Accessibility links

Bayden Rusiyanı öhdəliklərinə əməl etməyə çağırıb


ABŞ-ın vitse-prezidenti Co Bayden Rusiyanı Ukraynada böhranın həlli ilə bağlı bu yaxınlarda əldə edilmiş razılığa əməl etməyə çağırıb. Co Bayden keçən il böhran başlayandan Ukraynaya səfər edən ilk yüksək səviyyəli ABŞ rəsmisidir.

Kiyevə səfəri zamanı vitse-prezident Co Bayden ABŞ-ın Ukrayna hökumətinə maddi və texniki yardımını təklif edib.
Səfər yardımın simvolik göstəricisi kimi qəbul edilsə də, Co Bayden Rusiyaya ciddi mesajlar göndərib.

“Rusiyanın sözdən əmələ keçməsinin, öz təəhhüdlərinə əməl etməsinin, Rusiya tərəfdarı separatçıları binalar və yoxlama məntəqlərindən çıxarıb, amnistiya elan etmək və onların şikayətlərinə siyasi yolla baxmasının vaxtı gəlib çatıb.”

Vitse-prezident Baydenin Rusiya tərəfdarlarının Donetskdə nümayişlər keçirdiyi vaxt Kiyevə səfəri müəyyən mənada skeptik qarşılanıb.

Rusiya tərəfdarı fəal Lyüdmila:“Onu demək istəyirəm ki,o, Kiyevdəkilərə, Kiyev hökumətinə kömək etməyə gəlib, bizə yox.”

Slavyansk şəhərində yoxlama məntəqəsində qətlə yetirilmiş üç Rusiya tərəfdarı fəalın dəfn mərasimi keçirilib. Separatçılar insidentə görə Ukrayna millətçilərini, Kiyev rəsmiləri isə Rusiyanın xüsusi təyinatlı dəstələrini günahlandırır.

Vaşinqton Moskvanı keçən həftə Cenevrədə üzərinə götürdüyü öhdəliklərə əməl etməyə və etirazçıların dövlət binalarından çıxması üçün təzyiqləri artırmağa çağırıb. Rusiya nümayişlərlə heç bir əlaqəsi olmadığını bildirir.

Ağ Ev keçən ay Ukraynada və 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi zamanı eyni rus əsgərlərinin göstərildiyi foto-şəkilləri açıqlayıb. Fotolar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Dövlət Departamentinin sözçüsü Cen Psaki:“Rusiya ilə Ukraynanın şərqində və Krımda, həm də başqa yerlərdə olmuş silahlı qüvvələr arasında bağlılıq var. Bu da buna foto sübutdur.”

Britaniyada yerləşən Henri Cekson institutunda təhlilçi Endrü Fokshal bu iddiaların Rusiyanın regionda uzun müddətdir müdaxiləsinin bir hissəsini təşkil etdiyini deyir:“Ukraynanın şərqində biz illərdir Kremlin və Rusiya hökumətinin efektiv şəkildə separatçı əhval-ruhiyyəni qızışdırmağa çalışdığını görürük. Xarkovda və Donetskdə son aksiyalar bunun göstəriciləridir və Kremlin daha geniş layihəsinin simvoludur.”
Vaşinqton Rusiyanın Cenevrədə əldə edilmiş razılığa əməl etmədiyi halda, yeni sanksiyalara hazır olduğunu bildirib.

Rusiyanın Baş naziri Dmitri Medvedev parlament üzvlərinə ölkənin sanksiyalara davam gətirə biləcəyini deyib.
“Lazım gəlsə, biz də dişlərimizi göstərə bilərik və qanun çərçivəsində məhkəmələr və başqa təsisatlara müraciət edə bilərik.”

NATO öz növbəsində addımlar atır. Alyansın altı gəmisi NATO-nun hazırlığını gücləndirmək və şərq müttəfiqlərini arxayın etmək üçün Baltik dənizində yerləşdirilib.
XS
SM
MD
LG