Accessibility links

BBC Fars xidməti Azəri deyil Türk sözündən istifadə edəcəyini bildirib


Sadıq Saba
Sadıq Saba

Güneydəki kütləvi aksiyalardan sonra "Azəri" sözünü işlədən mediaya qarşı təpkilər də artıb

BBC Fars Televiziyası noyabrın 14-də yayımladığı Dideban proqramında izləyicilərinin güneydəki kütləvi aksiyalara dair xəbərlərdə “azəri” sözünün işlədilməsinə etirazlarını gündəmə gətirib. Fars xidmətinin direktoru Sadıq Saba BBC Farscanın bundan sonra “türk” sözündən istifadə edəcəyini ifadə edib.

“İndi bizim gördüyümüz budur ki, həm türk xalqı özünə türk deyir, həm də başqaları onları türk tanıyır. Buna görə də, BBC-də [fars xidməti] bizim İrandakı bu etnik qrupu adlandırmaq üçün işlədəcəyimiz birinci söz türk sözüdür və başqa söz yoxdur,” deyə BBC Fars xidmətinin direktoru Sadıq Saba canlı proqramda dilə gətirib.

Urmiyə, İran Azərbaycanı - 9 noyabr 2015
Urmiyə, İran Azərbaycanı - 9 noyabr 2015

Noyabrın 9-da Azərbaycan vilayətləri və İranın digər bölgələrində türklərin başladığı kütləvi aksiyalarda “Haray haray mən türkəm”, “Türkəm, Azəri deyiləm”, “Türklərə qarşı irqçiliyə son qoyun”, “Türk dili rəsmi olsun” kimi şüarların səsləndirilməsi ardından mediada “Azəri” sözünün işlədilməsinə qarşı etirazlar da çoxalıb.

"Mən türkəm, azəri yox" - Zəncan - 9 noyabr 2015
"Mən türkəm, azəri yox" - Zəncan - 9 noyabr 2015

BBC Fars Televiziyası isə “Azəri” ifadəsinə təpkilərin xüsusilə sosial şəbəkələrdə genişlənməsi səbəbi ilə bu xususda münasibət bildirib.

“Siz kürdlərə kürd, ərəblərə ərəb deyirsiniz. Amma, nə üçün türklərə azəri deyirsiniz... Biz türkük və dilimiz türkcədir. Əksəriyyətimiz Azərbaycanda yaşayırıq, amma İranın hər yerində varıq. Biz Azəri və Azəridilli deyilik...,” deyə Dideban proqramı Sara və Pərviz adlı izləyicilərin mesajlarına yer verib.

Sadıq Saba əlavə olaraq “türkdilli” ifadəsinin də “türk” ifadəsinin yerinə deyil bəlkə türk dilində yazan yazarlar və şairlər üçün istifadə ediləcəyini vurğulayıb.

BBC Fars xidməti ötən günlərin aksiyalarından sonra etirazçıları ümumiyyətlə “türk” adlandırsa da bundan əvvəlki proqramlarında “azəri” və “türkdilli”kimi ifadələrdən istifadə etməsi türk fəalların təpkisinə səbəb olmuşdu.

XS
SM
MD
LG