühitdə oldu. Mənim üçün onu yenidən görmək çox xoş idi və çox da təəssüratlarla ayrıldım o görüşdən.

Dilşad Əliyarlı: Bəxtiyar bəy, ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələlərinə münasibəti aydındır. Keçən il Ərəb baharının başladığı dövrdən xanım Klinton insan və hüquqları və demokratiyanın inkişaf etdirilməsi məsələlərinə xüsusi önəm verdiyini dəfələrlə qeyd edib. Sizin buna münasibətinizi və təssüratınızı bilmək istərdik.

Bəxtiyar Hacıyev: Mən cəzaçəkmə müəssisəsində olduğum zaman onun Milli Demokratiya institutunda bir çıxışını oxumuşdum və bu barədə də bir yazı yazmışdım. Orada göstərmişdim ki, Amerika Birləşmiş Ştatları artıq bir çox məsələlərdə yeni yanaşma tərzinin olduğunu etiraf edir. Yəni orada bir çox məsələ var idi. Əvvəllər ABŞ demokratiya və sabitlik arasında seçim etmək məcburiyyətində olduğunu düşünürdü. Amma xanım Klinton həmin o çıxışında da, indi də etiraf edir ki, əslində demokratiyaya keçid Ərəb baharının özünün göstərdiyi kimi sabitliyin ən böüyk qarantıdır. Sonra başqa bir yanaşma da var idi ki, biz bəzən öz maraqlarımız və dəyərlərimiz arasında seim etməli oluruq. Yenə də bu da mənim üçün yeni yanaşma idi ki, əslində dəyərlərimizi qorumaq bizim maraqlarımızı qorumaq deməkdir. Yəni Ərəb baharından sonra Amerika tərəfindən yeni yanaşma tərzinin mövcud olduğu hiss olunur. Xüsusilə də əhalisinin böyük əksəriyyəti müsəlmanlar olan ölkələrlə bağlı hətta belə bir fikir də səslənir ki, müsəlmanların çox yaşadığı ölkələrdə deməkratiya mövcud ola bilməz və müsəlmanlar demokratiyaya hazır deyil. Xanım Klinton demişdi ki, bu, təhlükəli fikirdir, çünki Amerikada kifayət çox sayda müsəlman amerikalı hər gün demokratik hüquqlarından istifadə edir. Yəni belə fikirlər var ki, Ərəb baharından sonra yeni bir yanaşma mövcuddur. Başqa bir məsələni də qeyd etmək istəyirəm. Xanım Klinton onu da qeyd etmişdi ki, əslində bəzi avtoritar liderlər belə bir fikir səsləndirirlər ki, sabitlik bizim üçün demokratiyadan daha önəmlidir. Bu proses onu göstərir ki, uzun müddət insanların fikir azadlığı, sərbəst toplaşmaq azadlığı məhdudlaşanda bu, narazılıq yığılır və üzə çıxmır və bu risk görünmür. Hətta ən aparıcı analitik mərkəzlər belə bu riski görə bilmir və birdən sosial partlayış baş verir, bu da həm həmin ölkənin, həm həmin regionun, həm də ümumilikdə azad dünyanın maraqlarına zərbə vurur. O baxımdan fikirləşirəm ki, Amerikanın demokratiya münasibətində çoxlu yeni yanaşmalar var. Amma sırf bizim regionla bağlı mən Amerikanın ritorikasında dəyişikliklər hiss edirəm. Bu da ondan ibarətdir ki, liderlərlə hansı dildə danışmaq lazımdır ki, bu, öz nəticəsini və öz bəhrəsini versin. Sərt dildə, nə qədər təzyiq göstərmək lazımdır, yəni bu və ya digər məsələni bildirmək lazımdır, yoxsa yox, yəni bu məsələlərlə bağlı marağın oldğunu hiss etdim.

Dilşad Əliyarlı: Bəxtiyar bəy, sizin firkinizi bilmək istəyirəm. Xanım Klintonun səfəri Amerikanın Azərbaycanda öznünün narahatlıqlarına səbəb olan insan hüquqları və demokratiya sahəsində problemlərinə həllinə ümsbət impuls verəcəkmi?

Bəxtiyar Hacıyev: Məncə, bu məsələlər gündəlikdə başqa məsələlərdən sonra gəlir. Amma düşünürəm ki, demokratiya və insan hüquqları məsələsi də Amerika üçün prioritet məsələlərdən biridir. Fikrimcə, bu səfər müddətində xanım Klinton və Azərbaycan prezidenti ətraflı fikir mübadiləsi aparıblar və bu da çox güman ki öz təsirini göstərəcək. Çox böyük dəyişikliklər gözləmirəm sözünü doğrusu, amma addım-addım yəqin müəyyən dəyikşikliklər olacaq.

Dilşad Əliyarlı: Bəxtiyar bəy, gələcək planlarınız barədə düşünməyə imkanınız olubmu? Gələcəkdə nə ilə məşğul olmağı düşünürsünüz?

Bəxtiyar Hacıyev: Hələ ki o qədər yox. Amma elə bu günlərdə bir neçə görüşlərim olub və bəzi təklilər olunub. Yəqin ki bir müddət istirahət etməliyəm, valiydenlərimlə görüşməliyəm, ondan sonra yəqin ki bu planları ətraflı müzakirə edəcəm.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Show comments

XS
SM
MD
LG