Accessibility links

Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbi media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparır


GİPA_logo

GİPA_logo

Proqram ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilir. Məqsəd Qafqazda demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

ABŞ-ın Azərbaycandakı səfirliyi Gürcüstan İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparması haqda məlumat yayıb.

Proqram üzrə dərslər ABŞ, Avropa İttifaqı, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Proqram ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilir və Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Proqramda məqsəd Qafqazda demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

Azərbaycandan seçiləcək beş nəfər tələbənin bu proqramda iştirakı nəzərdə tutulur. Proqram dörd semestr olaraq sentyabr 2013- may 2014-cü illəri əhatə edir. Dərslər Bakıda yerli universitetlərdən birində, Tbilisidə isə GİPA-da keçirilir.

Birinci və dördüncü semestrlərin də Bakıda yerli universitetdə keçirilməsi nəzərdə tutulur. Tələbələr 2014-cü ildə ikinci və üçüncü semestrlər ərzində təhsillərini Gürcüstanda davam etdirirlər.

2015-cü ilin mayında isə diplom işlərini müdafiə etmək üçün yenidən məktəbə qayıdırlar. GİPA-nın təhsillə bağlı tələbələri kompüter, radio və video avadanlıqlar, internet və zəngin kitabxana təmin etmək imkanları var.

Proqram çərçivəsində tələbələr “Brosse Street Journal” adlanan jurnalın həm çap, həm də internet versiyasını nəşr edəcək, GİPA FM radiosu vasitəsi ilə xəbər proqramları yayımlayacaqlar.

Həm çap, həm tele-radio yayım mediası təmsilçiləri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və toplanmış təcrübə prinsipləri üzərində qurulub, faktlara əsaslanan peşəkar xəbər yayımını nəzərdə tutur. Burada idarəçilik üsulları, iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılır.

Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin müəllim heyəti və tədris planı mərkəzi USAID (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) tərəfindən maliyyələşdirilən dörd illik G-Media layihəsi çərçivəsində İREX-in Gürcüstan ofisi və ABŞ-ın Cənubi Karolina Universiteti tərəfindən təqdim olunub.

Dil imtahanı və müsabiqədən keçmək üçün namizədlərdən ingilis dilini bilmək tələb olunur.

ABŞ-ın Azərbaycan səfirliyi Gürcüstanda olan zaman tələbələrin tədris haqlarını və yaşayışlarını maliyyələşdirir.

Qəbul proseduru: ingilis dilindən imtahan, inşa (ingilis dilində) və bu ilin avqustunda Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə.

Sənəd qəbulu üçün son müddəti 14 iyun 2013-cü ildir.

Proqramın rəsmi təqdimatı bu il mayın 23-də saat 18:00-da ABŞ-Azərbaycan Təhsil Mərkəzində keçiriləcək.

Gürcüstan İctimai İşlər İnstitutunun (GİPA) əsası 1994-cü ildə qoyulub. Özəl tədris müəssisəsi olmaqla Qafqazda demokratik və bazar islahatlarına dəstək olmaq üçün yüksək ixtisaslı ictimai qulluqçu və jurnalistlər hazırlayır.

QJMİM 2001-ci ildə jurnalistika və media idarəçiliyi sahəsi üzrə tədris və təlim proqramları vasitəsilə Qafqazda müstəqil medianın inkişafını dəstəkləmək üçün yaradılıb. Məktəbin fəlsəfəsinə əsasən dəqiq və qərəzsiz xəbərçilik ənənəsilə təlim görən jurnalistlər işlədikləri yerdə jurnalistikanın səviyyəsini qaldırır, dəqiq məlumat verməklə və peşə standartlarını yüksəkdə tutmaqla cəmiyyətə xidmət göstərir.

2001-ci ildən indiyədək 130-a yaxın məzun ingilis dilli regional proqramı bitirərək jurnalistika və media idarəçiliyi üzrə magistr dərəcəsinə yiyələnib.

Məktəbin Azərbaycandan olan məzunları yerli media sahəsində lider vəzifələrdə çalışırlar. Onların 87%-i hazırda müxtəlif sahələrdə çalışırlar. Bu məzunlar fəaliyyət göstərdikləri tele-radio və qəzetlərdə dəqiq, qərəzsiz, müstəqillik kimi prinsiplərə söykənən tanınmış jurnalistlərdir.

Məzunların ən çox cəmləşdiyi media qurumları 1stNyus, Turan, APA informasiya agentlikləri, ANS TV, ANS Press, CBN, Hesabat jurnalı, BBC Monitorinq, Azadlıq/Azad Avropa radiosunun Azərbaycan və rus xidmətləridir.
XS
SM
MD
LG