Accessibility links

Barak Obama ABŞ-ın Liviyada hava hücumlarını müdafiə etdi


Barak Obama ABŞ-ın Liviyada hava hücumlarını müdafiə etdi
Barak Obama ABŞ-ın Liviyada hava hücumlarını müdafiə etdi

Milli Müdafiə Universitetində çıxış edən ABŞ prezidenti Barak Obama Liviyaya hərbi müdaxilənin nə məqsədlə həyata keçirildiyinə və Liviyada ABŞ-ın gələcək planlarına aydınlıq gətirib.

ABŞ dövlət başçısının sözlərinə görə, ABŞ-ın Uçuşa Qadağa Zonası təşəbbüsü nəticəsində Liviyada saysız-hesabsız insanın həyat; xilas olub: “Birləşmiş Ştatlar dünyada beynəlxalq təhlükəsizliyin və insan azadlıqlarının aparıcısıdır. Bizim bu barədə öhdəliyimiz var. Liviyada da bu öhdəliyə sadiq qalırıq”- deyə prezident Obama bildirib. 40 ildən artıqdır Qəzzafinin Liviyanın bütün sərvətlərini taladığını dilə gətirən dövlət başçısı onun bu illər ərzində çoxsaylı insanın ölümünə səbəb olduğunu bildirib. O, ABŞ əsgərlərinin Liviya agentləri tərəfindən öldürülməsini də xatırladıb.

“Müəmmar Qəzzafinin 33 milyard dollardan çox pulunu dondurmuşuq, çoxsaylı embarqolar tətbiq etmişik. Ancaq o, vətəndaşlarına qarşı hücumu dayandırmaq əvəzinə hücumları genişləndirmək yolunu seçdi. Bunun qarşılığında isə BMT Təhlükəsizlik Şurası ABŞ-ın təşəbbüsü ilə Uçuşa Qadağan Zonası tətbiq etmək məcburiyyətində qaldı” - deyə Barak Obama bildirdi. Ona verilən son şansı da dəyərləndirmədiyini bildirən ABŞ ali baş komandanı Qəzzafinin hücumları davam etdirdiyini dilə gətirdi: “Qəzzafiyə sadiq qüvvələr 1 gün ərzində 1000-ə yaxın insanın həyatına son qoydu. Biz bu addımı atmaq üçün bir gün belə geciksəydik, qətliam bütün ölkəyə yayılacaqdı”.

Hazırda Qəzzafinin ölümcül hücumlarının qarşısının alındığını qeyd edən prezident Obama bütün koalisiya qüvvələrinə ABŞ-ı dəstəklədəyinə görə təşəkkürünü bildirdi. O, bu sırada bəzi ərəb dövlətlərinin olduğunu da xatırlatdı.

“ABŞ bildirmişdi ki, Liviyada məhdud rola malik olacaq. Bu rol ondan ibarətdir ki, ABŞ Liviyaya quru qoşunlar yeritməyəcək, hücumlar yalnız havadan olacaq. Artıq komandanlıq NATO-ya verilib. Biz dəstəyimizi davam etdirəcəyik” - deyə prezident mülki və hərbi rəsmilərin qarşısında çıxışı zamanı bildirdi.

O, donduralan 33 milyard dolların Qəzzafi rejimi devriləndən sonra Liviyanın yenidənqurma işlərinə sərf olunacağını bildirdi. ABŞ-ın başlıca missiyasının insanların həyatını qorumaq olduğunu bildirən Barak Obama Birləşmiş Ştatların həmişə düz olanın tərəfində yer tutacağını dilə gətirdi: “Hətta cənab Qəzzafi hakimiyyətdən devrilsə belə, 40 illik tiranlıq Liviyada güclü struktur saxlamayıb. Hazırda ölkədən qaçanların sayı gündən-günə çoxalır. Qəzzafisiz Liviya həm Liviya xalqının özü, həm də bütün dünya üçün daha yaxşı olacaq”.

ABŞ prezidenti Liviya müxalifətinin Birləşmiş Ştatlardan bunu etməyi istədiyini bildirən Barak Obama onların istəyini həyata keçirdiklərini söylədi. O, bu yolu İraqda da getdiklərini, orada müharibəyə milyardlarla dollar xərcləndiyini ancaq Liviyada İraqda baş verənlərin təkrarlanmayacağını dedi: “Biz Liviyada qətliamın qarşısını almışıq. Qəzzafi hakimiyyətdən bu gün devrilməyə bilər, ancaq Liviya xalqı və bütün dünya bilməlidir ki, tarix Qəzzafinin tərəfində deyil”.

ABŞ-ın dünyanın ən güclü dövləti olduğunu bildirən prezident belə hallarda Birləşmiş Ştatların addım atmağa qorxmayacağını bildirdi. ABŞ-ın yalnız insanlara dəyişiklik bəxş edə biləcəyini söyləyən Barak Obama dedi: “Azad olmaq istəyən gənclər, insanlar, ABŞ-ı özlərinə dost görəcəklər”.

Sonda Birləşmiş Ştatlar prezidenti Barak Obama müharibələrdə döyüşən bütün ABŞ əsgərlərinə və onların ailələrinə təşəkkürünü bildirdi.

XS
SM
MD
LG