Accessibility links

Barak Obama Səudiyyə kralı ilə ilk rəsmi görüşünü keçirib


ABŞ prezidenti Barak Obama Səudiyyə kralı Abdullanın ölümü ilə bağlı hörmət əlaməti olaraq çərşənbə axşamı Səudiyyə Ərəbistana səfər edib.

Obamanın başçılıq etdiyi nümayəndə heyətinə ABŞ-ın Nümayəndələr Palatasının demokrat üzvü Nensi Pelosi, respublikaçı senator Con Makkeyn, sabiq ABŞ dövlət katibi Ceyms Beyker və Kondoliza Rays da daxil olmaqla, 30 nəfərdən ibarət rəsmilər və qanunvericilər daxildir.

ABŞ prezidenti Riyadda Kral Salman bin Əbduləziz ilə ilk rəsmi görüşünü keçirib. ABŞ rəsmisinin məlumatına əsasən iki lider Yaxın Şərqdə təhlükəsizlik problemi və neft bazarında sabitliyi müzakirə edib. Danışıqlar zamanı Obama həmçinin Səudiyyə Ərəbistanında insan haqları məsələsinə də toxunub.

Kral Abdullanın keçən həftə ölümündən sonra insan haqları qrupları onun doqquzillik hakimiyyəti dövründə baş verən məhbusların edamı, qadınlara və azlıqlara qarşı ayrı-seçkilik, siyasi fiqurlara təzyiq kimi pozuntuları gündəmə gətirib.

Birləşmiş Ştatlar, BMT və insan haqları qrupları bloqer Raif Badavi ilə bağlı narahatlıqlarını bildiriblər. Bloqer Raif Badavı İslam dinini təhqir etdiyinə görə 1000 şallaq cəza alıb.

İctimayətə açıq şəkildə ilk gündəlik 50 şallaq Ciddə şəhərində həyata keçirilib. İkinci 50 şallaq Badavinin bədənindəki yaraların sağalmadığına görə təxirə salınıb.

XS
SM
MD
LG