Accessibility links

Bazar günü ölkənin qərbində baş vermiş zəlzələ nəticəsində 3 min evə ziyan dəyib


Balakəndə zəlzələ

Balakəndə zəlzələ

Zəlzələnin gücü 12 ballıq şkala üzrə 7 bal olub

Bazar günü Balakən və Zaqatala rayonlarında baş vermiş zəlzələ nəticəsində 2 kənddə 15 ev dağılıb. Onların sakinləri müvəqqəti yerlərə köçürülüb. Bundan əlavə, may zəlzələsi nəticəsində 3 minə yaxın evdə əmələ gəlmiş çatlar genişlənib. Bu barədə Turan-a Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə hallar Nazirliyinin (FHN) komissiyasının rəhbəri Elman Ramazanov bildirib.

Onun sözlərinə görə, FHN nümayəndələri həmin evlərin və 6 kənddə məktəblərin vəziyyətinin qiymətləndirilməsini aparır. Danaçı və Aşağı Tala kəndlərində məktəblərdə dərslər dayanıb. E.Ramazanov qeyd edib ki, may zəlzələsində həmin məktəblərə ciddi ziyan dəyib, indiki zəlzələdən sonra tam yararsız vəziyyətə düşüblər.

Hazırda uşaqların təhsili davam etdirməsi üçün müxtəlif variantlar nəzərdən keçirilir. Mümkün variantlardan biri kimi müvəqqəti binaların təşkili üçün yığma konstruksiyaların gətirilməsi nəzərdə tutulur.

May zəlzələsinin nəticələrinə gəlincə, o zaman FHN komissiyası 3019 binanın qəzalı vəziyyətdə olduğunu bildirmişdi. Onlardan 2786-ı sökülüb. Hazırda 2494 bina tikilir. Həmçinin 21 məktəb tikilir və onların bəzisi təhvil verilib.

Qeyd edək ki, Balakən rayonunda zəlzələ nəticəsində 600-ə yaxın evə ziyan dəyib, o cümlədən 10 ev dağılıb. Həmçinin 50-dən çox sosial obyektə ziyan dəyib.

Xatırladaq ki, bir nəfər zəlzələnin qurbanı olub. Zəlzələnin gücü 12 ballıq şkala üzrə 7 bal olub.
XS
SM
MD
LG