Accessibility links

Banqladeşdə Yaponiya vətəndaşı qətlə yetirilib


Banqladeş polisi ölkənin şimal bölgəsində bir Yaponiya vətəndaşının güllə ilə vurularaq öldürüldüyünü bildirib. Bu, bir həftə ərzində Cənubi Asiya ölkəsində öldürülən ikinci əcnəbi vətəndaşdır.

Polis rəsmisinin sözlərinə görə, mərhum ucqar Kauniya şəhərində 3 motosikletçi tərəfindən yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirilib.

Rəsmilər deyir ki, Yaponiya vətəndaşı paytaxt Dəkkədən 300 kilometr aralıda olan Ranqpur rayonunda fermerlik layihəsi üzərində işləyirdi.

Xatırladaq ki, bir həftədən az bir müddət əvvəl isə ölkə paytaxtında bir italiyalı yardım işçisi qətlə yetirilmişdi. Bu hücuma görə məsuliyyəti İŞİD terror qrupu öz üzərinə götürsə də, rəsmilər iddianı rədd edərək olayı kiçik insident adlandırmışdı.

Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Banqladeş həmişə dünyəvi dövlət olması ilə qürurlanıb. Ancaq artıq ölkədə islamçı yaraqlı qrupların fəaliyyəti artmağa başlayıb və son 2.5 ildə 10-dan çox dünyəvi düşüncələrə malik blogger və fəal qətlə yetirilib.

XS
SM
MD
LG