Accessibility links

Baş Konsul: Qərbi Azərbaycan İran-Türkiyə əlaqələrində əsas rol oynamalıdır


Mehmet Bulut

Mehmet Bulut


Türkiyənin Urmiyədəki baş konsulu Mehmet Bulut Qərbi Azərbaycan vilayətinin İran və Türkiyə arasında iqtisadi əlaqələrdə əsas və mərkəzi yer tutduğuna inandığını bəyan edərək, İranın İqtisadiyyat və Maliyyə Nazirliyinin Urmiyə şöbəsinin bu istiqamətdə konsulluqla birgə çalışacağına ümid etdiyini bildirib.

İranın rəsmi və yarı-rəsmi xəbər agentliklərinə istinadən, cənab Bulut İranın İqtisadiyyat və Maliyyə Nazirliyinin Urmiyə şöbəsi başqanı Həsən Dəbiri ilə görüşdə İran tərəfin Qərbi Azərbaycanda investiya yatıran Türkiyə iş adamları ilə əməkdaşlıq edəcəyilə bağlı ümidlərini ifadə edib. “Qərbi Azərbaycan İranı Avropa, Türkiyəni isə Orta Asiya bazarlarına bağlayan bir qapıdır,” deyə baş konsul söyləyib.

Mehmet Bulut həmçinin sentyabr ayında Qərbi Azərbaycan vilayətinin valisi ilə görüşdə Urmiyə universitetində türk dili və ədəbiyyatı bölümünün açılması, habelə Birinci Dünya müharibəsi zamanı Urmiyə və Salmas şəhərlərini işqal edən aysor və erməni silahlı qruplarla döyüşlərdə həlak olub Salmasın Çiçək kəndində dəfn edilmiş 823 türk əsgərinin xatirəsinə şəhidlər abidəsinin ucaldılmasını təklif etmişdi.

Bəzi qruplar və veb səhifələr bir neçə aydır Türkiyənin Urmiyədəki baş konsulu olaraq vəzifəyə başlayan cənab Bulutun fəaliyyətlərinə qarşı sərt reaksiya nümayiş etdirib.

Adətən Azərbaycan Respublikası, Türkiyə və güneyli fəallara qarşı yazılar yayan Azərilər saytı, habelə İsfahan Erməniləri Xəlifəliyinin rəsmi veb səhifəsində yayılmış bir yazıda baş konsulun türk dili və şəhidlər abidəsi ilə bağlı təklifləri “utanmazlıq” və “həddini bilməmək” kimi dəyərləndirilib.
XS
SM
MD
LG