Accessibility links

9 noyabr Azərbaycan Bayrağı gündür. Bayraq Günü dövlət bayramıdır, iş günü deyil.

Dövlət Bayrağı Günü 2009-cu ildən qeyd edilir.

Azərbaycan Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilib. Həmin qərara görə, Azərbaycan bayrağı qırmızı materialdan, üstündə ağ, aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzdan ibarət olub. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi və Bakıda fəaliyyət göstərmək qeyri-mümkün idi. Azərbaycan hökuməti Bakıda yalnız 15 sentyabr – şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndikdən sonra fəaliyyət göstərə bilib. İlk dövlət bayrağı qırmızı rəngdə, Türkiyənin dövlət bayrağı formasında olub.

Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra, bayraq haqqında ikinci qərar qəbul edilib.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, göy rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin".

28 aprel 1920-ci ildə Xalq Cümhuriyyəti süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra bu bayraqdan imtina edilib.

Üçrəngli bayraq ikinci dəfə 1988-ci ildə Azadlıq meydanında milli azadlıq hərəkatının mitinqində qaldırılıb.

5 fevral 1991-ci ildə Azərbaycan parlamenti üçrəngli bayrağı yenidən Azərbaycanın dövlət bayrağı qəbul edib.

XS
SM
MD
LG