Accessibility links

“Azərbaycan Hava Yolları” (Azal) QSC sentyabrın 24-də Bakı-Nyu-York-Bakı reysi ilə birbaşa uçuşlara başlayıb. Belə ki bu gün Azala məxsus “Aerobus-340” təyyarəsi Bakı Beynəlxalq Aeroportundan yerli vaxtla saat 6.00-da ilk reysini edib.

“Azərbaycan Hava Yolları” QSC-nin rəsmisi Məhərrəm Səfərli bildirib ki, aviareyslər uzaq məsafəli uçuşlar üçün nəzərdə tutulan müasir “Aerobus-340” tipli təyyarələrlə yerinə yetiriləcək. “Bu hava gəmiləri yüksək təhlükəsizlik tələblərinə cavab verir. Maksimal sürəti saatda 890 kilometr olan təyyarə birbaşa 16 min kilometr məsafə qət edə bilir”.

İlk aylarda Nyu-Yorka uçuşların həftədə iki dəfə reallaşadırılacağını bildirən Səfərli dekabrın 1-dən reyslərin sayının 3-dək artırılacağını vurğulayıb.

Təyyarə Kennedi hava limanına yerli vaxtla saat 9:30-da (Bakı vaxtilə 16:30) enəcək. Bakı-Nyu-York-Bakı marşrutu üzrə biletin qiyməti 599 avro təşkil edir. Nyu-York “Azərbaycan Hava Yolları”nın uçuş coğrafiyasında 37-ci məntəqədir.

XS
SM
MD
LG