Accessibility links

Baş Prokurorluq Bakıda və Bərdədə özünü yandırma halı ilə bağlı məlumat yayıb


Özünü yandıran insan
Özünü yandıran insan

Hər iki intihara cəhd üzrə cinayət işi qaldırılıb

Baş Prokurorluğun mətbuat xidməti Bərdə şəhərində özünü yandırmağa cəhd edən Qarabağ müharibəsi əlili və Bakıda özünü yandıran Lənkəranlı gənc qızla bağlı məlumat yayıb. Hər iki intihara cəhdlə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi qaldırılıb.

Mətbuat xidməti bildirir ki, yanvarın 30-da Lənkəran şəhərində qeydiyyatda olmaqla müvəqqəti Bakı şəhərində yaşayan Məlakə Bayramlı Səbayel rayonu ərazisində üzərinə yandırıcı maddə tökərək yandırmaqla intihara cəhd edib, intiharın qarşısı alınaraq yanıq xəsarətləri ilə 5 saylı klinik xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən onun hazırkı vəziyyəti stabil ağır kimi qiymətləndirilir.

İlkin araşdırmalarla müəyyən edilib ki, M.Bayramlı 29 oktyabr 2012-ci il tarixdən 5 oktyabr 2013-cü il tarixədək Milli Təhlükəsizlik Nazirliyinin Mühafizə Taborunda müddətli həqiqi hərbi xidmətdə olmuş Əli Həbibli ilə sonuncunun xidmət etdiyi Lənkəran şəhərində tanış olmaqla Lənkəran və Bakı şəhərlərində dəfələrlə görüşərək yaxın ünsiyyətdə olmuşlar.

Bir müddətdən sonra aralarında yaranmış narazılıqla bağlı M.Bayramlı Ə.Həbiblinin onu zorlaması barədə Respublika Hərbi Prokurorluğuna ərizə ilə müraciət edib. Həmin xüsusat üzrə aparılmış araşdırmalar zamanı M.Bayramlı ilkin izahatında qeyd olunan faktı təsdiq etsə də, sonrakı ərizələrində Ə.Həbibli tərəfindən zorlanmadığını, onunla könüllü olaraq cinsi əlaqədə olduğunu, evlənmək məqsədi ilə artıq nişanlandıqlarını və şikayətindən imtina etdiyini bildirməklə əlavə izahat verməyib.

Ə.Həbibli M.Bayramlı ilə nişanlanaraq bir müddət əlaqələrini davam etdirib, lakin sonradan aralarında yenidən münasibətlər pozulub və sonuncu ilə ailə qurmadığına görə M.Bayramlı bundan hiddətlənərək özünü yandırmaqla intihara cəhd edib.
Mətbuat xidməti Bərdə rayonunda intiharla bağlı isə bildirir ki, yanvarın 27-də Bərdə rayonunun Alpout kənd sakini Maarif Vəliyev Bərdə rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında üzərinə tez alışan maddə tökərək intihara cəhd edib. Yanıq xəsarətləri ilə mərkəzi rayon xəstəxanasına yerləşdirilən M.Vəliyevin vəziyyəti hazırda kafi, stabil olaraq qalır.

Müəyyən edilib ki, M.Vəliyev Qarabağ müharibəsi əlili kimi ev almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətlə bağlı nazirlikdən, ona ayrılmış 0,24 hektar həyətyanı torpaq sahəsinin adından çıxarıldıqdan sonra ev verilməsinin mümkünlüyü bildirilib, eyni zamanda bununla bağlı digər zəruri sənədlərin toplanılması ona izah edilib.

M.Vəliyev öz növbəsində tələb olunan sənədlərin aidiyyəti dövlət orqanlarından alınmasına laqeyd yanaşaraq buna təşəbbüs göstərməyib və heç bir əsas olmadan üzərinə benzin tökərək intihara cəhd edib.

Araşdırmalarla həmçinin M.Vəliyevin dövlət qayğısı ilə əhatə olunaraq fərdi ev tikintisi üçün ailəsinə 0,24 hektar torpaq sahəsi ayrılması, müraciəti əsasında 5 oktyabr 2013-cü ildə Bərdə rayon İcra Hakimiyyəti tərəfindən 400 manat məbləğində maddi yardım göstərilib, II qrup Qarabağ müharibəsi əlili kimi Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən hər ay 66 manat məbləğində sosial müavinət, 85 manat məbləğində Prezident təqaüdü, həmçinin oğlu Vüqar Vəliyevə I qrup əlil kimi 67 manat məbləğində sosial müavinət təyin olunması müəyyən edilib.

Hazırda hər iki cinayət işi üzrə istintaq davam etdirilir.
XS
SM
MD
LG