Accessibility links

Bakıda üçgünlük seminar işinə başlayıb


Jurnalistlərin təhlükəsizliyi media azadlığı üçün mütləq şərtdir. Turan agentliyinin bildirdiyinə görə, ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviçin bu gün Bakıda açılan polis və media nümayəndələri üçün üçgünlük seminarda verdiyi əsas mesaj bundan ibarət olub.


“İctimai nümayişlər zamanı jurnalistlərin təhlükəsizliyi” adlı seminar KİV-ə Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası tərəfindən ATƏT-in dəstəyi ilə keçirilir.

Görüşü açan Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov bildirib ki, mitinqlər zamanı jurnalistlərin təhlükəsizliyinə böyük əhəmiyyət verir. 2003-cü ildən etibarən DİN-lə bir sıra layihələr həyata keçirilib, seminarlar keçirilib, jurnalistlərə 500-dən çox “Press” yazılı fərqləndirici jiletlər paylanıb. Amaşov jurnalistlərin, baş prokurorluğun, DİN və Ədliyyə Nazirliyinin iştirakı ilə daimi monitorinq qrupunun mövcud olduğunu bildirib. Bu qrup aksiyalar zamanı jurnalist hüquqlarına riayət olunmasına nəzarət edir və jurnalistlərin işi üçün yaranan maneələrin aradan qaldırılması üçün dərhal reaksiya verir.


Buna cavabda Miyatoviç qeyd edib ki, polis jurnalistlərin işinə mane olmamalıdır. Jurnalistlərin informasiyanı açıq-aşkar, aydın, dəqiq və düzgün ötürməsi üçün şərait yaradılmalıdır.


O, həmçinin bildirib ki, noyabrın 12-13-də ATƏT Mətbuat Şurası ilə birlikdə müxtəlif dövlət qurumlarının mətbuat xidmətlərinin əməkdaşları üçün jurnalistlərin mətbuat xidmətlərinə sərbəst çıxışı məsələlərinə həsr olunmuş daha bir seminar təşkil edəcək.


Öz növbəsində, Prezident Administrasiyasının ideoloji şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycanın da postsovet məkanının digər ölkələri kimi media azadlığı sahəsində problemləri var. Bu problemlər ölkənin imicinə mənfi təsir göstərir. Lakin bəzi problemlər süni olaraq, bəzi qrup və təşkilatların manipulyasiyaları nəticəsində yaranır. Digər problemlər informasiya və peşəkarlıq çatışmazlığı nəticəsində yaranır. Belə ki, Həsənov jurnalistlərin ictimai aksiyalar zamanı ilk növbədə “öz yerlərini və funksiyalarını düzgün müəyyən etməli olduğunu” hesab edir.


Onun sözlərinə görə, bu prinsipin pozulması aksiyalar zamanı polislə problemlərin yaranmasına səbəb olur. Həsənov belə yanlış davranışa nümunə kimi jurnalist İdrak Abbasovun döyülməsini göstərib. Onun sözlərinə görə, jurnalist ARDNŞ təhlükəsizlik xidməti əməkdaşlarının əraziləri qanunsuz ələ keçirmiş və orada ev tikmiş şəxslərlə qarşıdurmasında iştirak edib.

“Güc tətbiq edənlər onun jurnalist olduğunu bilmədiklərini iddia edirlər”, deyə Həsənov bildirib.


Bundan sonra Miyatoviçin replikası səslənib, o, İdrak Abbasovun məsələsini rəsmi şəxslərlə görüşlərində qaldırdığını və bu mövzunun müzakirəsinə açıq olduğu üçün hökumətə minnətdar olduğunu bildirib.

Abbasovun “yanlış” davranışına gəlincə, Miyatoviç əli Həsənova üzərində fərqləndirici jilet olan döyülən jurnalistin fotolarının bütün dünyaya yayıldığını xatırladıb. Bu o deməkdir ki, onu döyənlər onun jurnalist olduğunu bilməyə bilməzdilər, deyə o bildirib.

“ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi olaraq mən bütün jurnalistləri müdafiə etməliyəm, hətta onların yazdıqları ilə hər zaman razılaşmasam belə. Jurnalistlər peşəkarlıq səviyyələrindən asılı olmayaraq, zorakılığa məruz qalmamalıdırlar. Kiminsə jurnalistlərə qarşı iradı varsa, bunun üçün məhkəmə var”, deyə Miyatoviç bildirib.


DİN rəhbərinin müavini Oruc Zalov idarəsinin jurnalistlərlə əməkdaşlıq üçün açıq olduğunu bildirib. Eyni zamanda, Zalov “bəzi müstəqil KİV-lərin “səlahiyyətli mənbələrə” istinadla DİN rəhbərliyini və onun ayrı-ayrı qurumlarını bədnam edən məlumatlar yaymasından” şikayət edib.

Seminarın açılışında KİV rəhbərlərinə, o cümlədən müxalif KİV-lərə yeni “Press” jiletləri paylanıb.


Daha sonra seminar qapalı qapılar arxasında davam edib. Seminarda 20 DİN zabiti və 10 KİV nümayəndəsi iştirak edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG