Accessibility links

Vəkil gənc fəallara aid edilən narkotiklərlə bağlı ekspertiza barədə vəsatət qaldırıb


Qiyasəddin İbrahim və Bayram Məmmədov
Qiyasəddin İbrahim və Bayram Məmmədov

Gənc fəallar Bayram Məmmədov və Qiyas Bayramovla bağlı onların hüquqlarını müdafiə edən Elçin Sadıqov vəsatət qaldırıb.

Elçin Sadıqov Facebook səhifəsində yazıb ki, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqləri qarşısında gənclərdən aşkar olunduğu iddia edilən narkotik vasitələrin büküldüyü bükümlərin və qablaşdırıldığı polietilen torbaların üzərində olan əl-barmaq izlərinin götürülməsi, onların kimə məxsus olmasının müəyyən edilməsi ilə bağlı ekspertiza təyin edilməsi barədə vəsatət qaldırıb.

“Qiyas İbrahimovun gödəkcəsinin sol yan cibindən aşkar edildiyi iddia edilən 2,607 qram hissəsinin, evindən aşkar edildiyi iddia edilən 1 kiloqram 10 qram narkotik vasitənin, B.Məmmədovun cins şalvarının arxa sağ cibindən aşkar edildiyi iddia edilən 2,904 qram narkotik vasitə hissəsinin və evindən aşkar edildiyi iddia edilən 1150 qram narkotik vasitənin büküldüyü torbaların üzərindəki əl-barmaq izlərinin götürülməsi və kimə məxsus olmasının müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilsin”, vəsatətdə qeyd edilir.

Vəkil ekspertiza qarşısında aşağıdakı suallar qoyulmasını xahiş edir:

Qiyas İbrahimovun gödəkcəsinin sol yan cibindən aşkar edildiyi iddia edilən 2,607 qram hissəsinin büküldüyü sellofan kəsiyi bükümünün, evindən aşkar edildiyi iddia edilən 1 kiloqram 10 qram narkotik vasitənin büküldüyü qırmızı rəngli polietilen bağlamanın üzərində neçə əl-barmaq izləri var?

2. Aşkar edilmiş əl-barmaq izləri neçə nəfərə məxsusdur?

3. Aşkar edilmiş əl-barmaq izləri kimlərə məxsusdur?

4. Əməliyyatda iştirak etmiş polis nəfərlərinin, Bakı şəhəri Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin, rəisinin, müavinlərinin və bütün işçilərinin əl-barmaq izləri və Qiyas İbrahimovunvə B.Məmmədovun əl-barmaq izləri götürülərək ekspertizaya təqdim edilsin.

E.Sadıqov yazıb ki, bu vəsatətlər təmin olunduğu təqdirdə sübut olunacaq ki, həmin narkotik vasitə hesab edilən heroinə Qiyas İbrahimovun və Bayram Məmmədovun heç bir aidiyyəti yoxdur:

“Həmin heroinlər gənclərin cibinə polis əməkdaşları tərəfindən qoyulub. Gənclərin üzərindən aşkar edildiyi iddia edilən heroinlərin polisə məxsus olması barədə gənclərin ifadəsi öz təsdiqini tapacaq”.

Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclərlə bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb.

“Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb”.

NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.

İstintaq orqanı vəkilin vəsatəti ilə bağlı hələ şərh verməyib.

XS
SM
MD
LG