Accessibility links

Fevralın 1-dən Azərbaycana idxal olunan Aİ-95 Premium və Aİ 98 Super markalı benzinin qiyməti bahalaşıb.

Belə ki, yanacaq doldurma məntəqələrində Aİ-95 Premium benzininin bir litri 1,15 manata (10 qəpik bahalaşıb), Aİ 98 Super benzin isə 1,20 manata (10 qəpik bahalaşıb) satılır.

Qeyd edək ki, Aİ-92 benzininin və L-62 dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən müəyyən olunur və onların qiyməti dəyişməyib.

Amma ekspertlər ümumi qiymət artımının yaxın gələcəkdə Aİ-92-nin də bahalaşmasına gətirib çıxaracağını düşünür.

2017-ci il yanvarın 13-də Aİ-95 Premium və Aİ 98 Super markalı benzininin qiyməti müvafiq olaraq 90 qəpikdən 1,05 manata və 95 qəpikdən 1,10 manata qaldırılmışdı.

İqtisad elmləri doktoru Qubad İbadoğlu hesab edir ki, idxal benzinin qiymətini artırmaqla yerli istehsalın bahalaşmasına zəmin yaradılır.

“Bu günkü bahalaşmadan sonra Azərbaycana idxal olunan premium markalı benzin 1 manat 15 qəpik , “Super” markalı benzin isə 1 manat 20 qəpik olub. Son artımdan sonra idxal olunan benzinin 1 litrinin pərakəndə satış qiyməti ilə yerli istehsal arasında fərq xeyli çoxalıb. Məsələn, super markalı idxal benzinin qiyməti yerli istehsal olan dizel yanacağınızı qiymətindən 2 dəfə, A-92 markalı benzinin qiymətindən isə 1,71 dəfə yüksəkdir. Eyni zamanda manatın ucuzlaşması davam etdikcə bu fərq daha da yüksələcək. Bu isə yaxın zamanlarda inhisarçı şirkət tərəfindən istehsal etdiyi məhsulun qiymətinin artırılmaq məqsədilə Tarif Şurasına müraciəti üçün yeni əsaslar yaradır. Çünki, inhisarçı şirkətin idxal benzinin bahalaşmasından sonra A-92 benzinə tələbatın artdığını əsas götürməklə, yerli istehsal olan A-92, Dizel, LPC markalı yanacağın qiymətini bahalaşdıracağı ehtimalı böyükdür. Bununla yanaşı, son günlər manatın ABŞ dollarına nisbətən sürətlə ucuzlaşması, yerli yanacaq istehsalının dollar ifadəsində cari qiymətlərinin qonşu ölkələrlə müqayisədə aşağı düşməsinə və onlar arasında fərqin artmasına şərait yaradır”, o facebook səhifəsində qeyd edib.

XS
SM
MD
LG