Accessibility links

Berlin - iki dünyanın taleyini yaşamış şəhər


Berlinə ilk dəfə məktəb yaşlarında səfər etdiyim zaman o, bölünmüş Almaniyanın paytaxtı idi. Mən yalnız Şərqi Berlinə səfər edə bilərdim, sovet blokuna daxil olan ölkələrin vətəndaşlarının Qərbi Berlinə daxil olmasına icazə verilmirdi. Berlinin qərb hissəsi paytaxtı Bonn olan Almaniya Federativ respublikasına daxil idi.

Berlin Alexanderplatz
Berlin Alexanderplatz

​Almaniyanın ən zəngin kolleksiyalara malik muzeyləri, möhtəşəm rəsm qalereyalarının böyük hissəsi şərqi Berlində idi. İkinci Dünya müharibəsinin son günləri müttəfiq qüvvələrin bombardmanları nəticəsində dağılmış Berlin kommunist blokun müasir nümunəvi şəhəri kimi tamamilə yenidən tikilmişdi.

Şəhərin hər yerindən görünən yüksək televiziya qülləsinin ucaldıldığı məşhur Aleksandrplatz meydanı kommunist Berlinin nailiyyətlərinin triumfu, sübutu olaraq göstərilirdi . Keçmiş Sovet İttifaqından gələn turistləri bu “möhtəşəm naliyyətləri” görmək üçün buraya gətirirdilər. Böyük qruplarla Almaniyaya gəln sovet turistləri Aleksanderplatz və Berlin divarının qarşısında şəkil çəkdirir, müharibə dövrünün “Katyuşa” mahnısını oxuyurdular.

Berlin Brandenburq qapıları önündə meydan
Berlin Brandenburq qapıları önündə meydan

Şərqi Berlinin sərhəddi Branderburq qapılarına qədər uzanırdı. Azad dünyanı qeyri- azad dünyadan ayıran Berlin divarı burada qoyulmuşdu. Branderburq qapılarının o biri tərəfi mənim kimi milyonlarla insan üçün bağlı idi; Qərbi Berlin və bölünmüş Almaniyanı ayıran sərhədlər buradan başlayırdı. Sovet dövrünün dissident tarixçisi olan atamın o zaman bizə Berlində tarixi mühazirə oxuyub, “Almaniya bir vaxt birləşəcək və almanlar yenə vahid dövlətdə yaşayacaqlar” deməsi uzaq bir xəyal kimi görünürdü.

Bu sözlər 30 ildən çox bir vaxt keçəndən sonra ötən ilin avqust ayında Berlinin küçələri ilə gəzdiyim zaman tez-tez yadıma düşürdü. Bir zamanlar Qərbi Şərqdən ayıran keçidlər indi dünyanın hər yerindən gəlmiş turistlərin məkanına çevrilib. Berlinin Amerikanın nəzarəti altında olan hissəsindəki Çarli keçidində və Brandenburq qapıları önündə indi turistləri sovet və Amerika silahlı qüvvələrinin hərbi formasını geymiş bələdçilər qarşılayır. Çarli keçidində yaradılmış muzeydəki foto-şəkillər və eksponatlarda bir şəhərin, bir ölkənin, bir xalqın, iki dünyanın tarixi əks etdirilir.

Keçmiş Çarli keçid məntəqəsi
Keçmiş Çarli keçid məntəqəsi

Kommunist blokuna daxil olan ölkələrin vətəndaşlarının Qərbə keçməsinə icazə verilməsə də, Qərbi Berlinin sakinləri, Qərbi Avropa və Amerika vətəndaşları rüsum ödəyib şəhərin müxtəlif yerlərində yoxlama məntqələrindən keçib Şərqi Berlinə daxil ola bilirdi.

Berlinlilərlə söhbətlərdə soyuq müharibə və birləşmə dövründən danışanda onlar ən çox bu keçidləri xatırlayır; “sənədlər yoxlanmadan Qərbdən Şərqə keçməyin ”qeyri-adiliyini dəfələrlə vurğulayırdılar. Qərbi Berlin sakinləri sərhədi keçəndən sonra Şərqi Almaniyanın infrastrukturunun Qərb ölkələrindən nə dərəcədə geri qaldığına heyrət etdiklərini yada salırdılar. Demək olar hər söhbətdə onlar təkrar-təkrar “amma əsas odur ki, Almaniya birləşdi, biz vahid Almaniyada yaşayırıq” sözlərini deyirdilər. Bu sözlərdə almanların birləşmədən sonra yaşanan problemlərlərlə bağlı qayğıları, Avropa Birliyində iqtisadi problemlərin əks-sədasının Avropanın iqtisadi cəhətdən ən güclü ölkəsi olan Almaniyaya da gəlib çata biləcəyi ilə bağlı narahatlıqları öz əksini tapır.

Keçmiş Çarli keçid məntəqəsi
Keçmiş Çarli keçid məntəqəsi

Vahid Almaniyanın paytaxtı olan Berlin üçün isə bu, şəhərdə gedən transformasiya, böyük dəyişikliklər deməkdir. Branderburq qapıları önündə meydandan başlayaraq şəhərin demək olar hər yerində nəhəng tikinti layihələri həyata keçirilir.

Şəhərin biznes və maliyyə mərkəzləri demək olar bütünlüklə əvvəlki Şərqə köçürülüb. Kommunist dövrünün sovet tipli binaları bir çox yerlərdə müasir hündür tikililərlə əhatə olunub. Çeşidli etnik Vyetnam restoranları və türk mağazalarına işarə edən gənc sakinlər və tələbələr “Şərqin daha kosmopolit ruha malik olduğunu” və “ucuzluğa görə” burada yaşamağa üstünlük verdiklərini deyir. Birləşmədən sonra vahid Almaniyada doğulub boya-başa çatan yeni nəsil üçün Berlin tarixin ən ağrılı dönəmini yaşayıb yenidən gəncliyinə qovuşan bir şəhərdir.

Berlin
Berlin

Berlinin bu transformasiyasının şahidi olmaq üçün şəhəri hər il milyonlarla turist ziyarət edir. Almaniyanın paytaxtı bu gün Avropada ən çox ziyarət edilən altı şəhərdən biridir.

Bir neçə il bundan əvvəl məşhur fransız ayaqqabı dizayneri Kristian Lobutindən Bakı haqda təəssüratlarını soruşanda o mənə “hər şəhərin öz nəğməsi var, Bakı nəğməkar şəhərdir” demişdi. Dünyada gözəl şəhərlər çoxdur və hər birinin öz taleyi və yəqin öz nəğməsi var. Ayrı-ayrı dünyalarda iki şəhərin taleyini yaşamış Berlin bu gün öz nəğməsini bir səslə oxuyur.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG