Accessibility links

Amerikada qaradərililərlə polis arasında ixtişaşa dair nümayişlərə yol açan sonuncu hadisə ABŞ-ın şəhəri Baltimorda baş verib. Həbsxanada aldığı xəsarətlərdən ölən 25 yaşlı Freddi Qreyin dəfn mərasimi keçirilib.

Bazar günü ailə üzvləri, dostları və ictimayyət üzvləri Qreyi son mənzilə yola salmaq üçün toplaşıb. İki həftə bundan əvvəl Qrey həbs edilərkən onurğa sümüyündə aldığı xəsarət nəticəsində ölüb.

Onun xəsarət almasının təfərrüatları məlum deyil. Rəsmilər Qreyin polis maşınında təhlükəsizlik kəmərindən istifadə etmədiyini deyir.

Əsasən dinc keçən nümayişlərin iştirakçıları ədalət tələb edib. Lakin nümayişçilər bəzi hallarda zorakılıqlara yol verib, mağazaların və avtomobillərin şüşələrini sındırıb. Təxminən 34 nəfər həbs edilib.

Agentlik altı polis zabitini ödənişli inzibati məzuniyyətə buraxıb. ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri vətəndaş hüquqlarının pozulması halının baş verib-vermədiyini təhqiq edir.

Baltimor şəhəri polis idarəsinin zabitləri bu həftənin sonu daha yeni məlumatların əldə ediləcəyini bildirib.

Şəhərin meri Stefani Ravlinqs Bleyk polis maşınında bütün məhbusların təhlükəsizlik kəməri taxması tələb edildiyi halda bunun nəyə görə Qreyə tətbiq edilmədiyini və onun tibbi yardım istəməsindən sonra yardımın nə üçün göstərilmədiyini sual edib.

XS
SM
MD
LG