Accessibility links

Başxanım Abbasova: Evimizi uçurandan sonra bizi polis bölməsindən buraxdılar


Başxanım Abbasova: Evimizi uçurandan sonra bizi polis bölməsindən buraxdılar

Başxanım Abbasova: Evimizi uçurandan sonra bizi polis bölməsindən buraxdılar

Dünən gecə bir qrup Bakı sakinin evləri uçurulub. Sakinlərə hətta əşyalarını götürməyə imkan verilməyib. Müxalifətçi ailənin üzvlərini isə evləri uçurulan zaman polis bölməsində saxlayıblar.

Dünən axşam saat 11-dən bu gün saat 04-dək məni, ailə üzvlərimi və qohumlarımı Nəsimi rayonunda 21-ci polis bölməsində saxlayıblar. Bizi evimizi uçurandan sonra polis bölməsindən azad buraxdılar. Uçurulmuş evimdə 3 minədək kitabımız, iki kondinsioner, iki paltaryuyan maşın, 6 xalça, zinyət əşyalarımız, gəlinlərimin cehizi, bir sözlə neçə illər topladığımız əşyalar uçqun altında qalıb. Bu barədə həbsdə olan Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslının anası Başxanım Abbasova Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, məhkəmənin evlərinin sökülməməsi ilə bağlı qərardadı var. “Amma, Bakı meriyası məhkəmə qərarına məhəl qoymadı. Füzuli küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində yaşayan sakinlər küçəyə atıldı”.
Xanım Abbasovanın dediyinə görə, sakinlərə mənzillərinin hər kvadratmetri üçün 1500 manat ödənilir. “Yaşadığımız rayonda, yeni tikilmiş binalarda mənzilin bir kvadratmetrinin (təmirsiz) qiyməti 3000 manat, təmirlə isə 5 min manatdır. Qanunvericiliyə görə, dövlət ehtiyacı üçün mənzillərin götürülməsi ilə bağlı 3 il əvvəldən sakinlər xəbərdarlıq edilməlidir. Dövlət komissiyası həmin ərazidə mənzilin orta qiymətlini müəyyən etməlidir və sakinlərə təklif etməlidir. Sakinlər razılaşmadığı halda qiyməti məhkəmə müəyyən edə bilər. Burada isə məhkəmələrə ümumiyyətlə məhəl qoyulmur”.

Onun sözlərinə görə, qanunvericilikdə sakinlərin təhlükəsiz köçürülməsinə hökumət məsuliyyət daşıyır. “Amma, reallıqda qanuna istinad yoxdur. Bütün məsələləri Bakı meriyasının nümayəndəsi Zülfəli İsmayılov və Dövlət Əmlak Məsələləri Komitəsinin nümayəndəsi Yusif Qəmbərov həll edir. Onlar öncə sakinlərə Azinko şirkətinin Badamdar qəsəbəsində, Keşlə bazarının qarşısında tikdiyi, dövlət komissiyası tərəfindən təhvil götürülməmiş qeyri-standart binaların kənar bloklarında, keyfiyyətsiz təmir edilmiş mənzillər təklif edirlər. Amma, Azinko şirkətinin yaşadığımız rayonda, Zabitlər bağında standarta uyğun tikilmiş binasında heç kimə mənzil təklif etmirlər”, - deyə o qeyd edib.
Başxanım Abbasova Bakı meriyasının qanunsuz hərəkətlərindən və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin əmlakını məhv etməsindən məhkəməyə müraciət edəcəyini bildirib.

O, oğlu Tural Abbaslı həbs edildikdən sonra ailə üzvlərinin və qohumlarının işdən azad edildiyini də diqqətə çatdırıb. “Ailəmizdə, oğlanlarım və mən Müsavat Partiyasının üzvləriyik. Oğlum Tural Abbaslı İctimai Palatanın 2 aprel mitinqindən sonra həbs edilib. Bundan sonra mən, digər iki oğlum və bacım işdən azad edilib. Turalın həbsi, evimizin zorla uçurulması, ailə üzvlərimizin işdən azad edilməsi bizə mənəvi və maddi zərbədir”.

O, bütün bunlara baxmayaraq ailənin mübarizə ruhunun yüksək olduğunu deyib. ”Tural və mübarizə dostları həbsxanada olsalar da mübarizə ruhları çox yüksəkdir. Azərbaycan hazırda azad ölkədir. İnanıram ki, bizim mübarizəmizin nəticəsində həm də demokratik ölkə olacaq”, - deyə Başxanım Abbasova bildirib.

Qeyri-rəsmi məlumatlara görə, indiyədək Bakı şəhərində 60 minədək sakinin evi sökülüb, 2012-ci ildə isə 50 min sakinin evinin söküləcəyi ehtimal edilir. Hüquq müdafiəçiləri və beynəlxalq hüquq müdafiə təşkilatları vətəndaşların mülkiyyətinə qarşı rəsmi Bakının münasibətinin yerli qanunvericiliyə və beynəlxalq normalara uyğun gəlmədiyini bildirib.

Azərbaycan rəsmiləri vətəndaşların evlərinin dövlət ehtiyacı üçün uçurulduğunu bəyan edib. Bununla yanaşı, mülkiyyətə görə vətəndaşlara verilən kompensasiyanın miqdarının hansı əsaslarla müəyyən edildiyini izah etmir.

XS
SM
MD
LG