Accessibility links

Barak Obamanın "Google+" səhifəsinə Çindən şərhlər daxil olur


Barak Obamanın "Google+" səhifəsinə Çindən şərhlər daxil olur

Barak Obamanın "Google+" səhifəsinə Çindən şərhlər daxil olur

ABŞ prezidenti Barak Obamanın Google+ səhifəsinə çin dilində çox saylı şərhlər daxil olub. Hökumət qadağaları səbəbilə Çində əsas sosial şəbəkələrə daxil olmaq mümkün deyil.

Son günlər Çində bəzi internet istifadəçiləri gözlənilmədən ABŞ prezidenti Barak Obamanın Google Plus səhifəsinə azad şəkildə daxil ola bildiklərinin şahidi olublar.

Çinlilərin səhifəyə yerləşdirdiyi şərhlərin bəzisi söz azadlığına və insan haqlarının müdafiəsinə çağırır. Başqaları isə ABŞ-a mühacirət etmək üçün “Green Card” barədə məlumat verilməsini istəyir. Çinlilərin bir neçəsi isə hətta daha sərt mövqe nümayiş etdirərək prezident Obamanı Çin xalqını “azad” etməyə çağırır.

Danwei.org veb səhifəsinin baş redaktoru Ceremi Qoldkornun fikrincə, şərhlərin böyük əksəriyyəti ironiya və satira ilə yazırıb: “İstər onlar Çinin internetinə azadlıq verilməsinə çağıranda, istərsə də cənab Obamanı imperialist adlandıranda öz yumor hissini nümayiş etdirirlər. Ona görə də, inanmıram ki, kimsə bunu ABŞ-Çin əlaqələrinin göstəricisi kimi qəbul etməlidir və ya kimsə onları ciddiyə almalıdır. Mənə elə gəlir ki, oraya yazanların çoxu əyləncə üçün bunu edir”.

O əlavə edir ki, Çin mədəniyyətində bu növ yumorlar var.

Qoldkornun sözlərinə görə, hər hansı tanınmış dünya liderinin səhifəsinə şərh yazmaq bir yenilik olduğu üçün çox çinli prezident Obamanın səhifəsinə şərh yazmaq istəyir, çünki onların ölkəsində belə bir imkan yoxdur. Ancaq o xəbərdarlıq edir ki, bu şərhlər ölkədəki ictimai fikri olduğu kimi əks etdirmir: “Bu, ictimai fikrin bir aspektini – texnologiyanı yaxşı bilən və təxmin edirəm 20-30 yaşlarında olan internet istifadəçilərinin mövqeyini göstərir. Bunu Çinin bütün əhalisinin düşüncəsi kimi qəbul etmək yanlış olardı”.

Xarici İşlər Nazirliyinin sözçüsü Honq Leydən mətbuat konfransında soruşublar ki, Çin hökuməti ölkənin internet istifadəçilərinin Barak Obamaya onları azad etməsi barədə müraciət etməsindən narahatdırmı?

O, Pekinin mövqeyini təkrar edərək deyib ki, Çin vətəndaşlarının internetdən azad istifadə hüquqlarını qoruyur.

Bundan sonra o növbəti sualları cavablandırmaqdan imtina edib.

Çin rəsmiləri qeyri-qanuni və ya pornoqrafik tərkib bəhanəsi ilə bir çox veb saytı bağlayıb. Onlara Facebook, Twitter və YouTube daxildir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG