Accessibility links

Hüquq müdafiəçisinə 8 il həbs verilib [Video]


Bəxtiyar Məmmədov və vəkillər ittihamə qəbul etmir. O evləri sökülən sakinləri müdafiə etdiyi bir vaxtda fırıldaqçılıqda ittiham edilib

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə hüquqşünas Bəxtiyar Məmmədovun işi üzrə proses başa çatıb. İstintaq məlumatlarına görə, o, vitse-admiralı nüfuzdan salan sənədlər yaymaqla hədələyərək, Hərbi Dəniz Qüvvələri komandanından 18 min avro tələb etməkdə ittiham edilir. Ona qarşı Azərbaycan CM-in 182.3 (Güc tətbiq etməklə pul tələb etmək) və 178.1 (Fırıldaqçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Hökmü elan edən hakim xatırladıb ki, Məmmədov 13 avqust 2010-cu ildə fırıldaqçılığa görə şərti olaraq 7,5 il müddətinə mühakimə edilib. Hər iki cəzanı birləşdirən məhkəmə Məmmədovu 8 il müddətinə azadlıqdan məhrum edib.

Lakin Məmmədov və vəkilləri ittihamları qəbul etmir və onun Bayraq meydanı ətrafındakı evlərdə yaşayan 29 hərbi qulluqçu ailəsinin hüquqlarını müdafiə etdiyinə görə təqib olunduğunu bildirir. Eurovision mahnı müsabiqəsi ərəfəsində bu evlər sökülüb və hər bir ailəyə mənzil kirayəsi üçün cəmi 10 min manat ödənilib.
Məmmədovun məlumatına görə isə, bu məqsədlə hökumət 2 mln. manat ayırıb və bu vəsait hərbi-dəniz qüvvələrinin rəhbərliyi tərəfindən mənimsənilib.
Sakinlər təklif edilmiş kompensasiyadan imtina ediblər və Məmmədovdan hüquqlarının müdafiə olunmasında kömək istəyiblər. Lakin 2011-ci ilin sonlarında Məmmədov həbs edilib.

Bir sıra yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları hesab edirlər ki, Məmmədov məhz bu ifşalara görə təqib olunur.
XS
SM
MD
LG