Accessibility links

Ketrin Eşton: İnsan hüquqları Avropa Birliyinin əsas prinsiplərindəndir


Ketrin Eşton

Ketrin Eşton

Avropa Birliyi dünyadakı bütün insanların hüquqlarına hörmət etməyə və onların müdafiəsini qəti şəkildə təşviq etməyə davam edir

Aropa Birliyinin xaric siyasət idarəsinin rəhbəri Ketrin Eşton (Catherine Ashton) 10 dekabr - İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb.

“Bu il 1993-cü ildə Vyanada insan hüquqları üzrə keçirilmiş beynəlxalq konfransın 20-ci ildönümüdür”, deyə Ketrin Eşton xatırladıb.

O bildirib ki, Vyana Bəyanatı və Fəaliyyət Proqramında bütün insan hüquqlarının universallığı təsdiq edilib. Onların təşviqi və müdafiəsində tarixi tərəqqi əldə edilib. Bu, Avropa Birliyi üçün ilham mənbəyi olmaqda davam edir.

“İnsan hüquqları Avropa Birliyinin əsas prinsiplərindəndir. Biz bütün dünyada insan hüquqlarının qorunması naminə Ali Komissar Navi Pillayın şəxsi töhfəsinə və idarəsinin gördüyü nəhəng işə görə onu təbrik edirik”, sənəddə qeyd olunur.

Bəyanatda deyilir ki, bir il əvvəl Avropa Birliyi İnsan Hüquqları və Demokratiya üzrə Strategiya Çərçivəsi və Fəaliyyət Planını qəbul edib. İnsan Hüquqları üzrə ilk Xüsusi Nümayəndəsini - Stavros Lambrinidisi təyin edib.

“O vaxtdan etibarən insan hüquqları və demokratiyanın Avropa Birliyinin xarici fəaliyyətində mərkəzi məsələ olmasına diqqət ayırmışıq. Biz, əqidə və ya inam, lesbiyan, gey, biseksual, transgender və interseks insanların hüquqlarının istifadəsi haqda yeni Avropa Birliyi Təlimatları qəbul etmişik. Bütün dünyada ölüm cəzasına qadağa qoymaq üçün uzun müddət kampaniya aparmışıq”.

Avropa Birliyi dünyadakı bütün insanların hüquqlarına hörmət etməyə və onların müdafiəsini qəti şəkildə təşviq etməyə davam edir.

“Biz, bir çox ölkələrdə media və insan hüquqları müdafiəçilərinin hədə-qorxu, zorakılıq və senzuraya məruz qalması hallarının artmasından narahatıq. Bu gün bütün düşüncələrimiz insan hüquqlarını müdafiə etdikləri üçün təqibə məruz qalan şəxslərlədir. Avropa Birliyi insan hüquqları və demokratiyaya və onları müdafiə edən tərəflərə öz mətin yardımını təklif etməyə davam edir”.
XS
SM
MD
LG